Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşmüşdür

 

 Sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşmüşdür.

Həştərxan vilayətinin qubernatoru demişdir ki, Azərbaycan ilə Həştərxan arasında əlaqələr Azərbaycan ilə Rusiya arasında mövcud olan strateji və dostluq münasibətlərinin göstəricisidir. Qubernator demişdir: "Həştərxandakı Azərbaycan diasporu vilayətin ən böyük və ən fəal diasporlarından biridir. Çox xoşdur ki, azərbaycanlılar bir çox sahələrdə, o cümlədən rəhbər vəzifələrdə fəaliyyət göstərirlər".

A.Jilkin vurğulamışdır ki, əməkdaşlığın inkişafı üçün Heydər Əliyev Fondu xeyli iş görmüşdür. O demişdir: "Dövlətlərimizin başçıları arasında dostluq münasibətləri ilə şərtlənən əlaqələrimizin səviyyəsini nümayiş etdirən bir çox layihələr həyata keçirilmişdir".

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bildirmişdir ki, bu il fondun Rusiya nümayəndəliyinin yaradılmasının beşinci ili tamam olur. Leyla Əliyeva demişdir: "Fondun ilk nümayəndəliklərindən biri Rusiyada açılmışdır. Ötən dövr ərzində fond çoxlu layihələr həyata keçirmişdir. Biz şadıq ki, Həştərxanda da fond xeyli layihə reallaşdırmışdır. Azərbaycan ilə Rusiya arasında münasibətlər uzun illər dostluq və mehriban qonşuluq əlaqələri əsasında qurulmuşdur. Məhz bu layihələr sayəsində dostluq əlaqələri daha da möhkəmlənəcəkdir".

Leyla xanım Əliyeva bildirmişdir ki, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının ən fəal qruplarından biri Həştərxandadır.

Heydər Əliyev Fondunun vitse-prezidenti bildirmişdir ki, Rusiya nümayəndəliyi ətraf mühitin mühafizəsinə dair IDEA layihəsini həyata keçirməyi planlaşdırır. Eyni zamanda, Həştərxan məktəbliləri arasında təbiəti mühafizə mövzusunda inşa müsabiqəsi keçirmək nəzərdə tutulmuşdur.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 13 sentyabr.- S.3.