Bakı şəhəri dünyanın mərkəzinə çevrilir

 

Bu fikirləri Prezident İlham Əliyev paytaxtımızda beşulduzlu "Four Seasons Hotel Baku"nun açılışında bildirib

 

 Mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Turizmin inkişafına dair dövlət proqramlarının həyata keçirilməsi nəticəsində bu sahənin dinamik inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir.

Hazırda turizm dünyada sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm sektorunda və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur.

Ölkəmizdə turistləri yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. Turizm sahəsində çalışanların peşə hazırlığının artırılması məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu yaradılmış, onun nəzdində müxtəlif peşələr üzrə daimi fəaliyyət göstərən kurslar açılmışdır. Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilməkdədir. Aparılan kompleks işlərin nəticəsi olaraq Azərbaycana gələn turistlərin sayı ilbəil artır, respublikamızda fəaliyyət göstərən turizm şirkətlər şəbəkəsi genişlənir.

Ötən müddətdə Azərbaycan milli mədəniyyətinin və turizm potensialının beynəlxalq aləmdə tanıdılması, ölkəmizin dünyanın mədəniyyət və turizm məkanına geniş inteqrasiya olunması, milli mədəni irsimizin, dəyər və sərvətlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılması istiqamətində müəyyən nəticələrə nail olunmuşdur. Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası, təbliği istiqamətlərində görülən işlərin davamı olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı təsdiq edilmişdir.

Turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi nailiyyətlər bu vəzifənin yeni imkanlara adekvat səviyyədə yerinə yetirilməsinə şərait yaradır. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizm problemlərinin həlli və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin olunmasına xidmət edir. Dövlət proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsinin təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün aşağıdakı əsas vəzifələrin həlli nəzərdə tutulur: Azərbaycanın tarixi, mədəni və mənəvi irsinin, adət-ənənələrinin dünyada təbliği, ayrı-ayrı regionların və şəhərlərin tarixini əks etdirən materialların nəşr etdirilməsi və yayılması, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi; ölkədə turizm infrastrukturunun yüksək beynəlxalq tələblər səviyyəsində qurulmasına istiqamətlənmiş məqsədyönlü fəaliyyətin həyata keçirilməsi; turizm sahəsində normativ-hüquqi bazanın və dövlət tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi; mehmanxanaların və digər turizm xidməti müəssisələri şəbəkəsinin genişləndirilməsi.

Azərbaycan Respublikasında turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması zərurətini, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin, eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasını təmin etmək məqsədi ilə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan edilməsi də bu baxımdan diqqəti çəkən məsələ olmuşdur. Ölkə başçısının "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında sərəncam imzalaması qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsini təsdiqlədi.

Bakıda beşulduzlu hotel komplekslərinin açılışı qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirildiyinə əyani sübutdur. Dünya standartlarına cavab verən hotel komplekslərinin istifadəyə verilməsi ölkəmizin qüdrətindən xəbər verir. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına olan diqqət və qayğı respublikamızda turizmin inkişafını  sürətləndirmişdir. Əldə olunan nəticələr ölkəmizdə hotel biznesinin genişləndirilməsini və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını zəruri edir.

Bu günlərdə Bakıda daha bir beşulduzlu hotel - "Four Seasons Hotel Baku"nun açılışı oldu. Klassik müasir dizaynı ilə seçilən bu kompleksdə beynəlxalq milli memarlıq üslubu peşəkarlıqla uzlaşdırılmışdır. "Four Seasons" özünün yeni incisi - "Four Seasons Hotel Baku"nu Xəzər dənizinin sahilində, ekoloji təmiz zonada turistlərin ixtiyarına verir. Yeni istifadəyə verilən hotelin orijinallığını artıran daha çox diqqəti cəlb edən amillərdən biri dizayn zamanı milliliyin diqqətdə saxlanılmasıdır. Hotelin bütün zallarına toplantı otaqlarına ecazkar Azərbaycan muğamlarının adı verilmişdir. Burada "Segah" adlı 500 nəfərlik böyük ziyafət zalı yaradılmışdır. Bu zalda xüsusi mərasimlər digər əlamətdar tədbirlər keçirmək mümkündür. Belə mərasimlərin keçirilməsi üçün həcmcə daha kiçik bir zal - 390 nəfərlik "Rast" zalı da istifadəyə verilmişdir. Hotelin "Şur", "Çahargah", "Bayatı-Şiraz", "Humayun", "Şüştər" otaqlarında müxtəlif işgüzar görüşlərin keçirilməsi üçün bütün şərait yaradılmışdır. "Four Seasons" hotellər şəbəkəsinin dünyada sayca 90-cı hoteli "Four Seasons Hotel Baku" 27 lüks yüksəksəviyyəli qonaqlar üçün nəzərdə tutulan iki nömrə daxil olmaqla ümumilikdə 171 geniş otaqdan ibarətdir. Son dəbdə yaradılan hotelin fəaliyyətə başlaması ümumilikdə 350-yə yaxın yeni yerinin açılması deməkdir.

Prezident İlham Əliyev Bakıda beşulduzlu "Four Seasons Hotel Baku"nun açılışında bildirib: "Mən çox şadam ki, belə möhtəşəm memarlıq sənət əsəri Bakıdadır, Azərbaycandadır. Azərbaycan buna layiqdir. Bakıya gələn qonaqlar şəhərin gözəlliyi ilə tanış olacaq, eyni zamanda bu gözəl hoteldə istirahət edəcəklər.

Ölkəmizdə hotellərin sayı getdikcə artır. Azərbaycanda son bir il ərzində bir neçə dünya şöhrətli hotellər şəbəkəsi açılmışdır. Onların sadəcə sadalanması onu göstərir ki, doğrudan da Bakı dünyanın mərkəzinə çevrilir. Son bir il, ya bir il yarım ərzində "Kempinski", "Hilton", "Sheraton", "Marriott", "Jumeirah" nəhayət, "Four Seasons" hotellərinin açılması, növbəti aylarda "Fairmont" hotelinin açılışı Azərbaycanın nəinki turizm potensialını, ümumiyyətlə potensialını göstərir. Çünki mən başqa belə şəhər tanımıram ki, qısa müddət ərzində dünyanın aparıcı hotelləri burada öz hotellərini açsınlar. Bu, Azərbaycana olan inamın təzahürüdür. İnvestorların Azərbaycanın bugününə, gələcəyinə olan inamının təzahürüdür. Şəhərimizin sürətlə inkişaf etməsinin təzahürüdür".

 Prezident İlham Əliyev ötən 9 ildə Bakı şəhərinin milli üslubda inkişaf etməsi, təmizliyi, gözəlliyi, müasirliyi ilə göz oxşaması üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Bu illərdə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret ünvanlı olması ilə diqqət çəkir. Ölkə başçısının yeni dövrün tələblərinə uyğun olaraq Bakı şəhərinin onun qəsəbələrinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konkret vəzifələr müəyyənləşdirməsi qarşıdakı dövrdə daha böyük nəticələrin əldə olunacağına əminlik yaradır.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2012.- 13 sentyabr.- S.2.