«Nor ASALA» da Azərbaycanın xaricdəki diplomatic nümayəndəliklərinə
terror hədəli məktub göndərib
Erməni
millətçilərinin xalqımıza qarşı
apardığı soyqırımı və təcavüz
siyasətinin iki yüz ildən artıq tarixi var. Bu mənfur
siyasətin məqsədi azərbaycanlıları qədim
torpaqlarından sıxışdırıb çıxarmaq,
bu ərazilərdə erməni tarixçilərinin və
ideoloqlarının uydurduğu "Böyük Ermənistan"
dövləti qurmaq olub. Bu məqsədlə mərhələlərlə
həyata keçirilən terror və soyqırımı siyasətinin
qanlı fəsadları böyük türk dünyasının,
o cümlədən Azərbaycan xalqının qan
yaddaşında dərin izlər buraxmışdır.
Uzun illərdir Qərbdə və bir
sıra Şərq ölkələrində kök
salmış erməni terror təşkilatları zaman-zaman fəallaşmış,
çoxsaylı insan tələfatına səbəb olan
aksiyalar həyata keçirmiş və öz
missiyasını yerinə yetirdikdən sonra qeyri-leqal şəraitdə
fəaliyyətini davam etdirmişlər. 1972-1991-ci illərdə
erməni terrorçuları dünyanın əksər
ölkələrində Türkiyənin görkəmli siyasi
xadimlərinə, məşhur diplomatlarına və
tanınmış iş adamlarına qarşı 300-dən
çox terror əməliyyatı törətmişlər. Bu
terror aktlarının 100-dən çoxu ASALA terror təşkilatının
"Orli", "9 İyun" və "3 Oktyabr"
qruplaşmaları tərəfindən 24 ölkənin 38
şəhərində həyata keçirilmişdir.
1988-ci ildən
Azərbaycana qarşı növbəti dəfə aşkar ərazi iddiaları ilə
çıxış edən Ermənistan ərazisində yaşayan azərbaycanlıları deportasiya edərkən müxtəlif vandalizm aktlarına, o
cümlədən terrora əl
atmışdır. Sonrakı mərhələdə
bəzi dövlətlərin himayəsi və dəstəyi ilə
Azərbaycan ərazilərini işğal
edən Ermənistan dinc əhalinin ölümü ilə nəticələnmiş
çoxlu sayda terror aktı planlaşdırmış və
həyata keçirmişdir. Ərazi
ilhaqı məqsədi ilə terrorçuluğu
və separatizmi özünə
başlıca vasitə seçən ermənilər 1988-ci ildən
başlayaraq Azərbaycanda 373 qanlı terror aktı törətmiş, nəticədə
1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər
yaralanmışdır. Terror aktları nəticəsində
həlak olanların böyük əksəriyyətini
qadın, uşaq və qocalar
təşkil etmişdir.
İndi də Ermənistan və erməni diasporu
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun
Azərbaycana verilməsi və əfv olunması ilə əlaqədar
süni ajiotaj yaratmağa və beynəlxalq ictimai
rəyi Azərbaycana qarşı yönəltməyə
çalışır. Ermənistan hökumətinin
qızışdırıcı, aqressiv
mövqeyindən ruhlanan erməni terror təşkilatları isə Azərbaycanın
xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını
hədəfə götürməklə hədələyirlər.
Xəbər verildiyi kimi, sentyabrın 3-də Azərbaycanın
Macarıstandakı səfirliyinə "ASALA Fighters"
terror təşkilatından daxil olmuş məktubda Azərbaycan
diplomatları, xaricdə təhsil alan azərbaycanlı
tələbələr, iş adamları,
diaspor təşkilatlarının fəalları
hədəf kimi göstərilib və
onların qətlə yetiriləcəyi bildirilib.
