Ramil Səfərov sübut etmişdir ki, o, nə Azərbaycan üçün, nə də dünyanın digər ölkələri üçün təhlükəlidir

 

 Macarıstanın "ORIGO" nəşrində Ramil Səfərovun vətənə ekstradisiyası və Azərbaycanda onun azad edilməsi ilə əlaqədar fikirlər barədə  material dərc edilmişdir. "ORIGO"nun əməkdaşlarının ünsiyyətdə olduqları şəxslər Ramilin azadlığa buraxılmasının ədalətli qərar olduğunu bildirir və belə güman edirlər ki, ermənilərin törətdikləri cinayətlər Ramil Səfərovun hərəkətini kölgədə qoyur.

Nəşr azərbaycanlı tələbə Leylanın bu sözlərini misal gətirir: "Mən əminəm ki, vaxt gələcək, kütləvi qətl törətmiş və 77 adamın həyatına son qoymuş norveçli Breyvik də əfv olunacaq və azadlığa buraxılacaqdır. Məndə belə bir sual meydana çıxır: R.Səfərovun işində problem nədir? Məgər o, daha bir şansa layiq deyilmi? Nə üçün onu bağışlamaq olmaz? O, yenidən başlamaq imkanına layiq deyilmi?"

"ORIGO" yazır: "2007-ci ildə erməni hərbçisini qətlə yetirdiyinə görə Macarıstan məhkəməsi tərəfindən mühakimə olunmuş bir insanın azadlığa buraxılması ermənilərdə çox böyük qəzəb doğurmuşdur. Lakin azərbaycanlılar belə hesab edirlər ki, bu, adi deyil, çoxtərəfli məsələdir".

Nəşr azərbaycanlı tələbənin sözlərini misal gətirərək qeyd edir ki, R.Səfərovun bu qətli törətməsinin səbəblərindən niyə danışılmır? 1990-cı illərdə o, uşaq ikən ermənilərin törətdikləri Qarabağ müharibəsinin şahidi olmuş və bu müharibədə bir çox yaxın qohumlarını itirmişdir, onun doğma şəhəri isə Ermənistan ordusu tərəfindən işğal edilmişdir. Nə Macarıstanda, nə ABŞ-da, nə də ki Rusiyada onun dərdini, bu hərəkəti törətdiyi vaxt hansı emosional vəziyyətdə olduğunu başa düşərlər.

Bakıdan Skype-la "ORIGO"ya müsahibə vermiş azərbaycanlı gənclərin başqa bir nümayəndəsi - Avropada diplom almış Ruslan adlı gənc iqtisadçı belə hesab edir ki, R.Səfərovu həbsdən azad etdiyinə görə Azərbaycan hökumətini qınamaq olmaz. O, belə bir misal gətirir: "Bu, dünyada qəbul olunmuş praktikadır, Rusiya hökuməti də Taylandda həbs olunmuş rusiyalı silah alverçisi Viktor Butu oradan çıxarmağa çalışmışdı. Hamı öz adamlarını xilas edir və bu gün həddindən artıq qəzəblənən ermənilər də bu məsələdə istisna təşkil etmirlər".

2001-ci ildə Ermənistan partlayış törətmiş və səkkiz nəfəri həyatdan məhrum etmiş terrorçunu Fransa həbsxanasından azad edərək vətəndə onu qəhrəman kimi qarşılamışdı, hətta Ermənistanın ali rəhbərliyi də onu coşqunluqla qarşılamışdı.

Erməni mənşəli Varocan Qarabedyan 1983-cü ildə Parisin "Orli" aeroportunda "Turkish Airlines" şirkətinin təyyarəsini partlatmaq istəmişdi, lakin baqaja verilmiş partladıcı qurğu vaxtından tez işə düşmüş, sərnişinlərin qeydiyyat pultu havaya uçmuşdu. Azərbaycanda bu adamı terrorçu hesab edirlər, o, ASALA-nın (Ermənistanın Gizli Azadlıq Ordusunun) üzvü olmuşdur və Fransa məhkəməsi onu ömürlük həbs cəzasına məhkum etmişdi. Amma əfv barədə erməni lobbisinin fasiləsiz vəsatətləri müvəffəqiyyət qazandı: 17 illik həbsdən sonra Fransa hökuməti onu Ermənistana təhvil verdi və o, dərhal Yerevanın merindən mənzil, iş aldı, mükafatlandırıldı.

Nəşr Ruslanın sözlərini misal gətirir: "Yaşlı nəslin zamanında azərbaycanlı və erməni uşaqlar məktəbə bir yerdə gedirdilər. Bizim zəmanəmizdə isə uşaqlar heç vaxt bir-biri ilə görüşmürlər, qonşu ölkənin sakinləri ilə ünsiyyətdə olmurlar. Məktəbdə ermənilərə öyrədirlər ki, türklərdən və azərbaycanlılardan intiqam almaq lazımdır, azərbaycanlılar onları öldürmək istəyirlər". R.Səfərovun azadlığa buraxılması isə ölkədə Azərbaycan Prezidentinin şəxsi xidməti hesab edilir.

"ORIGO" xəbər verir ki, Azərbaycanın "Trend.az" informasiya agentliyi öz təşəbbüsü ilə Macarıstan nəşri üçün Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla eksklüziv müsahibə hazırlamışdır. Müsahibədə deyilir: "Qarabağ müharibəsi zamanı ermənilər iyirmi mindən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə Azərbaycan şəhərini, kəndini və tarixi abidəsini dağıtmışlar. Bu soyqırımı baxımından erməni zabitini qətlə yetirmiş R.Səfərovun ölkəyə təhvil verilməsinin Azərbaycanda ümumxalq əhəmiyyətli iş hesab edilməsi tamamilə təbiidir".

"Prezident Administrasiyasının rəsmisi demişdir: "Macarıstan orqanları R.Səfərovu həbs etməkdə səhvə yol verməmişdir. Bu, hərəkətin ağırlıq dərəcəsinə tam uyğun idi. Azərbaycanlıların fikrincə, "güclü erməni lobbisinin təsiri altında qeyri-adekvat sərt hökm çıxarmış məhkəmə səhv etmişdir. Belə xarakterli cinayətlərə görə Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da, Ermənistanda da 15 illik həbs cəzası hökmü çıxarılır və nümunəvi intizam olduqda yeddi il yarımdan sonra məhkum həbsdən buraxılır". Macarıstanda isə qətl hadisəsinə görə ömürlük həbs cəzası verilmişdi. Siyasətçinin fikrincə, Ramil Səfərov həbsdə bir il də artıq olmuşdur, axı o, 8,5 il orada cəza çəkmişdir. Prezident əfvinin digər səbəbləri arasında ictimaiyyətin bu cəzanı son dərəcə sərt cəza hesab etməsi və milli qanunvericilik baxımından da çox ağır cəza hesab etməsi olmuşdur. "ORIGO" Əli Həsənovun bu sözlərini misal gətirir: "Bu iki əsasdan başqa Prezident İlham Əliyev humanistlik göstərərək "mərhəmət" hissindən əfv qərarı qəbul etmiş, nəzərə almışdır ki, həbsdə olarkən R.Səfərov nümunəvi intizamı ilə nə Azərbaycan üçün, nə də dünyanın digər ölkələri üçün təhlükəli olmadığını sübut etmişdir".

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 13 sentyabr.- S.5.