Bakının Xəzər rayonunda Heydər Əliyev Fondunun
təşəbbüsü ilə daha bir təhsil ocağı əsaslı təmir
və yenidənqurmadan sonra istifadəyə verilmişdir
Sentyabrın
13-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində
Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı
təmir olunmuş və yenidən qurulmuş 8 nömrəli
sanatoriya tipli internat məktəbi istifadəyə
verilmişdir.
Açılış mərasimində
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan
deputatı Mehriban Əliyeva iştirak etmişdir.
Mehriban xanım Əliyevaya gül dəstəsi
təqdim olundu. Azərbaycanın birinci xanımı məktəbin
rəmzi açılışını bildirən lenti kəsdi.
Məktəbdə yaradılan şəraitlə
tanış olan birinci xanıma məlumat verildi ki, bu təhsil
ocağı 1962-ci ildən fəaliyyət göstərir.
İndiyədək məktəbin binasında əsaslı təmir
işləri aparılmamışdı. Heydər Əliyev
Fondunun "Uşaq evləri və internat məktəblərinin
inkişafı proqramı" çərçivəsində
internat məktəbinin binasının təmirinə bu ilin
martında başlanılmışdır. Ümumi sahəsi
dörd hektar olan və 290 şagird yerlik sanatoriya tipli internat
məktəbi iki hissədən - tədris korpusu və
yataqxanadan ibarətdir. İkimərtəbəli tədris
korpusunda xüsusi avadanlıqla təchiz olunmuş linqafon,
fizika, kimya, hərbi vətənpərvərlik, əmək,
kompyuter otaqları və müxtəlif fənn kabinetləri fəaliyyət
göstərir. Burada həmçinin idman zalı, kitabxana, həkim
otağı, 160 nəfərlik akt zalı vardır.
Məktəbin həyətində 200
tamaşaçı yeri olan stadion da inşa edilmişdir.
Stadionda uşaqlar idmanın müxtəlif növləri -
basketbol, futbol, voleybol, tennis ilə məşğul ola biləcəklər.
Məktəbin ayrıca su anbarı
vardır. Binada təhlükəsizlik kameraları
quraşdırılmışdır.
Heydər Əliyev Fondunun prezidenti, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva yataqxana korpusu
ilə də tanış oldu. Üçmərtəbəli
binada geniş və işıqlı yeməkxana, yuxarı mərtəbələrdə
isə 10 yataq, 18 istirahət, kompyuter otaqları, həmçinin
həkim kabineti vardır. Bu təhsil ocağında valideynlər
üçün də xüsusi guşə
ayrılmışdır. Həmin guşədə onların
istirahəti və gecələməsi üçün də
şərait yaradılmışdır.
Azərbaycanın birinci xanımı
görülmüş işlərdən
razılığını bildirdi.
AzərTAc
Azərbaycan.-2012.-
14 sentyabr.- S.2.