Ermənistanın mövqeyi
dünya siyasətçiləri tərəfindən
kəskin tənqid olunur
Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun vətənə
ekstradisiyası və əfv olunması ilə əlaqədar olaraq beynəlxalq miqyasda süni ajiotaj yaratmağa çalışan Ermənistan
hakimiyyətinin bununla Dağlıq Qarabağ münaqişəsinin həlli
prosesinə zərbə vurmaq niyyətini
güdməsi hər kəsə məlumdur. İlk
günlərdə məsələ ilə bağlı bəyanatlar
səslənsə də, prosesi dərindən
araşdıran siyasi dairələrdə
Azərbaycanın haqlı olduğunu ortaya qoyan fikirlər səsləndirilir.
Azərbaycan
Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov "Məhkum olunmuş şəxslərin verilməsi
haqqında" Konvensiyaya uyğun
olaraq Azərbaycan tərəfinə təhvil
verilmişdir. Bu konvensiyaya əsasən, tərəflərin birinin ərazisində məhkum olunmuş şəxs konvensiyanın müddəalarına
uyğun olaraq digər
dövlətə verilə bilər. Yenə də konvensiyaya uyğun olaraq hökmün
icrası qəbul edən dövlətin qanunvericiliyi
ilə tənzimlənir və bu dövlət
bütün zəruri qərarları qəbul
etməkdə səlahiyyətlidir. Prezident
İlham Əliyev Qəbələdə
ATƏT-in üzvü olan
ölkələrin səfirlərini qəbul edərkən bu məsələyə bir
daha münasibət bildirərək deyib: "Ermənistanda Ramil
Səfərovun ekstradisiyası və əfv olunması ilə
bağlı hay-küy yaranıb. Mən bununla bağlı münasibətimi artıq
bildirmişəm. Bir daha
bildirirəm ki, Səfərovun
ekstradisiyasından tutmuş əfvinə
qədər hər şey Avropa
Konvensiyasına, o cümlədən Azərbaycan
Konstitusiyasına uyğun həyata keçirilib".
Artıq
Avropada Ramil Səfərovun
ölkəmizə təhvil verilməsi barədə qərarın
beynəlxalq hüquq norma
və qaydalarına uyğun olması və
Prezident İlham Əliyev
tərəfindən əfvinin hüquqi xarakter daşıması barədə Azərbaycan
tərəfinin mövqeyini
bölüşən bəyanatlar eşidilməkdədir. Avropanın bir
sıra dövlətlərinin deputatları Ramil
Səfərovun Azərbaycana qaytarılması ilə əlaqədar
Ermənistanın mövqeyinə kəskin etirazlarını bildirir, rəsmi Yerevanın bu
məsələdə tutduğu mövqeyi kəskin pisləyirər. Məsələn,
Almaniya Bundestaqının deputatı, Xristian Demokrat
Partiyasının üzvü Olav Gutting hesab
edir ki,
ekstradisiyanın Avropa hüquq
müstəvisində qanuniliyinə heç
bir şübhə yoxdur.
Deputat Ermənistan hökumətini, eləcə
də erməni diasporunu Almaniyanın tərəfdaşı
olan Macarıstana qarşı tənqid tonunu azaltmağa səsləmişdir.
O vurğulamışdır ki, Ermənistan
tərəfinin Macarıstanın beynəlxalq hüququ
pozmasına dair iddialarının sadəcə
yanlış və əsassız olduğu
sübut oluna bilər.
Almaniya Bundestaqının digər üzvü,
hakim Xristian Demokrat İttifaqı Xristian-Sosial
İttifaqı parlament fraksiyasının xarici siyasət komitəsinin sözçüsü
Filipp Misfelder də məsələyə
münasibət bildirərək deyib ki, Avropa
İttifaqının üzvü kimi Macarıstan Respublikası Aİ-nin
hüquqi dövlət prinsiplərinə
bağlıdır, ona görə də Budapeştin
Ramil Səfərovu Azərbaycana ekstradisiya etməsinin qanunauyğunluğuna
heç bir
şübhə yoxdur. Ermənistan
hökumətinin "bizim yaxın tərəfdaşımız
olan Macarıstanın Ramil
Səfərovu Azərbaycana ekstradisiya etməsi
Azərbaycan ilə Ermənistan arasında sülh
prosesini təhlükə altına
alır" iradı Macarıstanda mövcud
olan Avropa ədliyyə
və hüquq standartlarına uyğun gəlmir.
F.Misfelder hesab edir ki, əslində beynəlxalq
hüquqla tanınmayan "Dağlıq Qarabağ respublikası"nda cari
il iyulun 19-da keçirilmiş qondarma prezident seçkiləri beynəlxalq birliyin Ermənistan və Azərbaycan
arasında sülhün bərqərar
olması və normal qonşuluq
münasibətlərinin yaradılması istiqamətində səylərinə ağır zərbə
vurmuşdur. Qondarma prezident seçkilərinin birtərəfli nəticəsi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həlli imkanlarını yenidən
çətinləşdirmişdir.
