Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirənin yubiley sessiyası və xarici işlər nazirlərinin görüşü keçirilmişdir

 

 Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirənin (AQFETM) 20 illiyi ilə əlaqədar yubiley sessiyası və xarici işlər nazirlərinin görüşü keçirilmişdir.Tədbirdə AQFETM-in üzvü olan 24 dövlət və səkkiz müşahidəçi ölkə, həmçinin 14 beynəlxalq təşkilat, o cümlədən TürkPA-nın baş katibi  Ramil Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

Forumda Azərbaycan ölkəmizin Qazaxıstandakı səfiri Zakir Həşimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

Tədbirdə çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev AQFETM-in 20 il ərzində çoxtərəfli fəaliyyət göstərən səmərəli foruma çevrildiyini bildirmişdir. Dövlət başçısı demişdir ki, AQFETM Asiyanın 90 faizini əhatə edir, bu ərazidə isə planetimizin əhalisinin yarısı yaşayır.

N.Nazarbayev qurumun katibliyinin statusunun qaldırılması, AQFETM-in daimi komitəsinin yaradılması, katibliyin Almatıdan Astanaya köçürülməsi və digər məsələlər ilə bağlı təkliflər irəli sürmüşdür.

Prezident demişdir: "AQFETM-in əhatə etdiyi ölkələrdə narkotiklərin qeyri-qanuni dövriyyəsi, ərazi iddiaları, separatizm, dini ekstremizm, terrorizm və bir sıra problemlər qalmaqdadır. Bu məsələlər tezliklə həllini tapmalıdır".

Hazırda AQFETM-də sədrlik edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin bu beynəlxalq təşkilata 2010-cu ildən sədrlik etdiyini diqqətə çatdırmış, bu müddətdə görülən işlər haqqında məlumat vermişdir. Bildirilmişdir ki, Türkiyə AQFETM-də 2014-cü ilədək sədrlik edəcək. Sonra isə sədrlik Çin Xalq Respublikasına keçəcəkdir.

Forumda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qaya Məmmədov tədbirin iştirakçılarını təbrik etmişdir. Bildirilmişdir ki, Azərbaycan bu müşavirədə aparılan siyasi dialoqda iştirak etməkdə və regionda nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır.

Q.Məmmədov demişdir: "Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmaması ölkəmizin güclü inkişafına mane olan əsas səbəblərdən biridir. Münaqişə nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulmuş, bir milyondan artıq azərbaycanlı doğma yurd-yuvalarından didərgin düşmüşlər".

Ramil Həsənov isə türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində TürkPA-nın rolundan, qurumun beynəlxalq təşkilatlarla əlaqələrindən danışmışdır.

Sonda ölkələr arasında əməkdaşlıq haqqında sənəd imzalanmışdır.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Astana

 

Azərbaycan.-2012.- 13 sentyabr.- S.4.