Krımda görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illiyi qeyd olunmuşdur

 

 Simferopolda Krımın Azərbaycan diasporunun 100 nəfərdən çox fəalının iştirakı ilə görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illiyinə həsr olunmuş gecə keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirin təşkilatçısı Vətən - Krımdakı Azərbaycanlılar Konqresinin sədri Hafiz Abbasovdur. Bu yaxınlarda sədr seçilmiş Hikmət Cavadov başda olmaqla Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) nümayəndə heyəti gecənin fəxri qonaqları arasında olmuşdur.

Gecədə krımlıları narahat edən məsələlər - UAK-nın Krımdakı nümayəndəliyinin işinin gücləndirilməsi və sistemləşdirilməsi məsələləri qaldırılmışdır. Hələlik yarımadada Azərbaycan mətbuatının, bazar günü məktəblərinin, hüquq klinikalarının və yerli hakimiyyət orqanlarında öz deputatlarının olmaması məsələləri açıq qalmışdır. Hikmət Cavadov demişdir: "Bugünkü görüş diasporun regiondakı problemlərini diqqətlə araşdırmaqda və onların aradan qaldırılması yollarını müəyyənləşdirməkdə bizə kömək göstərmişdir. Biz Ukraynanın hər yerində belə görüşlər keçirilməsi praktikasını tətbiq etmək niyyətindəyik".

Müzakirələr qurtardıqdan sonra "Cəmilə" krım-tatar ansamblı qonaqlar qarşısında çıxış edərək Azərbaycan xalq rəqslərini ifa etmiş, Azərbaycan diasporunun gənc üzvləri Sabirin şeirlərini söyləmişlər.

 

 

Azərbaycan.-2012.- 13 sentyabr.- S.6.