ASALA terror təşkilatından ölkəmizin
Macarıstandakı və bir sıra digər
ölkələrdəki səfirliklərinə daxil olmuş məktub ermənilərin
iyrənc planlarının olmasından xəbər verir. Məktubda azərbaycanlılara
qarşı hədələr, terror qorxusu və vandal
üsulların tətbiq olunacağı ilə bağlı
fikirlərin yer alması erməni xislətini
bir daha ortaya qoyur. Erməni terror təşkilatlarının
dünyanın gözü
qarşısında bu cür
aqressiv bəyanatlar səsləndirmələri
terrorun ideoloji mərkəzi
olan Ermənistanın
açıq-aşkar terrorizmə rəvac verdiyini
göstərir.
Bu günlərdə isə erməni
"Nor ASALA" terror
təşkilatı ("Yeni Asala") Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə terror hədələri ilə dolu
məktub göndərib. Məktubda qeyd olunur ki, təşkilat Ramil Səfərov və Kvanç
Ağaoğlunun öldürülməsi
ilə bağlı ciddi plan
hazırlayıb.
APA-nın məlumatına
görə, məktublar Azərbaycanın xarici
ölkələrdəki bir sıra səfirliklərinə,
o cümlədən Macarıstandakı səfirliyə
göndərilib. Terror təşkilatı
beynəlxalq kütləvi informasiya vasitələrinə,
o cümlədən "Guardian"a məktub göndərərək onları terrorla hədələyib. Məktublarda Azərbaycanın
diplomatik missiyasına, səfirlik əməkdaşlarına
qarşı birbaşa təhdidlər yer alıb.
Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Elman Abdullayev bildirib ki, bu
addım Ermənistan tərəfinin növbəti dəfə
terror üsuluna üstünlük verdiyini
göstərir. XİN rəsmisi bildirib ki, beynəlxalq
ictimaiyyət belə təhdidlərə reaksiya
verməlidir, çünki Azərbaycan terrorçuluğa qarşı mübarizə
işində aktiv əməkdaşlıq
edən ölkələrdəndir: "Bu,
Azərbaycan və Türkiyə
dövlətlərinə qarşı yönələn
açıq terror təhdididir. Dünya ictimaiyyəti buna
biganə qalmamalıdır. Ermənistan tərəfindən
yönəldilmiş bu terror
üsulu tək Azərbaycana yox, terrorla mübarizə aparan bütün ölkələrə
qarşı yönəlib. Buna görə
də terrorla mübarizə aparan bütün ölkələr buna
qarşı səylərini birləşdirməlidir".
E.Abdullayev onu da bildirib ki,
Azərbaycan erməni terrorunun ağır nəticələrini görüb, minlərlə günahsız insan erməni terrorunun
qurbanı olub. Bu kimi təhdidlər beynəlxalq ictimaiyyətə
meydan oxumaqdır: "Azərbaycan tərəfi
məsələ ilə bağlı
araşdırmalarını davam etdirir. Diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin
artırılması üçün
akreditə olunmuş ölkələrlə
danışıqlar aparırıq. Ermənistan tərəfi terrora üstünlük
verirsə, Azərbaycan tərəfi də terrorla
mübarizə üsuluna üstünlük
verir. Bu cür təhdidlər cəzasız
qalmamalıdır. Beynəlxalq ictimaiyyət terror
təhdidlərinə biganə yanaşmamalı, bunu qınamalıdır".
Erməni vandalları dünyanın
gözü qarşısında Dağlıq Qarabağ
müharibəsində dinc əhaliyə qarşı məhz
bu amansız terrordan istifadə ediblər. Serj Sarkisyan da həmin
vandalizm aktlarının başında durub. Erməni terror təşkilatından
daxil olan sənədlər bir daha işğalçı
ölkənin mahiyyətini ortaya qoyur. Beynəlxalq terrorizmə
qarşı fəal mübarizə aparan dünya birliyi erməni
terroru təhlükəsinə daha ciddi yanaşmalı,
yaxın tarixdə baş vermiş çoxsaylı insan faciələrinin
təkrarlanmasına yol verməməlidir. Erməni terror təhlükəsi
bəşəriyyəti bürümədən onun
qarşısı beynəlxalq hüquq normaları çərçivəsində
alınmalıdır.
Elnur HACALIYEV
Azərbaycan.-2012.-
14 sentyabr.- S.5.