Teatr «Qızıl toy»a hazırlaşır

 

 Hər yeni mövsüm, yeni arzular, yeni istəklər, yeni qayğılarla və təbii ki, yeni tamaşaların sevincini yaşamaq ümidi ilə başlayır. İsti yay  günlərində dincəlməyə, istirahət etməyə vaxtimkan tapanlar da, tapmayanlar da payızın ilk addım səslərini eşitmək üçün səbirsizlənirlər, çünki məhz payızda, sentyabrın 18-də, ölkəmizdə Milli Musiqi  bayramının qeyd edildiyi gün Azərbaycanın qocaman teatrlarından biri - Musiqili Komediya Teatrının yaradıcı heyəti öz tamaşaçıları ilə görüşə gəlir. Gəlir ki, bir il boyu onlarla bərabər gülsün, düşünsün, düşündürsün, insanların mənəvi aləmini zənginləşdirsin, gənclərin və yeniyetmələrin, məxsus olduğu xalqın  tarixinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, bir sözlə, insan zəkasının yaratdığı bütün dəyərli gözəllik nümunələrinə marağının formalaşmasına yardımçı olsun, istedadlı cavanların qabiliyyətini aşkarlamağa imkan yaratsın.

Bir əsrdən çoxdur ki, bu sənət məbədi  xalqın xidmətindədir. Adlar, ünvanlar, tamaşalar dəyişsə də,  teatrın əsas məqsədi, məramı heç vaxt dəyişməyib; bu günkollektiv milli teatrmusiqi sənətimizin qiymətli nümunələrini ehtiramla, qayğı ilə qoruyur, məhəbbətlə təbliğ  edir, dahi Üzeyir bəylə əsası qoyulan ənənələri yaşadır və ildən-ilə daha da cilalayır. Bu gün bu teatrda öz gülüş payı ilə ölkəmizin hüdudlarından uzaqlarda da tanınan və sevilən Afaq Bəşirqızı, istedadlı sənətkarlar İlham Namiq Kamal, Fatma Mahmudova, Çingiz Əhmədov, Əkbər Əlizadə kimi səhnə ustaları çalışır. İllər boyu teatrın ağırlığını çiyinlərində daşıyan, böyük səhnədən insanlara sağlam gülüş bəxş edən, onları bir neçə saatlıq da olsa,  həyatın bitib-tükənməyən qayğılarından uzaqlaşdırmaq naminə bütün istedad və bacarıqlarını sərf edən səhnə fədailərinin qoyub getdiyi yaxşı nə varsa, bugünkü varislər onu davam etdirməyə can atırlar ki, bu da çox təqdir olunası faydalı bir örnəkdir. Axı, insan həmişə öz tarixinə hörmətlə yanaşmalıdır. Aqillərimiz nahaq yerə deməyib ki, "keçmişinə güllə atanı gələcək topa tutar!"

Yeni mövsüm həm də yeni qayğılar gətirir, dedik və elə bu üzdən də teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevlə cəmi bir neçə dəqiqə danışmağa fürsət tapdıq. Telefon zənglərini cavablandırmaq üçün hər dəfə üzr istəyib söhbətinə ara verən direktordan öyrəndik ki, bu ilkollektiv yeni mövsümü öz əsas binasında deyil, Dənizçilərin Mədəniyyət Evində  (Xaqani küçəsi, 16)  qarşılayacaq.

- Bilirsiniz ki, biz 102-ci teatr mövsümümüzü ölkəmizin şimal rayonlarından birində - Xaçmazda  açdıq və həmin gün tamaşaçılara Üzeyir bəy Hacıbəylinin heç vaxt təravətini və aktuallığını itirməyən komediyalarından birini - "Ər və arvad"ı təqdim etdik. Məncə, rayonlarımızda milli dəyərlərimizə maraq daha böyükdür, elə bu səbəbdən də onlarla mütəmadi görüşmək istəyirik. Teatrlarımızın bölgələrə qastrol səfərlərini daha da intensivləşdirmək həm də bir növ yeni tamaşaçı auditoriyası hazırlamaq, daha duyarlı, daha gözüaçıq teatrsevər yetişdirmək deməkdir, çünki salona toplaşanlar arasında həmişə gənclərin sayı çox olur və günlərin bir günü yolu şəhərə düşən bu cavanlar istər-istəməz o ilkin təəssüratın təsiri ilə teatra gəlir, ilk dəfə öz rayonlarının səhnəsində görüb bəyəndiyi aktyorların oynadığı tamaşalara yenidən baxmaq istəyirlər. Bizim ötən mövsümdə həm Xaçmazda, həm də Şabranda keçirilən Musiqi bayramında iştirakımız ilboyu müxtəlif rayonlara dəvət edilməyimizə zəmin oldu. Biz İsmayıllıda, Salyanda, Gədəbəydə, Şəmkirdə,  təkrar Xaçmazda və digər bölgələrimizdə səfərdə olduq, oynadığımız tamaşalar da alqışlarla qarşılandı.

