AzTU-da «Mühəndislik proqramları mərkəzi» açılmışdır

 

 Bu günlərdə N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin (MDTU) bir qrup professor-müəllim heyəti Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dövlətlərarası Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun (DBHƏF) layihəsi çərçivəsində "Mühəndislik ixtisasları proqramının əməkdaşlıq mərkəzi"nin yaradılması və "master-klass" dərsləri keçirilməsi məqsədi ilə Azərbaycan Texniki Universitetində (AzTU) olmuşdur.

AzTU-nun rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov qonaqları səmimi salamlamış, onlara rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat vermiş, bu ali təhsil ocağının ölkəmizdə, eləcə də dünyada fəaliyyət göstərən elm və təhsil ocaqları ilə əməkdaşlıq etdiyini bildirmişdir. Rektor belə bir mərkəzin respublikamızın elm və təhsil sisteminə öz dəyərli töhfəsini verəcəyindən əmin olduğunu xüsusi vurğulamışdır.

Professor Havar Məmmədov bildirmişdir ki, mərkəz Müstəqil Dövlətlər Birliyi ölkələrinin Dövlətlərarası Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun layihəsi çərçivəsində N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti ilə AzTU arasında imzalanmış birgə əməkdaşlığa dair müqaviləyə əsasən yaradılmışdır.

Ali məktəbin bazasında fəaliyyət göstərəcək "İxtisasartırma proqramları" elm-tədris mərkəzində Azərbaycanın sənaye müəssisələrinin, universitetlərin, orta-ixtisas məktəblərinin və kolleclərinin, habelə müxtəlif dövlət qurumları və şirkətlərinin əməkdaşları (əsasən mühəndis və texniki işçilər) 56 ixtisas proqramı üzrə yenidən hazırlanacaq, ixtisasartırma və distant təhsili alacaqlar. Yaradılan "Mühəndislik proqramları mərkəzi" yüksək sürətli internetlə təmin olunmuşdur. Təlimlər və mühazirələr MDTU-nun professor-müəllim heyəti tərəfindən aparılacaqdır. Dinləyicilərə Bauman adına Moskva Dövlət Texniki Universitetinin (MDTU) analoji proqramının bütün materiallarından yararlanmağa şərait yaradılacaq.

İlkin olaraq on beş günbir ay müddətində davam edəcək təlimlərdə müxtəlif dövlət qurumlarının 15 nəfər nümayəndəsi iştirak edəcək, kompyuter texnologiyaları, radio-televiziya avadanlıqları, xüsusi maşınqayırma, enerji maşınqayırması və s. ixtisaslar üzrə kursu bitirəcək və onlara sertifikatlar təqdim olunacaq.

Tədbirdə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Əliyeva  çıxış edərək yeni yaradılan mərkəzin fəaliyyətinə uğurlar arzulamış və onun respublikanın elm-təhsil sistemi üçün vacibliyini qeyd etmişlər.

Sonra Rusiyanın Humanitar  Əməkdaşlıq Təşkilatının Azərbaycan üzrə sədr müavini Ravil Zaripov çıxış edərək AzTU-nun bir sıra beynəlxalq və regional proqramlarda uğurla iştirak etdiyini bildirmişmemoranduma əsasən bu mərkəzin gələcəkdə regional mərkəz kimi də fəaliyyət göstərəcəyini söyləmişdir.

Daha sonra Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Dövlətlərarası Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun icraçı katibi S.İ.Qaymanov çıxış etmiş, iştirakçılara layihənin əsas məziyyətləri və ixtisasartırma kursları haqqında məlumat vermiş, ezamiyyət müddətində "İnformasiya sistemlərində məlumatların qorunması" kurslarının xüsusi proqram üzrə keçilməsinin və treninqlər aparılmasının da nəzərdə tutulduğunu bildirmişdir.

Azərbaycan Texniki Universitetində (AzTU) "Mühəndislik proqramları mərkəzi"nin rəmzi açılışını bildirən lent kəsildikdən sonra qonaqlar mərkəzlə tanış olmuşlar.

Tədbirə AzTU-nun rektoru, texnika elmləri doktoru, professor Havar Məmmədov yekun vurmuş, butun qonaqlara, xüsusilə də Bauman adına Moskva Dövlət Texniki Universitetinin nümayəndə heyətinə öz təşəkkürünü bildirmişdir.

Tədbirdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Təhsil Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun nümayəndələri, eləcə də MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun nümayəndə heyəti  iştirak etmişdilər.

 

 

Azərbaycan.-2012.- 13 sentyabr.- S.6.