Prezident İlham Əliyev və Baş
nazir Rəcəb Tayyib
Ərdoğan Şəki Xan sarayı ilə tanış
olmuşlar
Prezident
İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş
nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə
Ərdoğan sentyabrın 12-də Şəki Xan sarayı ilə
tanış olmuşlar.
Mehriban xanım Əliyevaya və Əminə
xanım Ərdoğana gül dəstələri təqdim
olundu.
Sarayla tanışlıq zamanı məlumat
verildi ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi
şəhərin yuxarı hissəsində, "Yuxarı
baş" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir.
Şərq memarlığının nadir incisi hesab olunan bu
saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını
qoyan Hacı Çələbi xanın nəvəsi,
"Müştaq" təxəllüsü ilə şeirlər
yazan Hüseyn xanın dövründə, təqribən
1762-ci ildə tikilmişdir. İnşaat texnologiyasına
görə Xan sarayının dünyada bənzəri yoxdur.
Tikinti zamanı mismar və yapışqandan istifadə
olunmamışdır. Hər kvadratmetr şəbəkə
bir-birinə geydirilən 5 min hissədən ibarətdir. Saray
1300 metr uzunluğunda qala divarları ilə əhatə
olunmuşdur. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli
sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan
vardır. Sarayda xalq təsviri sənətinin bir çox
növləri, xüsusilə XVIII-XIX əsrlərə aid
maraqlı divar rəsmləri diqqəti cəlb edir. Bu rəsmlər
əsasən həndəsi, nəbati, habelə süjetli və
quşların təsviri həkk olunmuş naxışlardan
ibarətdir. Sarayın ikinci mərtəbəsinin
divarlarında təsvir olunan döyüş və ov səhnələri
xüsusilə maraq doğurur. Şəki Xan sarayı indiyədək
beş dəfə əsaslı bərpa edilmişdir.
Diqqətə çatdırıldı
ki, bu il iyulun 4-də Şəki şəhərində Şərq
memarlığının ən nadir incilərindən hesab
edilən Xan sarayının 250 illik yubileyi böyük təntənə
ilə qeyd olunmuşdur.
Azərbaycan Prezidenti və Türkiyənin
Baş naziri sarayın eyvanından Şəkinin qədim məhəllələrini
seyr etdilər.
Şəki Xan sarayının önündə
xatirə şəkli çəkdirildi.
Baş nazir Rəcəb Tayyib Ərdoğana
və xanımına Xan sarayının 250 illik yubileyi
münasibətilə hazırlanmış gümüş
sikkələr hədiyyə edildi.
Prezident İlham Əliyevə,
xanımına və Baş nazir Rəcəb Tayyib Ərdoğana,
xanımına sarayın 250 illik yubileyi münasibətilə
nəfis tərtibatda nəşr edilmiş kitablar təqdim
olundu.
Dövlət başçısı,
xanımı və Türkiyənin Baş naziri, xanımı
kitabları imzalayaraq bir-birinə təqdim etdilər.
Prezident İlham Əliyev və Baş
nazir Rəcəb Tayyib Ərdoğan Şəkinin qədim sənətkarlıq
nümunələrinə baxdılar.
Burada qonaqlara üzərində
maraqlı rəsmlər həkk olunmuş daş nümunələr
hədiyyə olundu.
Azərbaycan Prezidenti və Türkiyənin
Baş naziri Şəki sakinləri ilə
görüşüb söhbət etdilər.
AzərTAc
Azərbaycan.-2012.-
13 sentyabr.- S. 1.