- Keçən mövsümdə siz həm də Amerika Birləşmiş Ştatlarında səfərdə oldunuz...

- Bəli, keçən il oktyabr ayının 20-dən 27-dək Amerika Birləşmiş Ştatlarının Nyu-YorkVaşinqton şəhərlərində "Amerikada Azərbaycan teatr bayramı" adı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş tədbirlər keçirildi. Tədbirlərdə iştirak etmək məqsədi ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı heyəti Nyu-York şəhərində səfərdə olmuşdu.

Qeyd edək ki, bu, 138 illik tarixində Azərbaycan teatrının okeanın o tayına - Amerikaya ilk səfəri idi. Qrupun rəhbəri kimi fəxrlə deyə bilərəm ki, bizim tanınmış səhnə ustaları - xalq artisti Afaq Bəşirqızı, əməkdar artist Nərgiz Kərimova, aktyor Əlimməməd Novruzov və digər aktyorlarımız hər yerdə alqışlarla qarşılanırdı. Bu da təbii ki, bütövlükdə Azərbaycan mədəniyyətinin, teatr sənətinin uğuru idi. Festival çərçivəsində keçirilən görüşlərdə sənətçilərin ifasında komediyalardan parçalar nümayiş olundu. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi  Azərbaycan Nyu-York Assosiasiyası idi.

- Tamaşaçını teatra gətirən yaxşı tamaşa, yaxşı tamaşanı isə yaradan istedadlı yaradıcı heyətdir. Biz nə qədər sözlə buya digər müəllifin əsərini vəsf edib, tərifləsək də, bu gün yaxşını pisdən daha tez ayırd etməyə qadir olan tamaşaçı istedadlı aktyor, yeni yozummüasir ruhlu tərtibat sorağındadır.

- Sözsüz ki, siz haqlısınız, əgər teatrda müasir dünya teatrının tələbləri ilə ayaqlaşan, lap bəzən öz düşüncə tərzi ilə heç kəsə bənzəməyən, heç kəsi təqlid etməyən rejissor, rəssam, aktyor - yaradıcı bir insan varsa, bu da qənimət sayılmalıdır və belə insanlara qayğı ilə yanaşılmalıdır. Şükürlər olsun ki, biz dövlətimizdən bu dəstəyi hər addımda görürük, hər il bizim teatra dəvət etdiyimiz cavanların arasında bir-iki belə yeni düşüncə tərzi ilə seçilən cavana rast gəlmək olur ki, onların da üzünə  bu qocaman teatrın qapılarını taybatay açırıq, məhsuldar və sərbəst çalışmaları, imkanlarını ortaya qoymaları  üçün şərait yaradır, təcrübə qazanmaq, imkanlarını təkmilləşdirmək üçün xaricə göndəririk. Bir sözlə, istedadlarını nümayiş etdirməyə gələn hər kəsə meydan veririk. Son illər istedadlı  gəncləri teatra cəlb etmək üçün il ərzində bir neçə dəfə müsabiqə keçiririk, bacarıqlı aktyorları, rejissorları, dirijorları, balet artistlərini, rəssamları, ifaçı və musiqiçiləri, dramaturqları, hətta səhnənin texniki işlərinə maraq göstərənləri belə, bu yolla seçməyə çalışırıq. Düşünürəm ki, bu cür demokratik seçimdən sonra kollektivə qəbul etdiyimiz gənclər bu gün ömrünü fiziki cəhətdən təzələyən - bərpa edilən və tam olaraq yenidən qurulmaqda olan teatrımızın yeni texniki təchizatlı həyatına daha tez alışacaq və yaddaqalan, hadisəyə çevrilə bilən əsərlərin hazırlanmasında bilavasitə iştirak edəcəklər. Bir faktı da vurğulamaq istəyirəm ki, bizim müsabiqələrdə təkcə Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Musiqi Akademiyasının, Xoreoqrafiya məktəbinin yetirmələri deyil, hətta Dövlət Pedaqoji Universitetinin və Xəzər Universitetinin məzunları və tələbələri də iştirak edirlər. Kim bilir bəlkə gələcəyin Nəsibə Zeynalovaları, Lütfəli Abdullayevləri, Bəşir Səfəroğluları, Əliağa Ağayevləri, Hacıbaba Bağırovları, Səyavuş Aslanları elə bu pedaqoqların arasından çıxacaq, çünki, istedad deyilən o ilahi qabiliyyət Tanrıdan gəlir. Biz onlara çox inanırıq.

- "Zirvə"ni alıb zirvədə qalmaq asan məsələ deyil...

