Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva RAGT-nin Həştərxan vilayətindəki regional bölməsinin üzvləri ilə görüşmüşdür

 

 Sentyabrın 12-də Həştərxanda Heydər Əliyev adına 11 nömrəli orta məktəbdə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla xanım Əliyeva qurumun Həştərxan bölməsinin üzvləri ilə görüşmüşdür.

Əvvəlcə Leyla Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə əsaslı təmir edilmiş məktəbin binası ilə tanış olmuşdur. Yenidənqurma işləri zamanı iki yeni korpus tikilmiş, yeni mebel gətirilmiş, sinif otaqları ən müasir avadanlıqla təchiz edilmişdir.

Leyla Əliyeva sinif otaqlarını gözdən keçirərək şagirdlər üçün yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, hazırda məktəbdə 650 şagird təhsil alır. Bu şagirdlərin 32-si azərbaycanlıdır. Məktəbdə 20 sinif otağı vardır. Burada 42 müəllim işləyir.

 Leyla xanım Əliyeva görüşdə çıxış edərək bildirmişdir ki, RAGT- nin Həştərxan bölməsi ən fəal regional bölmələrdən biridir. O vurğulamışdır ki, RAGT Həştərxanda çoxlu layihə, o cümlədən təhsil sahəsində layihələr həyata keçirmişdir. Leyla xanım Əliyeva demişdir: "RAGT, demək olar, beş ildir mövcuddur. Məqsədimiz Rusiyada yaşayan azərbaycanlı gəncləri bir araya gətirməkdir. Bu gün RAGT-nin 60-dan çox regional bölməsi vardır".

RAGT-nin regional bölmələrinin Azərbaycanın milli bayramlarını qeyd etdiklərini, ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki ədalətli mövqeyini təbliğ etdiklərini, respublikamızın həqiqətlərini yaydıqlarını bildirən Leyla xanım Əliyeva vurğulamışdır: "Biz inanırıq ki, münaqişə tezliklə öz ədalətli həllini tapacaqdır, bütün qaçqınlar və məcburi köçkünlər öz torpaqlarına qayıdacaqlar".

RAGT-nin sədri qeyd etmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda "IDEA" adlı beynəlxalq kampaniya başlanmışdır. Ötən dövrdə bu kampaniya çərçivəsində çoxlu maraqlı layihə həyata keçirilmiş, təxminən 60 min ağac əkilmiş, konfranslar, seminarlar keçirilmişdir. Çıxışının sonunda Leyla Əliyeva demişdir: "Mən sizi bu hərəkata fəal qoşulmağaöz təkliflərinizi bölüşməyə dəvət edirəm".

Təşkilatın Həştərxan regional bölməsinin sədri Elvin Hüseynov bu görüşə görə vilayətin azərbaycanlı gəncləri adından Leyla xanım Əliyevaya minnətdarlığını bildirərək demişdir ki, RAGT-nin Həştərxan vilayətindəki bölməsi öz sıralarında regionun ictimai-siyasi həyatında fəal iştirak edən 350-dən çox gənci birləşdirir. E.Hüseynov vurğulamışdır ki, Həştərxan Vilayət Administrasiyası 2010-2011-ci illərin yekunlarına görə şəhərin gənclər təşkilatları arasında ən yüksək qiyməti məhz RAGT-nin regional bölməsinə vermişdir.

Sonra Leyla xanım Əliyeva tədbir iştirakçılarının və RAGT-nin üzvlərinin suallarını cavablandırmışdır.

Sonda xatirə şəkli çəkdirilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 13 sentyabr.- S.3.