Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın inkişafı üçün bütün sahələrdə böyük işlər görülmüşdür

 

 Sentyabrın 13-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıçla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə nazir Elmar Məmmədyarov Hulusi Kılıçın ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirmiş və iki qardaş ölkənin münasibətlərinə verdiyi böyük töhfəyə görə minnətdarlığını ifadə etmişdir.

Görüşdə qeyd edilmişdir ki, Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın inkişafı üçün bütün sahələrdə böyük işlər görülmüşdür. Hazırda ikitərəfli münasibətlərimiz yüksək səviyyədədir.

Elmar Məmmədyarov qeyd etmişdir ki, Prezident İlham Əliyevin Hulusi Kılıçı "Dostluq" ordeni ilə təltif etməsi Azərbaycan dövlətinin və xalqının türkiyəli diplomata verdiyi böyük qiymətin göstəricisidir. Diplomata gələcək fəaliyyətində uğurlar arzulayan Elmar Məmmədyarov vurğulamışdır ki, o, hər zaman xalqımızın yaddaşında xoş xatirələrlə qalacaqdır.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S.2.