Təhsilə davamlı
qayğı siyasəti
Yeni tədris ilinin başlanması təkcə məktəblilər
üçün deyil,
ümumilikdə ölkənin təhsil sistemi
ilə bağlı hər bir vətəndaş
üçün əlamətdar hadisədir.
Son illər milli təhsil
sisteminin məzmununda baş
vermiş əsaslı keyfiyyət dəyişiklikləri
15 sentyabr tarixinin ictimai əhəmiyyətini daha
da artırır. Müasir
dövrün tələblərinə cavab verən fəal maarifçilik
kursunun həyata keçirilməsi,
mütərəqqi yeniliklərin tətbiqi yolu
ilə milli təhsil sisteminin
müasirləşdirilməsi, Avropa təhsil
məkanına inteqrasiya, bir
ictimai-iqtisadi formasiyadan
digərinə keçid dövründə
bu sahədə özünü
göstərən obyektiv problemlərin aradan qaldırılması ölkədə
reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib
hissəsinə çevrilmişdir. Nəticədə
milli təhsil sisteminin
inkişafı məsələsi respublikanın gələcək
inkişaf modelinin əsasını
formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş, insan kapitalının möhkəmlənməsinə
xidmət edən ümumtəhsil hərəkatı güclənmişdir.
Hər bir mütərəqqi islahatın uğuru, şübhəsiz, onun
ictimai şüurla nə
dərəcədə səsləşməsi, cəmiyyət
tərəfindən qəbul olunub-olunmamasından bilavasitə
asılıdır. Son illərdə Azərbaycanda
dövrün reallıqları nəzərə
alınmaqla həyata keçirilən təhsil islahatları da məhz bu reallıqla
şərtlənərək cəmiyyətdəki yeniliklərin
mahiyyətindən irəli gəlir. Azərbaycanın regionda yüksək inkişaf
mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun
artım tempi, büdcə gəlirlərinin
ildən-ilə əhəmiyyətli dərəcədə
çoxalması, ümumilikdə cəmiyyət həyatının
bütün sahələrində mütərəqqi
yeniliklərin tətbiqi təhsil sistemində də
çoxşaxəli islahatların aparılmasına xidmət
edən ümumtəhsil hərəkatını genişləndirir.
Təhsilin bütün istiqamətlər üzrə proporsional inkişafı ciddi
investisiya tələb edən məsələ
olduğundan dövlətin son illərdəki maliyyə imkanları bu sahədə qlobal layihələrə
başlamağa
münbit şərait
yaratmışdır. Dövlət büdcəsi vəsaitlərinin
ildən-ilə artması təhsil sahəsində məhz
maliyyə çatışmazlığı səbəbindən
uzun illərdən bəri
yığılıb qalmış bir çox problemlərin hazırkı mərhələdə
həlli məsələsini aktuallaşdırır. Bu, dövlət investisiyalarının həcmcə
artımını təmin etmiş, sahənin
dünya standartları səviyyəsinə
qalxmasına geniş imkanlar
açmışdır.
Xatırlatmaq
yerinə düşər ki, 2003-cü ildə
130 milyon manat təşkil
edən təhsil xərcləri 2011-ci ildə 1,4 milyard manata yüksəlmişdir.
2004-cü ildən 2011-ci ilə qədər dövlətin təhsilə
ayırdığı büdcə vəsaiti 6 dəfə
artmışdır. 2012-ci ildə təhsilə dövlət
büdcəsindən 1,5 milyard manat vəsait ayrılmış, bu sahənin dövlət büdcəsi xərclərinin
tərkibindəki xüsusi çəkisi
9,3 faiz təşkil etmişdir.
