Azərbaycan-Türkiyə münasibətləri yüksək mənəvi dəyərlər üzərində qurulub

 

 Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin qurulmasından 20 il keçirbu gün iki ölkə arasındakı əlaqələr özünün ən yüksək inkişaf dövrünü yaşamaqdadır. Azərbaycan-Türkiyə münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək sıx qarşılıqlı əməkdaşlıq şəraitində davam etməkdədir. Təsadüfi deyil ki, dünyanın aparıcı strateji araşdırma mərkəzləri və nüfuzlu analitikləri Azərbaycan və Türkiyənin dünyada ən sıx və möhkəm münasibətlərə malik olan iki ölkə olduğunu vurğulayırlar. Bu baxımdan hər iki ölkə istər iqtisadi, siyasi, istərsə də hərbi-strateji baxımdan bir-biri üçün xüsusi önəm daşıyır.

Sentyabrın 11-də Qəbələdə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası zamanı da tərəfdaşlıq, qardaşlıq münasibətinin yüksələn xətlə inkişaf etdiyi bir daha təsdiqini tapdı. Həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkənin məqsəd və məramını, qarşılıqlı əlaqələrini və gələcək planları açıqladılar.

Qəbələdə keçirilən iclasda Azərbaycan-Türkiyə münasibətlərindən danışan Prezident İlham Əliyev demişdir ki, Türkiyə-Azərbaycan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir, bütün sahələri əhatə edir. Azərbaycanla Türkiyə arasında strateji dostluq və qardaşlıq münasibətləri var. Biz hər zaman bu münasibətlərə sadiqik. Bizim ölkələr bütün sahələrdə və bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Biz bütün beynəlxalq təşkilatlarda vahid mövqedən yanaşırıq, bir-birimizi dəstəkləyirik və bu dəstək bizim üçün, bölgə üçün, dünya üçün çox önəmlidir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ikitərəfli münasibətlərin inkişafı üçün vacibdir, həmçinin bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi üçün sabitləşdirici rol oynayır. Bizim dünyadakı rolumuz artır və bir-birimizə dəstək verməyimiz ölkələrimizin önəmini daha da artırır.

Bəli, bu gün hər iki ölkənin strateji müttəfiqliyi inkişaf edir, güclənir, bütün sahələri əhatə edir. Qəbələdə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası da gələcək fəaliyyət üçün bir yol xəritəsi olacaqdır.

Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan da sözügedən iclasda strateji tərəfdaşlıqla yanaşı yüksələn xətlə inkişaf edən siyasiiqtisadi münasibətlərə toxunmuşdur. Baş nazir demişdir ki, on il əvvəl bir milyard dollar olan ikitərəfli xarici ticarət dövriyyəsi bu gün 3,5 milyard dollara çatıb: "Ötən yeddi ayda bu sahədə vəziyyət təxminən 2,6 milyard dollar oldu, - əgər bunu bir az da səylə, coşqu ilə davam etdirsək, zənnimcə, belə qısa bir dövr deyək - 2015-ci il üçün düşündüyümüz beş milyard dollarlıq xarici ticarət həcmini bu ilin sonunadək reallaşdıra bilərik. Beş milyard dollarlıq bu ticarət həcmini reallaşdırmağımız 2015-ci ildə bizə on milyard dollarlıq bir xarici ticarət dövriyyəsini təmin edər ki, bundan sonra 2020-ci ildə bunu 20 milyard dollara çıxararıq. Çünki artıq həqiqətən böyüyən, inkişaf edən bir Azərbaycan vardır, artıq böyüyən, inkişaf edən bir Türkiyə vardır. Bu iki qardaş, dost ölkənin əl-ələ verməsi və xüsusilə qurucu Prezident mərhum Heydər Əliyevin ifadə etdiyi kimi, biz "iki dövlət, bir millət" anlayışı ilə bu prosesə diqqət yetirdiyimiz müddətdə bunu daha yaxşı bir səviyyəyə çatdıra bilərik, çatdıracağıq. Qarşımızda bir maneə yoxdur".

Həqiqətən Azərbaycan və Türkiyənin istər hərbi, iqtisadi siyasi, istərsə də  mədəni əməkdaşlığı bütün beynəlxalq aləmdə də çox ciddi bir həmrəylik içərisində davam edir. Türkiyə-Azərbaycan münasibətləri hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək hərtərəfli sıx qarşılıqlı əməkdaşlıq şəraitində davam etməkdədir. 2009-cu ilin avqust ayının 16-da hər iki ölkənin prezidentləri İlham Əliyev və Abdullah Gülün Bakıda imzaladıqları "Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə" hər iki dövlətin təhlükəsizlik məsələsində də bir yerdə olduğunu göstərib. Müqaviləyə əsasən, tərəflər bir-birlərinin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının təmin olunmasında və qorunmasında sıx əməkdaşlıq edəcək, təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirə salınmadan məsləhətləşmələr aparacaqlar.

Bütün bunlar onu göstərir ki, Azərbaycan Türkiyə, Türkiyə də Azərbaycan üçün əvəzedilməz ölkədir və iki qardaş dövlət arasında münasibətlər gələcəkdə daha da inkişaf etdiriləcək. Azərbaycan-Türkiyə münasibətləri yüksək mənəvi dəyərlər üzərində qurulub və iki ölkə arasında olan qardaşlıq münasibəti heç zaman sarsılmayacaq.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S.2.