Beynəlxalq konfrans kibernetika və informatikanın problemlərinə
həsr olunmuşdur
Sentyabrın 12-də Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Rəyasət
Heyətinin binasında "Kibernetika və informatika problemləri" mövzusunda
dördüncü Beynəlxalq
konfrans (PCI`2012) işə
başlamışdır.
Konfrans Azərbaycan
Milli Elmlər Akademiyası, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri, Kibernetika və İnformasiya Texnologiyaları
üzrə Problem Şurası,
AMEA Kibernetika İnstitutu,
AMEA İnformasiya Texnologiyaları
İnstitutu, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti (BDU), Azərbaycan
Dövlət Neft Akademiyası, Azərbaycan
Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti və BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun
təşkilatçılığı ilə keçirilir. Tədbirin texniki sponsoru IEEE (Elektrik və Elektronika Mühəndisləri
İnstitutu) Kompyuter Cəmiyyətinin regional şöbəsidir.
PCI`2012 konfransına maliyyə
dəstəyi
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi və AMEA İnformasiya Texnologiyaları
İnstitutu tərəfindən
həyata keçirilir.
Əvvəlcə tədbir iştirakçıları
ümummilli lider Heydər Əliyevin foyedəki büstü önünə tər çiçək dəstələri
düzmüş, ulu öndərin xatirəsini
ehtiramla yad etmişlər.
Tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, hazırda respublikada kibernetika və informatika problemləri istiqamətində yüksək
səviyyədə elmi-tədqiqat
işləri aparılır.
Son illər alimlərimiz
bu sahələr üzrə yeni elmi problemlər üzərində çalışır
və çox mühüm nəticələr
əldə edirlər.
Seysmologiya, stoxastik analiz, hesablama riyaziyyatı, Cloud-computing texnologiyalarının
tətbiqi, "elektron
hökumət"in formalaşması
və s. istiqamətlərdə
mövcud problemlərin
həlli ilə bağlı olduqca yeni metodlar, modellər irəli sürülmüşdür.
Qeyd olunmuşdur ki,
kibernetika və informatika sahəsində elmi nailiyyətlərin təbliği, bilik və təcrübə mübadiləsinin aparılması
baxımından mühüm
əhəmiyyət kəsb
edən bu tədbir ilk dəfə Bakıda 2006-cı ildə
keçirilmişdir. Müntəzəm olaraq 2 ildən bir keçirilən konfransda Azərbaycanın kibernetika
və informatika problemləri ilə məşğul olan əsas elmi-tədqiqat qurumları və universitetlərinin nümayəndələri
ilə yanaşı, Türkiyə, ABŞ, Rusiya,
İtaliya, Koreya Respublikası, İran, Gürcüstan, Belarus və
digər ölkələrdən
40-a yaxın alim və mütəxəssis
iştirak edir. Konfransa ümumilikdə 250-yə yaxın
məruzə təqdim
olunmuşdur. IEEE tərəfindən
seçilən məqalələr "IEEE Xplore"
rəqəmsal kitabxanasına
daxil ediləcəkdir.
Akademik M.Kərimov konfransın
aktuallığını və
əhəmiyyətini qeyd
etmiş, onun işinə uğurlar arzulamışdır.
Rabitə və informasiya
texnologiyaları nazirinin
müavini Elmir Vəlizadə ölkəmizdə
informasiya-kommunikasiya texnologiyalarının
(İKT) inkişafı istiqamətində
görülən işlərdən
danışmışdır. Bildirmişdir ki, AMEA-nın institutlarında və ali
təhsil müəssisələrindəki
kadr potensialı bu işlərin həyata keçirilməsində
yaxından iştirak edir. Lakin bu işlərin
davamlı olması üçün yeni kadrların yetişdirilməsi
vacibdir. Bu istiqamətdə mühüm
addımların atıldığını,
xüsusi dövlət
proqramının həyata
keçirildiyini vurğulayan
E.Vəlizadə demişdir
ki, həmin proqramda İKT prioritet sahələrdən biri kimi qeyd olunmuşdur
və bu sahəyə ölkəmizdə
xüsusi diqqət yetirilir.