-  Biz "Zirvə"mükafatına "Milli teatr sahəsində qazandığımız uğurlara görə" layiq görüldük. Ötən mövsüm bizim üçün bir çox yaddaqalan sənət uğurları ilə tarixə qovuşdu. Bir neçə yeni tamaşa hazırlayıb təhvil verdik. Onlardan biriN.V.Qoqolun məşhur "Evlənmə" komediyası oldu. Bu tamaşa dövlət teatrları tarixində ilk antrepriz tamaşa kimi yadda qaldı. Tamaşanın quruluşunu vermək üçün dəvət edilən əməkdar incəsənət xadimi Bəhram Osmanov əsas rolları oynamaq üçün tanınmış dram aktyorlarını - xalq artistləri Şükufə Yusubovanı, Məleykə Əsədovanı və Gənc Tamaşaçılar Teatrından əməkdar artist Qurban İsmayılovu dəvət etdi. Bu işbirliyindən yaranan yeni tamaşa teatr ictimaiyyətinin diqqətini cəlb etdi. Bizim bu tamaşamıza verilən "Zirvə" milli mükafatı həm də Mədəniyyət və Turizm Nazirliyinin kollektivimizin böyük zəhmətinə diqqət və qayğısının  bariz nümunəsi, işimizə verilən yüksək qiymət oldu.

Bilirsiniz ki, 2012-ci il həm də ədəbi-mədəni  fikir tarximizin nəhəng simalarından birinin - Mirzə Fətəli Axundzadənin ili kimi elan edilib. Görkəmli ədibin 200 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunur. Respublikamızın bütün teatrları kimi, bizunudulmaz dramaturqun yaradıcılığına müraciət etdik. Rejissor Bəhram Osmanov bəstəkar Səyavuş Kərimi, libretto müəllifi Əjdər Ol, gənc rəssam Sevinc... bərabər ustadın "Molla İbrahimxəlil kimyagər" əsərini "Kimyagər" adı ilə tamaşaya hazırladı. Bu tamaşanın bir özəlliyi də onda idi ki, Kimyagər rolu xalq artisti Afaq Bəşirqızına tapşırıldı və istedadlı gülüş ustası yeni obrazını çox incə çalarla yaratmağa nail oldutamaşa Axundzadənin yubileyi münasibətilə keçirilən Milli Teatr festivalında xüsusi qeyd edildi, diploma layiq görüldü. Əlbəttə, bu, bizim kollektivin uğurlu işinə verilən qiymətdir. Fürsətdən istifadə edib demək istəyirəm ki, uzun illər Musiqili Komediya Teatrının səhnəsində bir-birindən maraqlı rollar yaradan üç aktyorumuz Nərgiz Kərimovaya, Nahidə Orucovaya, Çingiz Əhmədova ötən mövsümdə respublikanın əməkdar artisti fəxri adı verildi. Bir neçə əməkdaşımız isə Prezident təqaüdünə layiq görüldü. Bu böyük qayğıya cavab olaraq biz ikiqat məsuliyyət hissi ilə çalışmalıyıq.

- Yeni mövsüm deyən  kimi, yeni tamaşa adı eşitmək istəyirsən...

- 103-cü mövsümdə teatrda "Qızıl toy" olacaq. Bu "toyun sahibləri" quruluşçu rejissor Yusif Əkbərov, bəstəkar Oqtay Kazimi, libretto müəllifi Ramiz Heydərdir. Əsas qəhrəmanları isə əməkdar artistlər Xanım Qafarova, Nərgiz Kərimova, Əkbər Əlizadə, Çingiz Əhmədov və başqaları canlandıracaq. Rus bölməsi isə Jan Batist Molyerin "Skapenin kələkləri"ni tamaşaçıların mühakiməsinə verəcək. Rejissor, əməkdar incəsənət xadimi Əsgər Əsgərov tamaşada əsas rollardan birini ifa etmək üçün Rus Dram Teatrından xalq artisti Səfa Mirzəhəsənovu dəvət edib. Elə bilirəm ki, bu əməkdaşlıq da uğurlu olacaq. Teatrımızın gənc və istedadlı rejissoru Elvin Mirzəyev də yeni bir layihə üzərində işləyir. Uşaq studiyasında da maraqlı işlər gözlənilir. Əminəm ki, bu mövsümdə bizim teatrımıza gələn sənətsevərlər darıxmayacaq, hər kəs yaşına və zövqünə uyğun olan tamaşaya baxa biləcək. Sağlıq olsun!

Əlbəttə, yeni mövsümün ən önəmli işlərinin hamısından söz açmaq olardı, amma gəlin biz də afişaları izləyək, məncə, bu daha həyəcanlı olar, elə deyilmi!?

 

 

Telli PƏNAHQIZI

 

Azərbaycan.-2012.- 13 sentyabr.- S.6.