Şəkidə Cümə məscidi ilə tanışlıq

 

 Sentyabrın 12-də Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə baş çəkmişlər.

Türkiyənin Baş nazirinə xatirə hədiyyəsi verildi.

Prezident İlham Əliyevə və Baş nazir Rəcəb Tayyib Ərdoğana Qurani-Kərim hədiyyə olundu.

Türkiyənin Baş naziri isə Qurani-Kərimin türkcəyə tərcümə olunmuş variantını məscidə bağışladı.

Azərbaycan Prezidentinə və Türkiyə Baş nazirinə Cümə məscidi və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsi barədə məlumat verildi. Mədrəsədə həm yerli, həm də Türkiyədən dəvət olunmuş müəllimlər dərs deyirlər. Azərbaycanda yeganə hafiz məktəbi bu mədrəsədədir. Burada tələbələrə Quranla yanaşı, ərəb dili və kompyuter texnologiyaları da öyrədilir.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan mədrəsənin tələbələri ilə görüşüb söhbət etdilər, xatirə şəkli çəkdirdilər.

Sonra məscidlə tanışlıq oldu. Məlumat verildi ki, şəhərin mərkəzində yerləşən Cümə məscidinin həyətyanı sahəsi 700 kvadratmetrdir. Məscidin tikintisində yerli inşaat materiallarından - çaylaq daşı və bişmiş kərpicdən istifadə edilmişdir. Minarəsinin hündürlüyü 24 metr olan məscidin taxtadan düzəldilmiş on pilləli minbəri şəbəkə ilə işlənmişdir. İbadət zalının üç giriş qapısı və 44 pəncərəsi vardır. Hündürlüyü iki metr olan mehrab nəbati ornamentlərlə işlənmişdir. İkinci mərtəbədə isə qadınlar üçün ibadət zalı fəaliyyət göstərir.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 13 sentyabr.- S. 1.