Dahi Nizami
Gəncəvinin 870 illik yubileyinə Heydər Əliyev
Fondunun dəyərli töhfəsi
Dahi Azərbaycan
şairi Nizami Gəncəvinin
"Xəmsə"yə daxil olan bütün əsərləri
- "Sirlər xəzinəsi", "Xosrov və
Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl"
və "İskəndərnamə" poemaları Azərbaycan
dilində ilk dəfə bir kitab şəklində nəşr
olunmuşdur.
AzərTAc xəbər verir ki, Heydər Əliyev
Fondu, Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi və Gəncə Şəhər
İcra Hakimiyyətinin dəstəyi ilə
hazırlanmış böyük formatlı nəşrdə
toplanmış 5 poemanın hər birinə yazılan ön
söz əsərlərin mahiyyətini dolğun ifadə edir.
Xəlil Yusifli, Səməd Vurğun, Məmməd
Rahim, Abdulla Şaiq və Mikayıl Rzaquluzadənin tərcüməsində
təqdim olunun "Xəmsə"yə CD disk əlavə
olunmuşdur. Diskə Üzeyir Hacıbəyli, Fikrət Əmirov,
Cahangir Cahangirov, Tofiq Quliyev, Şəfiqə Axundova və
başqa bəstəkarların Nizami Gəncəvinin sözlərinə
yazdığı mahnı və romanslar, Niyazinin "Xosrov və
Şirin" operası, Əfrasiyab Bədəlbəylinin
"Nizami" operası, Fikrət Əmirovun "Nizami"
simfoniyası, eləcə də Qara Qarayev, Cövdət
Hacıyev, Ramiz Mustafayev və başqa bəstəkarların
dahi şairin sözlərinə xor üçün
yazdığı əsərlər daxil edilmişdir.
Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
hazırlanan yeni təqdimatda "Xəmsə"yə daxil
olan beş poema AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyindən götürülmüş rəngli
illüstrasiyalarla bəzədilmişdir.
"Xəmsə"nin daha bir
formatı da işıq üzü görmüşdür.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi və Gəncə Şəhər
İcra Hakimiyyətinin dəstəyi ilə toplu şəklində
təqdim olunan nəşr beş kitabdan ibarətdir. Hər
kitabda "Xəmsə"yə daxil olan poemalar
ayrılıqda yer almışdır. Oxuculara təqdim olunan
yeni nəşrdə "Xosrov və Şirin" poemasının
Azərbaycan dilində yeni tərcüməsi
yazıldığı ölçüdə - əruz vəznində
yerinə yetirilmiş, dilimizin bugünkü tələblərinə
uyğun ifadə edilmişdir.
Yeni nəşrlər sırasında
olan "Nizami məqbərəsinin tarixi və taleyi"
kitabında dahi mütəfəkkirin məzarı üzərində
XIII əsrin əvvəllərində ucaldılan məqbərənin
tarix boyu düşdüyü müxtəlif vəziyyətlər
və onun səbəbləri araşdırılır.
İran, Osmanlı və Rusiya imperiyalarının Qafqazda
yürütdüyü siyasət nəticəsində dəfələrlə
bərbad vəziyyətə düşən məqbərənin
zaman-zaman bərpa olunması, bu istiqamətdə görülən
işlər barədə maraqlı faktlar öz əksini
tapmışdır.
Heydər Əliyev Fondu fəaliyyəti
dövründə digər nəşrlərlə
yanaşı, davamlı olaraq Azərbaycan
klassiklərinin müxtəlif əsərlərini
də nəşr etdirir. Nizaminin yaradıcılıq manifesti
sayılan "Xəmsə"nin yüksək poliqrafik nəşrini
bu sahədə uğurlu layihə kimi dəyərləndirmək
olar. Yeni nəşr dünya poeziyasında epik-romantik
janrın banisi, Şərq intibahının parlaq nümayəndəsi,
mütəfəkkir şair Nizami Gəncəvinin 870 illik
yubileyinə layiqli töhfədir.
Azərbaycan.-2012.-
13 sentyabr.- S.6.