Şəkinin
Kiş kəndindəki Alban
məbədini ziyarət
Sentyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev
və xanımı Mehriban Əliyeva,
Türkiyənin Baş naziri
Rəcəb Tayyib Ərdoğan və
xanımı Əminə Ərdoğan Şəkinin Kiş kəndindəki Alban
məbədi ilə tanış olmuşlar.
Məlumat
verildi ki, bu məbəd eramızın birinci
əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin
özülü üzərində qurulmuşdur. Əhəng daşından tikilən
bu abidə erkən orta
əsrlərdə yaranan ilk
günbəzli, zal tipli
məbəddir. 2001-ci ildə abidədə "Kiş" layihəsi üzrə bərpa işlərinə
başlanılmış, 2003-cü ilin
sentyabrında məbədin açılışı olmuşdur. Layihə məşhur norveçli alim və səyyah
Tur Heyerdalın dəstəyi ilə həyata
keçirilmişdir.
Bildirildi ki, Kiş kəndinin Maflar məhəlləsində
yerləşən məbədin ərazisini əhatə edən
divarların qalıqları bəzi yerlərdə indi də qalmaqdadır. Bu
divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi
boyda bir əraziyə
malik olduğunu
göstərir. Məbədin həyətində uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı tava daş vardır. Bu tarixi abidənin qülləsi, ona
bitişik divarlar yerli materialla -
şırım daşla hörülmüş
və kirəclə suvanmışdır.
Diqqətə
çatdırıldı ki, 1981-ci ildə
Azərbaycan Milli Elmlər
Akademiyasının Tarix İnstitutu
tərəfindən aparılan arxeoloji
qazıntı məbədin bünövrəsinin kasa şəklində olduğunu
sübut etmişdir. Misir ehramları da məhz
bu cür
bünövrə üzərində qurulmuşdur.
Qeyd edildi ki, Kiş məbədi nəinki
Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən
iki min il
bundan əvvəl xristianlığın
yayıldığını rəmzləşdirən məşhur
tarixi abidədir. Hazırda məbəd
tarixi-memarlıq abidəsi kimi dövlət
tərəfindən qorunur.
Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə
Ərdoğan məbədin ilkin orta əsrlərə aid sərdabalarına
baxdılar.
Azərbaycan Prezidenti İlham Əliyev,
xanımı və Türkiyənin Baş
naziri Rəcəb Tayyib
Ərdoğan, xanımı məbədi gəzdikdən sonra Kiş kənd sakini İsmayıl İlyasovun
həyətinə gəldilər.
Qonaqlar İlyasovlar
ailəsinin üzvləri ilə söhbət etdilər.
Evin sakinləri Azərbaycan dövlətinin
başçısının və Türkiyənin Baş nazirinin
xanımları ilə birlikdə gəlişindən sonsuz sevinc hissi
keçirdiklərini bildirdilər.
Daha sonra söhbət
İlyas və Ənvər Süleymanov qardaşlarının
qonşuluqdakı həyətində davam
etdirildi.
Ev sakinləri qonaqlarla xatirə şəkli
çəkdirdilər.
AzərTAc
Azərbaycan.-2012.-
13 sentyabr.- S. 1.