Təhsilə qoyulan investisiya
xərcləri 2011-ci ildə 273,2 milyondan
2012-ci ildə 420,9 milyon manata
yüksəlmişdir. "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı"nın həyata keçirilməsi üçün 16,5 milyon,
ali təhsil sistemində yeni
maliyyələşmə mexanizminin tətbiqi
ilə əlaqədar 89,6 milyon, məktəbəqədər
təhsilin maliyyələşdirilməsi üçün
8,5 milyon, ümumtəhsil məktəblərində
şagirdlərin pulsuz dərsliklərlə
təmini üçün 8,1 milyon, maddi-texniki təminatın
möhkəmləndirilməsi üçün
4,5 milyon, təhsil müəssisələrinin
yenidənqurulması və əsaslı təmiri üçün (yalnız dövlət
büdcəsinin mərkəzləşdirilmiş xərclərində)
3 milyon, ümumtəhsil məktəblərinə
tədris laboratoriya (fizika,
kimya, biologiya)
avadanlıqlarının alınması üçün
2,5 milyon manat
ayrılmışdır.
2008-2013-cü
illərdə məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəmləndirilməsi
və müasir informasiya
texnologiyaları ilə təchizatına dair
tədbirlərə 2,2 milyon,
"2010-2013-cü illərdə Azərbaycan
Respublikasının orta ixtisas
təhsili sistemində islahatlar üzrə
Tədbirlər Proqramı"nın maliyyə təminatı
ilə bağlı xərclər üçün
1,9 milyon, "Texniki
peşə təhsilinin inkişafı Proqramı (2007-2012-ci
illər)"nın maliyyə təminatı üçün
1,7 milyon manat nəzərdə
tutulmuşdur.
Adambaşına
maliyyələşmə mexanizminin tətbiqi
də təhsilin keyfiyyətinin yüksəldilməsi
baxımından vacib yeniliklərdən biri olmuşdur. 2011-ci ildə
bir təhsilalana düşən illik xərclər - məktəbəqədər
təhsil üzrə 854 manat, ümumi təhsil üzrə 553, ilk peşə-ixtisas təhsili üzrə
1184, orta ixtisas təhsili
üzrə 784, ali təhsil üzrə
1618 manat təşkil etmişdir.
Ali təhsildə dövlət sifarişi üzrə kadr
hazırlığı ilə bağlı bir
təhsilalana düşən illik xərclərin
məbləği isə orta hesabla 1700 manat olmuşdur.
Bundan başqa,
dövlət xaricdə ali təhsilə
ayrılan vəsaitləri də ildən-ilə
artırır. Dövlət Neft Fondundan bu məqsədlə dövlət
proqramının maliyyələşdirilməsinə 2012-ci
ildə 20 milyon manat vəsait
ayrılmışdır. Bu, ötən
ildəki vəsaitlə müqayisədə 5 milyon
manat çoxdur.
Dövlət proqramı əsasında təhsil alan bir tələbənin
yaşayış və təhsil xərcləri dövlətə
il ərzində təxminən 25-30 min manata başa
gəlir. 2007-ci ildən dövlət proqramı əsasında
bugünə qədər xaricdə təhsil alanların
sayı 1200-ü ötmüşdür.
Təhsil üçün ayrılan vəsaitlərin illik artımı həm də inkişafyönümlü
dövlət proqramları, fərman və sərəncamların
icrası zərurəti ilə şərtlənmişdir.
Qısa müddətdə 16 belə inkişafyönümlü
proqramın icrasına başlanılmışdır. Həyata
keçirilən tədbirlər sırasında təhsilin məzmununun
yeniləşdirilməsi; yeni proqram, dərslik və dərs vəsaitlərinin
hazırlanması; təhsilin idarə olunmasının təkmilləşdirilməsi,
təhsil müəssisələrinin maddi-texniki
və tədris bazasının möhkəmləndirilməsi;
tədrisdə müasir informasiya-kommunikasiya
texnologiyalarından (İKT) istifadə olunması, beynəlxalq
əlaqələrin genişləndirilməsi yolu
ilə təhsilin keyfiyyətinin yüksəldilməsi prioritet təşkil edir.
2012-2013-cü tədris
ilində Azərbaycanda məktəblərin sayı 4505-ə
çatıb. Bir il ərzində
şagirdlərin sayı 13 min 662 nəfər
artıb. Ümumtəhsil müəssisələrinin birinci sinfinə qəbul olunan
şagirdlərin sayı ötən tədris ilinə nisbətən
5046 nəfər və ya 4,02 faiz çoxdur. Yeni tədris ilində 130454 şagirdin
I sinfə qəbul olunacağı
proqnozlaşdırılır. Bakı şəhərindəki
ümumtəhsil məktəblərinin I sinfinə 36102 şagirdin qəbulu gözlənilir.
