Yuxarı və Aşağı karvansaraylar Şəkinin qədimlik rəmzləridir

 

 Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan sentyabrın 12-də Şəkidə XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olmuşlar.

Məlumat verildi ki, Şəki sənətkarlıq və ticarət şəhəri olduğundan XVIII-XIX əsrlərdə burada çoxlu sayda bazarkarvansaraylar tikilmişdi. Azərbaycana gələn tacir və səyyahların qaldıqları və əsasən ticarətlə məşğul olduqları bu karvansaraylar şəhər həyatında mühüm rol oynayırdı. Karvansaraylar həm də ticarət sazişlərinin bağlanılması üçün xüsusi yer hesab olunurdu. Əvvəllər Şəkidə beş karvansaray binası mövcud olmuşdur. Onlardan yalnız ikisi - Yuxarı və Aşağı karvansaraylar indiyədək qalmışdır.

Ümumi sahəsi altı min kvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300-dən artıq otaq və zirzəmidən ibarətdir. Yuxarı Karvansaray öz ölçüləri və həcminə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansaraylardan hesab edilir. Bu karvansaraya bir qayda olaraq Türkiyə, Rusiyaİrandan tacirlər gəlmiş, burada uzun müddət ticarətlə məşğul olmuşlar. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Karvansarayın əsas fasadı çaya baxır. Əsas girişin zəngin naxışlarla işləməli arxitekturası insanı valeh edir.

 

Sonra Yuxarı Karvansaray mehmanxana kompleksinin həyətində xatirə şəkli çəkdirildi.

 

*  *  *

 

Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan birgə nahar etdilər.

 

*  *  *

 

Sonra Azərbaycan Prezidenti, xanımı və Türkiyənin Baş naziri, xanımı Şəkidəki Aşağı Karvansaray məhəlləsini gəzdilər.

Qonaqlar məhəllədəki müxtəlif sənət növləri nümunələrinin cəmləndiyi mağazalara baxdılar.

Yerli sənətkarlar tərəfindən hazırlanan müxtəlif hədiyyəlik əşyalar qonaqlara təqdim olundu, xüsusilə Şəki ipəyindən hazırlanan geyim əşyaları daha çox maraqla qarşılandı.

Bildirildi ki, Şəki tarix boyu öz sənətkarları ilə məşhur olmuşdur. Bu günbu qədim el ənənələrinin yaşadılmasına böyük diqqət göstərilir, onlar nəsildən-nəslə ötürülür.

Qonaqlara Şəki şirniyyatları da təqdim edildi.

Sonra Türkiyənin Baş nazirinə və xanımına Aşağı Karvansarayın bərpadan əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostend göstərildi.

Məlumat verildi ki, Aşağı Karvansaray da Yaxın Şərqdə bu qəbildən ən böyük tikililərdən biridir. Hazırda kompleksdə əsaslı təmir və bərpa işləri görülür. Bu, dövlətimizin tarixi keçmişimizin qorunmasına olan həssas münasibətindən qaynaqlanır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq vardır. Burada tacirlərin mallarını saxlaması, alver etmələri, rahat yaşamaları üçün hər cür şərait olmuşdur. Aşağı Karvansaray özündə Şərq memarlıq üslubunu qoruyub saxlaya bilmişdir.

Diqqətə çatdırıldı ki, Aşağı Karvansaray funksional xüsusiyyətlərinə görə başqalarından seçilir. Böyüklüyü, rahatlığı, səfalı bir məkanda yerləşməsinə görə Cənubi Qafqazda tayı-bərabəri yoxdur. Tikintidə Şəki memarlığının əsasını təşkil edən bişmiş kərpicdən, çay daşından, kirəmitdən və digər yerli materiallardan məharətlə istifadə olunması binaya xüsusi gözəllik verir. Burada tağbəndlərdən istifadə edilməsi bu gözəlliyi daha da artırır. Yolüstü karvansaraylardan fərqli olaraq burada istirahət otaqları ilə yanaşı, müxtəlif görüşlərin keçirilməsi, müqavilələrin bağlanması və sair üçün xüsusi otaqlar da inşa edilmişdir.

Bildirildi ki, Aşağı Karvansarayın dörd tərəfdən giriş qapısı vardır. Bu qapılar bağlandıqda karvansaray alınmaz qalaya çevrilir ki, bu da Şəki sənətkarlarının yüksək dünyagörüşünə və memarlıq bacarığına malik olduqlarını göstərir.

Karvansaray kompleksi ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Şəki ilə tanışlıq zamanı ali qonaqlar sakinlərlə görüşdülər.

 

*  *  *

 

Sentyabrın 12-də respublikanın şimal-qərb bölgəsinə səfərini başa çatdıran Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıya qayıtdılar.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 13 sentyabr.- S. 2.