Türkiyə deputatı 15
sentyabrın Türkiyə-Azərbaycan Qardaşlıq
Günü elan olunmasını təklif etmişdir
Türkiyə
deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası
dostluq qrupunun sabiq sədri Mustafa Kabakçı AzərTAc-a
bildirmişdir ki, Nuru Paşanın komandanlığı ilə
Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etdiyi
tarixin - 15 sentyabrın Türkiyə-Azərbaycan
Qardaşlıq Günü elan olunmasını təklif
etmişdir.
Bu təklifi, habelə Bakıda Nuru
Paşanın abidəsinin ucaldılması ideyasını
Türkiyədə mətbuat üçün bəyanatında
da səsləndirdiyini bildirən deputat demişdir ki,
Bakının işğaldan azad olunması Çanaqqala zəfəri
qədər mühümdür. Türkiyədə və Azərbaycanda
bütün qardaşlarımız bilməlidirlər ki,
1918-ci ildə erməni-bolşevik quldur dəstələrinə
qarşı qələbə qazanan Nuru Paşanın cəmi
27 yaşı var idi və bu cəsur komandan 20 min Azərbaycan
türkünün qətlə yetirildiyi Bakıda minlərlə
dinc insanın həyatını xilas etmişdir. Bakı zəfəri
bizim ortaq tariximizin və qardaşlığımızın ən
gözəl örnəklərindən biridir. Bu gün Azərbaycanın
Şamaxı, İsmayıllı, Göyçay və digər
şəhərlərində Qafqaz İslam Ordusu əsgərlərinin
adsız məzarı vardır. Azərbaycan xalqı Nuru
Paşanın və əsgərlərin xatirəsini daim qəlbində
yaşadır. Deputat ümidvar olduğunu bildirmişdir ki, iki
qardaş ölkənin rəsmiləri bu təklifi müsbət
qiymətləndirəcəklər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın
xüsusi müxbiri
Ankara
Azərbaycan.-2012.-
14 sentyabr.- S.3.