ATƏT Ermənistanın status-kvonu dəyişməkdə maraqlı olmadığını görmür?

 

 "Biz daha bir erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına icazə verməyəcəyik".

 

İlham ƏLİYEV

 

 

 Ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, beynəlxalq ictimaiyyətin bu prosesdə ölkəmizə bəslədiyi inam, 155 ölkənin bizə verdiyi dəstək həqiqətən diqqətəlayiq faktlardandır. Azərbaycanda aparılan siyasi və iqtisadi islahatlar gündən-günə güclənir və dönməz xarakter alır. Azərbaycan Avropa Şurasının üzvüdür. İndi ölkədə demokratik azadlıqlar, mətbuat azadlığı mövcuddur. İnternet istifadəçilərinin sayı günbəgün artır. Bütün bunların isə xalqın, dövlətin inkişafı üçün əhəmiyyəti əvəzsizdir.

İqtisadi sahədə əhəmiyyətli dəyişikliklər baş verib. Son 9 ildə ümumi daxili məhsul 3 dəfə artmış, yoxsulluq səviyyəsi 49 faizdən 7 faizə enmişdir. İşsizlik səviyyəsi 5,4 faizə düşüb, 1 milyondan artıq iş yeri açılıb. Cənubi Qafqaz iqtisadiyyatında Azərbaycanın payı 80 faizdən çoxdur.

Sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə ATƏT-in üzvü olan ölkələrin səfirlərini qəbul edərkən müstəqilliyin 20 ili ərzində Azərbaycanın bütün sahələrdə nəzərəçarpacaq irəliləyişlər əldə etdiyini bildirib. "Çox vaxt Azərbaycanla bağlı kütləvi informasiya vasitələrindən xəbər tutduğunuz vəziyyəti öz gözlərinizlə görəcəksiniz. Bu, insanlarla görüşmək, ölkənin inkişafını, əldə olunan nailiyyətləri görmək üçün yaxşı fürsətdir", - deyə dövlət başçısı bildirib.

Bütün bu nailiyyətləri görmək, ölkə başçısının qeyd etdiyi kimi, "...əldə etdiyimiz inkişafı, üzləşdiyimiz çətinlikləri öz gözlərilə görmələri üçün" ATƏT-in üzvü olan ölkələrin səfirlərinə hər cür şərait yaradıldı. Onlarla müxtəlif görüşlər keçirildi, gəzintilər təşkil olundu. Belə görüşlər Milli Məclisdə, "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyində də baş tutdu.

Qəbələdə Prezident İlham Əliyevlə görüşdə hamı üçün narahatlıq doğuran bir məsələyə - Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi məsələsinə, bu sahədə ikili standartların baş alıb getməsinə də kəskin münasibət bildirildi: "Azərbaycan erməni təcavüzünün qurbanıdır. Bu, danılmaz faktdır. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir. Bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən bu ərazidə azərbaycanlılar məskunlaşıblar. Hüquqi baxımdan Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Sovet vaxtı Dağlıq Qarabağ muxtar vilayət olub, hətta muxtar respublika belə olmayıb, o, Ermənistanla inzibati sərhədlərə belə malik deyil. Beləliklə, Dağlıq Qarabağ Azərbaycanın ərazisi daxilində yerləşir və münaqişə başladıqda orada yaşayan insanların etnik tərkibi 75-25 faiz nisbətində idi. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulublar. Ermənistan 7 ətraf rayonda etnik təmizləmə siyasəti aparıb. Halbuki orada heç bir zaman erməni əhalisi yaşamayıb. Nəticədə bizim Dağlıq Qarabağın ətrafındakı rayonlardan 750 mindən çox, Qarabağın özündən 40 min, Ermənistandan qovulan 200 mindən çox qaçqın və köçkün soydaşımız var. Bu rəqəmlər aydın məsələdir ki, münaqişənin başlandığı, etnik təmizləmə aparıldığı dövrə aiddir. Keçən dövr ərzində məcburi köçkün ailələrdə demoqrafik artım baş verdiyinə görə bu rəqəmlər də artmaqdadır".  