Böyük Britaniya Lordlar Palatasının üzvləri də Ermənistanın
bu məsələ ilə bağlı mövqeyini kəskin tənqid etmişlər. Britaniya Parlamentinin Lordlar Palatasının üzvü
Ken Maginnis demişdir: "Ermənistan ordusunun
zabitini qətlə yetirdiyi
üçün həbs olunan
və cəzasının səkkiz ilini
çəkən Ramil Səfərovun bu yaxınlarda azadlığa buraxılması
Ermənistanda və erməni diasporu tərəfindən
birmənalı qarşılanmamışdır. Həssas regionda gərginliyi artıracaq hər bir şeyə qarşı çıxmaq
lazımdır. Ermənistan hökuməti də qəbul etməlidir
ki, bir vaxtlar
azərbaycanlılar və türklər də qətlə və
terrorizmə görə məhkum olunmuş
ermənilərin azadlığa buraxılması və ondan sonra əfv edilməsindən
hiddətlənmişlər. Xatırlasınlar ki, Parisin aeroportunda
"Türk Hava
Yolları"na məxsus şöbəyə hücum
nəticəsində türk və
avropalı dinc vətəndaşlar həlak
olmuşdular. Lakin buna baxmayaraq, nə beynəlxalq
ictimaiyyət, nə də Qərb mətbuatı məhkum olunmuş o terroristlərin
azad edilməsini pisləyərək gərginliyi
artırmaq üçün fürsət
axtardı".
Lordlar Palatasının üzvü
lord Laird də həmkarının
fikrini bölüşür.
Deputat demişdir:
"Erməni zabitini öldürdüyü
üçün cəza çəkən
Ramil Səfərovun səkkiz ildən sonra azadlığa buraxılması Ermənistanda
çox kəskin
qarşılanmışdır. Lakin Ermənistanın
reaksiyasının getdikcə əndazəsini aşma
təhlükəsi vardır. R.Səfərovun azad
olmasına cavab olaraq onlar Dağlıq Qarabağ
münaqişəsinin yenidən alovlandırılması,
Macarıstan ilə diplomatik münasibətlərin
pozulması və Avropada yaşayan
azərbaycanlıların öldürülməsi ilə hədələyir.
Amma nədənsə R.Səfərovun doğulduğu Cəbrayıl rayonunun
son 20 ildə erməni işğalı
altında olması heç bir yerdə qeyd olunmur. Bütün regionda sülh Ermənistanın
geri addım ataraq özünü təmkinli aparmasından
asılıdır".
Lordlar Palatasının digər üzvü
lord Kilkluni də məsələyə
münasibət bildirərək vurğulamışdır ki, ermənilər özləri də illər
boyu xaricdə terror
hücumları və qətllər törətmiş bir neçə vətəndaşının azad olunmasını təmin etmişlər. Ermənistan prezidenti
Serj Sarkisyan sülhə
çağırmaqdansa, müharibə ilə hədələyir.
"Dondurulmuş" münaqişələrin
tez bir zamanda
necə alovlandığını görmüşük.
Dağlıq Qarabağın işğalı zamanı
müharibəni dadan Ermənistan prezidenti dərk etməlidir ki,
yenidən açıq düşmənçiliyə
qayıtmaq tərəflərin hər biri
üçün dəhşətli ola bilər".
Almaniyanın
hakim Xristian Demokrat İttifaqı Xristian-Sosial
İttifaqı parlament fraksiyasının xarici siyasət üzrə işçi
qrupunun sədri Florian
Hahn demişdir ki, Ermənistanın rəsmi hakimiyyət dairələrinin
Ramil Səfərovun Macarıstan tərəfindən
Azərbaycana qaytarılmasına reaksiyaları daha
artıq narahatlıq yaradır. Qanuniliyinə heç bir şübhə olmayan bu ekstradisiyadan Ermənistan
bizim Avropa tərəfdaşımız
olan Macarıstana qarşı istifadə edir. Ermənistan tərəfindən
Macarıstan hökumətinin beynəlxalq hüququn
normalarına əsaslanan qanuni hərəkətinə
qarşı reaksiyalarının davam etməsi
Cənubi Qafqazda atəşkəsə daha ağır zərbə vura
və onun pozulmasına gətirib
çıxara bilər.
Göründüyü kimi, Ermənistanın
beynəlxalq miqyasda yaratmağa
çalışdığı süni ajiotaj artıq dünyanın mütərəqqi
siyasi dairələri və siyasətçiləri
tərəfindən kəskin tənqid olunmaqdadır. Səslənən
bəyanatlarda həmçinin Ermənistan dövlətinin terrorçu xarakteri də
ortaya qoyulur. Bütün bunlar ondan xəbər verir ki, Ermənistan hakimiyyətinin Ramil
Səfərovun ekstradisiyası və əfvi ilə
bağlı nümayiş etdirdiyi
manipulyasiya cəhdləri nəticə
etibarilə onun özünə problemlər
yaradaraq ifşasına gətirib
çıxarır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2012.-
13 sentyabr.- S.5.