Əli HƏSƏNOV: «Erməni terror təşkilatlarının səfirliklərimizə qarşı təhdidlərini nəzərə alaraq, bütün lazımi təhlükəsizlik tədbirləri görürük»

 

 Bu təhdidlər təkcə erməni terror təşkilatlarının və yaxud da ayrı-ayrı erməni lobbi təşkilatlarının siyasəti deyil, Ermənistanın dövlət siyasətidir

 

 "Ermənilər, onların lobbi təşkilatları, o cümlədən keçmişdə ciddi terror hadisələri törətmiş ASALA tipli terror təşkilatlarının beynəlxalq aləmdə Azərbaycana qarşı qisasçılıq hərəkətləri, yaxud da digər terror hadisələri planlaşdırdığı barədə məlumatlar sızır. Bu məlumatlar bizə də daxil olub". APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib.

O, artıq Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən səfirliklərinə, xaricdə yaşayan azərbaycanlılara qarşı təhdidlərin olduğunu deyib: "Bu təhdidləri nəzərə alaraq bütün lazımi təhlükəsizlik tədbirləri görürük. Amma bir şeyi əvvəldən bütün dünyaya bəyan edirik ki, bu, təkcə erməni terror təşkilatlarının və yaxud da ayrı-ayrı erməni lobbi təşkilatlarının siyasəti deyil. Bu, Ermənistanın dövlət siyasətidir".

Əli Həsənov ermənilərin uzun illərdir azərbaycanlılara qarşı soyqırımı törətdiyini deyib: "Xocalı soyqırımı yaxın tariximizdə baş verən bu hadisələrdən biridir. Ermənilər Ramil Səfərov hadisəsindən sui-istifadə edərək dünyada bir anti-Azərbaycan fəaliyyəti reallaşdırırlar. Azərbaycanlıları qəddar, ermənilərə qarşı bu tipli tədbirlər görən millət kimi təqdim edirlər. Amma faktiki olaraq bütün dünya bilir ki, Ramil Səfərovun aldığı cəza törətdiyi cinayətə adekvat deyil. Ramil Səfərov verilən cəzanı çəkib. Ona verilməli olan cəza Avropa ölkələrində və Ermənistan daxil bütün dünyada maksimum 15 il ola bilərdi və bu 15 ilin də artıq yarıdan çoxunu çəkdiyinə görə, azad edilmək onun haqqıdır. Həbsdə olduğu müddətdə özünün nümunəvi davranışı, ətrafına olan münasibəti ilə sübut edib ki, o nə Azərbaycan daxilində, nə də Azərbaycan xaricində ictimai təhlükə kəsb etmir.

Ramil Səfərovun əfvi tam qanunlar çərçivəsində həyata keçirilib. Ona görə də nə Macarıstanın hakimiyyət orqanları, nə də Azərbaycan Prezidenti heç bir səhvə yol verməyiblər. Ermənilərin bu hay-küyü əsassızdır. Ermənilər bundan daha artıq qatı cinayətlər törətmiş insanları əfv ediblər. ASALA-nın təhdidlərinə biz lazımi cavab veririkbundan sonra da verəcəyik. Biz hesab edirik ki, bu, növbəti kampaniyadır və ötüb gedəcək".

 

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S.2.