Ermənistan Konstitusiya Məhkəməsi nümayəndə heyətinin məkrli cəhdinin qarşısı alınmışdır

 

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 10-11-də Avropa Konstitusiya Məhkəmələrinin Konfransı Təşkilatının Sədrlərinin iclasında iştirak etmək üçün Avstriyanın Vyana şəhərində səfərdə olmuşdur.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Avropanın 40 ölkəsinin konstitusiya məhkəmələrinin üzv olduğu təşkilat 1972-ci ildə Almaniya Federativ Respublikası, İtaliya, Avstriya və keçmiş Yuqoslaviya konstitusiya nəzarəti orqanlarının təşəbbüsü ilə yaradılmışdır. Təşkilatın əsas məqsədləri Avropada konstitusiya ədalət mühakiməsini həyata keçirən orqanlar arasında konstitusiya nəzarəti məsələləri üzrə mütəmadi məlumat mübadiləsinin və demokratik cəmiyyətin mühüm elementi olan konstitusiya məhkəmələrinin müstəqilliyinin təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2000-ci ildə həmin təşkilatın tamhüquqlu üzvü seçilmişdir.

Vyana iclasında təşkilatın 2014-cü ildə keçiriləcək XVI Konqresinin mövzusu, habelə məhkəmələr arasında əməkdaşlıq ilə bağlı bir sıra məsələlər müzakirə edilmişdir.

İclasın iştirakçısı olan xarici qonaqları Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişer qəbul etmişdir.

Görüşdə iştirak edən Ermənistan Konstitusiya Məhkəməsinin nümayəndə heyəti iclası siyasi müstəviyə keçirməyə cəhd etmiş, iştirakçılar arasında Ramil Səfərovun əfv edilməsinin guya Avropa hüquq və dəyərlərinə zidd olduğu barədə bəyanat yaydırmışdır. Bəyanatda Ermənistan nümayəndə heyəti Ramil Səfərovun əfv edilməsi məsələsini sədrlərin iclasının gündəminə salmağa və Avropa konstitusiya məhkəmələrini bu məsələyə qiymət verməyə çağırmışdır.

Lakin Azərbaycan nümayəndə heyəti bu yersiz cəhdin qarşısını almışdır.

Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin kəskin etirazı nəticəsində Ermənistan Konstitusiya Məhkəməsinin təklifi iclasın gündəminə salınmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti adından yazılı bəyanat verilmişdir.

Bəyanatda deyilmişdir ki, Ramil Səfərovun Azərbaycana verilməsi və əfv edilməsi 1983-cü ildə qəbul edilmiş "Məhkum edilmiş  şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının və Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdir. Bəyanatda qeyd edilmişdir ki, əksinə, Ermənistanın özü dövlət səviyyəsində bir sıra beynəlxalq terrorçulara himayədarlıq etmişdir. Məsələn, 1983-cü ildə Fransanın Orli hava limanında erməni terrorçusu Karapetyanın törətdiyi terror aktı nəticəsində çoxsaylı günahsız insan həlak olmuş və o, Fransa məhkəməsi tərəfindən bu qəddar cinayətə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Lakin erməni terrorçusu müəyyən müddətdən sonra cəzadan azad olunaraq Ermənistana verilmiş və dövlət tərəfindən himayəçiliyə götürülmüşdür. Belə hallar Ermənistan tarixində az deyildir.

Bəyanatda xüsusilə qeyd edilmişdir ki, Azərbaycan torpaqlarının bu günə qədər davam edən işğalı nəticəsində bir milyona yaxın insan Ramil Səfərov kimi doğma yurdlarından didərgin düşmüşdür. İşğal Ermənistanın silahlı qüvvələri tərəfindən həyata keçirilir və Ermənistan hökuməti bu hərəkətlərə görə birbaşa məsuliyyət daşıyır. Bəyanatda beynəlxalq ictimaiyyət Ermənistanın cinayətkar siyasətinə hüquqi qiymət verməyə çağırılmışdır.  

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi nümayəndə heyətinin bəyanatı tədbirdə iştirak edən Avropa ölkələrinin konstitusiya məhkəmələrinin sədr və nümayəndələri, habelə Avropa Şurası Venesiya Komissiyasının təmsilçilərinin diqqətinə çatdırılmış və nüfuzlu beynəlxalq tədbiri siyasiləşdirmək cəhdi yekdilliklə pislənilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S.3.