Ermənistan bilməlidir ki, insanların öz müqəddəratını təyin etmək hüququ ərazi bütövlüyü prinsipinə xələl gətirməməlidir. Nəzərdən qaçırmamalıyıq ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin razılığı olmasaydı, indiki Ermənistan dövlətinin mövcudluğundan söhbət belə gedə bilməzdi. Regionda sülhün, əmin-amanlığın bərqərar olması üçün Ermənistan qoşunları dərhal torpaqlarımızdan çıxarılmalı, işğal olunmuş bütün ərazilər Azərbaycana qaytarılmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Heç kəsə sirr deyil ki, Cənubi Qafqazdakı hərbi münaqişələr, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə sülhün bərqərar olmasına, iqtisadi imkanların artmasına mane olur.  Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk qrupu 20 ildir bu istiqamətdə fəaliyyət göstərir. Bu müddət ərzində Minsk qrupu müxtəlif təklif və prinsiplər irəli sürüb. Lakin Ermənistan tərəfi hər dəfə ATƏT-in təklif etdiyi prinsiplərdən imtina edir. 20 ildir hüquqları pozulmuş 1 milyon insanın haqq səsini nə ATƏT, nə də digər beynəlxalq təşkilatlar eşidir. Qəribədir, bu günə qədər işğalçı ilə işğal olunmuş ölkə arasında heç bir fərq qoyulmur. Sanki mövcud status-kvo hər kəsi qane edir. Ancaq bu vəziyyət Azərbaycanı qane etmir. Bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin icrası vacibdir. Lakin həm BMT, həm də digər beynəlxalq qurumların münaqişə ilə bağlı qəbul etdiyi sənədlər hələ də yerinə yetirilməyib.

"Lakin Ermənistan status-kvonu saxlamağa çalışır və danışıqlar masasında oturmaq istəmir. Onların bütün təxribatçı əməlləri və bəyanatları bir məqsəd güdür, bu da münaqişənin həllinin uzadılmasıdır. Onlar bir şeyi başa düşməlidirlər ki, status-kvonu bu neçə illər ərzində saxladıqları kimi davam etdirə bilməyəcəklər. Qüvvələr və güc balansı dəyişir, Azərbaycan 20 il bundan əvvəlki ölkə deyildir. Azərbaycan özünü qorumaq iqtidarında olan ölkədir. Ermənistan üçün ən yaxşı çıxış yolu onun gələcəyinin regionun inkişafından asılı olduğunu anlamasıdır", - deyə ölkə başçısı bildirib.

Tədbirdə çıxış edən Norveçin ATƏT-dəki nümayəndəsi Robert Kvil nümayəndə heyətini qəbul etdiyinə və onlara Azərbaycanın digər bölgələrini də görmək imkanı yaratdığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. İrlandiyanın ATƏT-dəki nümayəndəsi Eoin O`Leri də bu səfər zamanı aparılacaq müzakirələrin və fikir mübadiləsinin çox əhəmiyyətli olduğunu qeyd edib. Sonra Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Andrey Kelin çıxış edərək ölkəmizdəki yeniliklərdən, inkişafdan, daha sonra son günlər erməni lobbisi tərəfindən xüsusi canfəşanlıqla şişirdilən bir məsələdən - azərbaycanlı zabit Ramil Səfərovun əfv olunmasından danışdı: "Biz çox çətin bir məqamda gəlmişik. Biz iki gün əvvəl İrəvanda səfərdəydik və prezident Sarkisyanın açıqlamalarında müəyyən gərginlik sezdik. Bu, sizə də məlum olan son hadisələrlə əlaqədardır".

