Heydər Əliyev Fondunun
xeyriyyə aksiyası çərçivəsində
Gürcüstanda olmuş bir qrup azərbaycanlı
uşaq Bakıya qayıtmışdır
Xəbər verdiyimiz kimi, xüsusi qayğıya ehtiyacı olan bir qrup azərbaycanlı və gürcü uşaqlar üçün sentyabrın 1-dən 11-dək xeyriyyə aksiyası keçirilmişdir.
AzərTAc xəbər verir ki, avqustun 31-də Bakı dəmir yolu vağzalından Gürcüstana yola salınan 17 azərbaycanlı uşaq və onları müşayiət edən şəxslər sentyabrın 11-də ölkəmizə qayıtmışlar.
Azərbaycanlı uşaqlar və onları müşayiət edən şəxslər on gün Gürcüstanda səfərdə olmuşlar. Gürcü nümayəndə heyəti isə öz növbəsində 16 nəfərlik heyətlə bu müddət ərzində Azərbaycanda qonaq olmuşdur.
Gürcüstanda səfərdə olan həmyerlilərimiz İncəsənət Muzeyinə, açıq hava altında Etnoqrafiya Muzeyinə, müxtəlif əyləncə parklarına və Tbilisi ilə yanaşı, digər şəhərlərə də səfərlər etmişlər.
Əllərində Azərbaycanın və Gürcüstanın bayraqlarını dalğalandıran uşaqlar və onları müşayiət edən şəxslər AzərTAc-a bildirmişlər ki, Gürcüstanda yüksək səviyyədə qarşılandıq. Gürcüstanın Tbilisi, Batumi və digər böyük şəhərlərində istirahət etdik. Uşaqların gəzintisi və əylənməsi, dincəlməsi üçün hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Bu aksiya yüksək səviyyədə başa çatmışdır. Biz bu xoşniyyətli aksiyada iştirakımızdan çox məmnunuq. Xüsusi qayğıya ehtiyacı olan uşaq evlərinin sakinləri üçün yüksək səviyyədə təşkil olunan bu aksiyaya görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsa minnətdarlığımızı bildiririk.
Səfər
proqramı çərçivəsində, həmçinin
gürcü nümayəndə heyəti Heydər Əliyev
Fondunu ziyarət etmiş, Beynəlxalq Muğam Mərkəzində,
Müasir İncəsənət Muzeyində, Milli Azərbaycan
Tarixi Muzeyində, Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda
olmuşlar.
Xeyriyyə aksiyasının növbəti günlərində qonaqlar Qəbələ rayonuna səfər etmişlər. Uşaqların vaxtlarının maraqlı keçməsi üçün burada onlar Qəbələdə əyləncə parkı, piano zavodu və rayonun bir sıra digər görməli yerləri ilə tanış olmuşlar.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bu xeyriyyə aksiyası Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun təşəbbüsü ilə artıq ikinci ildir ki, həyata keçirilir.
Səfər zamanı nümayəndə
heyətinin bütün xərcləri Heydər Əliyev Fondu
tərəfindən ödənilmişdir.
Azərbaycan.-2012.-
12 sentyabr.- S. 11.