ASALA-nın təhdidləri Ermənistanı ağır embarqolara məruz qoymaq üçün əsas verir

 

Təəssüf ki, dünya birliyi terrorçu dövlətə layiq olduğu cavabı vermir

 

 Ermənistan hakmiyyəti ASALA terror təşkilatının əli ilə dünya azərbaycanlılarına hədə-qorxu gəlməkdə davam edir. İşğalçı ölkənin parlamenti sərsəm bəyanat qəbul edərək Ermənistanın ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarından imtinasını vacib sayır. Eyni zamanda, parlament tərəfindən Daglıq Qarabağdakı separatçı-terrorçu rejimi tanımaq üçün daha bir cəhd olunur. Bütün bunlar  ASALA terror təşkilatının Azərbaycanın Macarıstandakı və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə daxil olmuş məktubu ermənilərin vəziyyətdən çıxış yolu kimi terroru seçdiklərini təsdiqləyir. Amma ermənilər unutmamalıdırlar ki, terror dilində danışmaqla Azərbaycana hər hansı təzyiq göstərə bilməzlər. Çünki Azərbaycan dövlətinin istənilən təhdidin qarşısını almaq üçün yetərincə gücü və imkanı var.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadənin fikrincə, adıçəkilən terror təşkilatının azərbaycanlılara qarşı hədə dolu bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, Ermənistan hakimiyyətində etnik təcavüzə meyillilik güclüdür: "İndi elə bir dövrdür ki, istənilən fikir ayrılığını sivil qaydada, beynəlxalq hüquq normaları çərçivəsində həll etmək olar. Amma görünən odur ki, Ermənistan buna hazır deyil". A.Mirzəzadə vurğulayıb ki, bu gün dünya ictimaiyyətinin qarşısında duran əsas məsələlərdən biri terrorla mübarizədir və bütün beynəlxalq təşkilatlar daim bu mübarizəyə dəstək verir: "Lakin təəssüflər olsun ki, azərbaycanlı zabitin öz vətəninə qayıtmasına etiraz bəyanatları verən bəzi təşkilatlar erməni terror təşkilatının dünya azərbaycanlılarını hədələməsinə susur". İlk növbədə Azərbaycanın milli təhlükəsizliyinə, milli maraqlarına mümkün təhdidlərin qarşısının alınması üçün ölkədə bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Ermənistanın istənilən "məqsədinin" qarşısını almaq üçün Azərbaycan kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir. Deputat düşünür ki, XXI əsrdə beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan dünya birliyi erməni terroru təhlükəsinə daha ciddi yanaşmalı, yaxın tarixdə baş vermiş çoxsaylı insan faciələrinin təkrarlanmasına yol verməməlidir. Bu gün Ermənistanın terror təşkilatlarına xüsusi təlimatlar verən ideoloji mərkəzə çevrilməsi beynəlxalq aləmin gözü qarşısında baş verir. Yenə də Azərbaycana qarşı ikili standartın mövcudluğu açıq-aşkar sezilir.

A.Mirzəzadənin sözlərinə görə, Ermənistanın sülh danışıqlarından imtina etməsi işğalçı ölkəni daha ağır vəziyyətə salacaq. Bu, baş verərsə, Azərbaycan məsələnin yalnız hərb yolu ilə həll variantına əl atacaq: "Bu ölkənin dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsindən azdır və müharibə başlasa, Ermənistan ağır duruma düşə bilər. Eyni zamanda, beynəlxalq ictimaiyyət Ermənistanı konstruktivlikdən uzaq bir ölkə kimi tanımağa başlayacaq". Deputat hesab edir ki, bunun diplomatik hərbi fəsadları da mövcuddur. Sadəcə olaraq, işğalçı ölkənin prezidenti Serj Sarkisyan seçkiqabağı "müdrik rəhbər" obrazını yaratmağa çalışır. Çünki bu ölkə rəhbərliyi düşdüyü vəziyyətdən çıxış yolunu tapa bilmir yeganə çıxış yolu olan danışıqlardan imtina məsələsi isə Ermənistan üçün fəlakətəbənzər hadisə olar. 

Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyevin fikrincə isə, Ermənistanın danışıqlardan imtina etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinin, demək olar ki, dayandırılması ilə nəticələnəcək. Digər bir tərəfdən isə, Ermənistan Azərbaycanın hərbi gücdən istifadə edəcəyindən qorxur. Çünki bu situasiyada Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsi üçün hüquqi zəmin yaranır: "Artıq heç kim bizi qınaya bilməz ki, Azərbaycan danışıqların nəticəsini gözləmədi, danışıqları pozdu hərbi yola əl atdı. Halbuki bu variant həmişə aktual olub indi gündəmdədir. Artıq Ermənistanın mənəvi hüquqi haqqı olmayacaq ki, Azərbaycanı hərbi yola əl atmaqda ittiham etsin. Əksinə, bu situasiya Azərbaycana öz torpaqlarını işğaldan azad etmək üçün əlverişli şərait yaradır".

Deputatın sözlərinə görə, bu gün Azərbaycan beynəlxalq miqyasda nüfuz qazanan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, beynəlxalq təşkilatlarda aktivliyi ilə fərqlənən bir ölkədir. Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycanın ayrı-ayrı ölkələrlə mehriban münasibətləri var. Bu imkanlar Ermənistanı ağır embarqolara məruz qoymaq üçün əsaslar verir.

 

 

Azərbaycan.-2012.- 14 sentyabr.- S.5.