Son günlər Ramil Səfərovun Azərbaycana qaytarılması və əfvi bəzi siyasətçilərin və bir sıra beynəlxalq təşkilatların, mətbuat orqanlarının spekulyasiya mövzusuna çevrilib. Hətta həmişə insanların azad olunması tələbilə çıxış edən Avropa Şurası da bu məsələdə ikili standartlarla düşündüyünü nümayiş etdirir. 1 milyondan artıq qaçqın və köçkünün illərdir pozulan hüququndan, elə həmin R.Səfərovun qaçqın həyatı yaşayan doğmalarından, onların hüquqlarından danışmağa xəsislik edən AŞ sədrinin bu mənada etirazlarının əsası yoxdur. Bu, Milli Məclis Sədri O.Əsədovun, eləcə də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin ATƏT üzvü olan olkə səfirlərilə görüşdə də səsləndi. Ancaq ən son sözü ölkə başçısı dedi: "Həmin bu Avropa Şurası indi də məni ittiham edir ki, Ramil Səfərovu niyə əfv etmişəm. Həmin o adamın vətənindən olan Breyvik 80-ə yaxın adamı qətlə yetirdi, 21 il iş verdilər. Hər bir ölənə elə bil ki, 3 ay cəza düşür. Elə şey olarmı? Ona görə niyə səsini çıxarmır?"

Prezident İlham Əliyevin cavabı olduqca konkret və kəsərli oldu:

"Mən paralellik aparmadan sadəcə bir tarixi məqamı xatırlatmaq istərdim. 2001-ci ildə Ermənistan prezidenti Fransanın Orli hava limanında Türk Hava Yollarına məxsus zolaqda bir neçə nəfərin, səhv etmirəmsə, 1 amerikalı, 4 fransız, digərləri türk olmaqla 8 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədən Karapetyan adlı terrorçunu əfv edib. Karapetyan Ermənistan vətəndaşı deyildi, lakin bir neçə il həbs cəzası çəkdikdən sonra, o, Ermənistana ekstradisiya olundu və Sarkisyanın xələfi və yaxın tərəfdaşı Koçaryan onu dərhal əfv etdi. Həmin vaxt biz beynəlxalq təşkilatlardan, siyasətçilərdən bu məsələ ilə bağlı heç bir açıqlamanın şahidi olmadıq. Mən 8 nəfərin qatili, 50 nəfərin yaralanmasına səbəb olan terrorçu ilə zabitimiz arasında paralellik aparmıram. Lakin bu, bir həqiqətdir. İndi ermənilərin özlərini təhqir olunmuş kimi qələmə verməyə haqları yoxdur. Mənə elə gəlir ki, buna bütün məqamlardan yanaşdıqda bu, doğru qərar idi. İndi Ermənistanın özünə ismarıc göndərilməlidir: bundan danışıqlar prosesini pozmaq üçün bəhanə kimi istifadə etməyin, bundan gərginlik yaratmaq üçün istifadə etməyin! Gərginliyi yaradan Azərbaycan deyil, onlardır. Onlar sakitləşməli, danışıqlar masasına qayıtmalı və münaqişənin mümkün qədər tez həlli yolunu tapmağa çalışmalıdırlar."      

Ermənilərin yalançı "sülh" şüarlarının arxasında nələrin gizləndiyini hamı yaxşı bilir - bütün vasitələrlə münaqişənin həllini uzatmaq, status-kvonu qoruyub saxlamaq, gələcəkdə hansısa əlverişli geosiyasi vəziyyətə ümid eləmək. Amma bütün variantlar işlənib qurtarıb. Son dövrlər artan müharibə çağırışları da əsassız deyil. Sülh istəyən sülhə doğru addım atmalıdır: "Onlar həmişə məsələnin sülh yolu ilə həllini istədiklərini bildirirlər. Biz də problemin sülh yolu ilə həllini istəyirik. İyirmi il ATƏT-in Minsk qrupunda olmağımız aydın şəkildə göstərir ki, biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Sülh yolu ilə həlldən başqa biz, eyni zamanda, torpaqlarımızın da azad olunmasını istəyirik. Lakin Ermənistan yalnız sülh yolu ilə həll istəyir, onlar yalnız sülh istəyirlər. Biz də sülh istəyirik, həm də torpaqlarımızı istəyirik. Bu torpaqlar tarixən, siyasi baxımdan və hüquqi baza nöqteyi-nəzərindən bizimdir", - deyə Azərbaycan Prezidenti bildirib.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S.5.