Nazir müavini
bildirmişdir ki, təmsil etdiyi qurum imkanları
çərçivəsində kadr potensialının hazırlanmasını həyata
keçirir. Bütün bunlar bilavasitə
innovativ fəaliyyətin
təmin olunmasına xidmət edir. Bu istiqamətdə elmlə istehsalatın, elmlə dövlət orqanlarının və təhsil sahəsinin sıx əməkdaşlığının
yaradılması vacib
məsələlərdəndir.
E.Vəlizadə əminliklə bildirmişdir
ki, "PCI`2012" konfransı
geniş fikir, bilik və təcrübə
mübadiləsinin aparılmasına,
kibernetika və informasiya texnologiyaları elminin
inkişafına, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranmasına,
o cümlədən əməkdaşlıq
əlaqələrinin davamlı
inkişafına təkan
verəcəkdir. Bu isə, öz növbəsində, kibernetika
və informatika sahəsində innovativ inkişafın əldə
olunması baxımından
mühüm şərtdir.
Konfransda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi
akademik Akif Hacıyev, IEEE-nin regional nümayəndəsi Mehmet
Haseki, Rusiyada nəşr olunan "İnformasiya texnologiyaları"
jurnalının
baş redaktoru Nikolay Filimonov, Kibernetika və İnformasiya Texnologiyaları
üzrə Problem Şurasının
sədri akademik İsmayıl İbrahimov çıxış edərək
bildirmişlər ki, kibernetika və informatikanın əsas problemləri həll edilmədən bu sahədə innovativ inkişafa nail olmaq qeyri-mümkündür. Hazırda ölkəmizdə
kibernetika və informatika problemləri istiqamətində yüksək
səviyyədə elmi-tədqiqat
işlərinin aparıldığı,
bu cür konfransların keçirilməsinin
beynəlxalq əlaqələrin
möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilmişdir. Natiqlər
"PCI`2012"-nin Azərbaycanda elmi-texniki sahənin inkişafına
böyük töhfə
verəcəyinə əminliklərini
ifadə etmişlər.
Sonra AMEA Kibernetika İnstitutunun direktoru akademik Telman Əliyevin "Dağıdıcı zəlzələlərdən
dəymiş zərərin
minimallaşdırılması üçün texnologiya
və sistemlər",
Çexiyanın Hradek
Kralov Universitetinin kafedra müdiri professor Hana Skalskanın "Texnologiyaların dövlət
təcrübəsində tətbiqi:
inkişafı, səmərəliliyi
və problemlər",
ABŞ-ın Corc Vaşinqton Universitetinin professoru Nozer Sinqpurvallanın "Resursların istismarı və onların ötürülmə riskləri",
İspaniyanın Barselona
Universitetinin əməkdaşı
Anna Mariya Gil Lafuentenin
"Qloballaşma şəraitində
İspaniya, Rusiya və Azərbaycanda müqayisəli iqtisadi analizin nəzərdən qaçırılmış təsirləri"
mövzularında məruzələri
dinlənilmişdir.
Konfransın bölmə iclaslarında
informasiya-kommunikasiya texnologiyaları,
intellektual optimallaşdırma,
modelləşdirmə, ədədi
üsullar və hesablama texnologiyaları, identifikasiya, sosial-iqtisadi sistemlərdə qərarların
qəbul edilməsi və digər mövzular müzakirə olunacaqdır.
İclaslarda, həmçinin müasir
dünyada kibernetika və informatikanın inkişaf
tendensiyaları və perspektivləri, bu sahələrdə
mövcud problemlər və onların həlli yolları ilə
bağlı fikir mübadiləsi aparılacaqdır. Konfrans
sentyabrın 14-də başa çatacaqdır.
Azərbaycan.-2012.-
13 sentyabr.- S.4.