2011-2012-ci dərs
ilinin yekunlarına görə ümumi təhsili xüsusi
nailiyyətlərlə başa vuran 118 şagird
qızıl, 20 şagird gümüş
medalla təltif olunub.
Onu da qeyd
edək ki, ilk dəfə
2010-2011-ci tədris ilində tam orta təhsil üzrə 53 məzun
qızıl və gümüş medala (37 şagird
qızıl, 16 şagird gümüş
medala) layiq görülüb.
Ölkə rəhbərliyinin
təhsil sistemində gerçəkləşdirdiyi islahatlar yeni tədris ilində
də şagirdlərin normal təhsilinə
yaxşı imkanlar açır. Bu istiqamətdə ən mühüm
addımlardan biri məktəb infrastrukturunun müasirləşdirilməsi, yeni tələblərə cavab
verən məktəblərin inşasıdır. Dövlət
başçısının hələ 11 fevral
2004-cü il tarixdə təsdiq etdiyi "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər) Dövlət
Proqramı" ilə Bakıda və regionlarda
yeni məktəblərin inşası prosesi genişlənmişdir. Bölgələrin
sosial-iqtisadi inkişafı sahəsində
tədbirlərin davam etdirilməsini nəzərdə
tutan "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə inkişafı
Dövlət Proqramı"nda da bir sıra sahələrlə yanaşı, təhsil
infrastrukturunun müasirləşdirilməsi
məsələsinə xüsusi yer ayrılmışdır. Ötən 8 ildə
550 min şagird yerlik 2200 yeni məktəb
binasının tikilməsi çağdaş
təhsil sisteminin ən parlaq
uğurlarından birinə çevrilmişdir.
Bundan başqa, 708 məktəb
müasir avadanlıq, 400 məktəb tədris
laboratoriyaları ilə təchiz olunmuşdur.
Aparılan işlər nəticəsində ikinövbəli məktəblər
73 faizdən 44 faizə, ikinci növbədə
təhsil alan şagirdlər 34,5 faizdən
21 faizə enmiş, 1 milyondan
çox şagirdin təlim
şəraiti yaxşılaşdırılmışdır.
Ölkə başçısının
tapşırığına əsasən, yaxın illərdə
Azərbaycanın bütün orta məktəblərinin birnövbəli və
beş günlük tədris
sisteminə keçidi təmin
olunmalıdır. Bütün bunlarla yanaşı, hazırda respublikanın ucqar kənd məktəblərində tədrisin
keyfiyyətinin yüksəldilməsi ilə bağlı
müəyyən işlər görülür.
Ötən illərdə
qəza vəziyyətində olan,
yararsız binalarda yerləşən məktəblərin
yeniləri ilə əvəzlənməsi də dövlət
başçısının xüsusi
diqqət mərkəzində olmuş, bu məqsədlə 10-a yaxın sərəncam
imzalanmışdır. 2012-ci ilin yanvar-iyul aylarında təhsil sahəsində tikinti-quruculuq işlərinə 277,5 milyon manat, yaxud
əsas kapitala yönəldilmiş vəsaitin
3,9 faizi sərf olunmuşdur.
Bu, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 2,6 faiz artım deməkdir.
2012-2013-cü dərs
ilində respublika üzrə ümumilikdə
43 min 588 şagird yerlik 162 yeni orta məktəb istifadəyə veriləcək.
Bununla yanaşı, artıq 103 məktəb
əsaslı təmir edilib, 21 məktəb
üçün 5104 şagird
yerlik əlavə korpuslar
inşa olunub. Təhsil
Nazirliyi tərəfindən 16 min 640 şagird yerlik 45 yeni orta məktəb tikilib. Həmçinin
üç təhsil müəssisəsi üçün 960 yerlik korpuslar inşa edilib və 15 təhsil ocağında əsaslı
təmir işləri aparılıb.
Azərbaycan Prezidentinin 2003-2012-ci illərdə təməli
qoyulmuş, yeni tikilmiş, əsaslı təmir olunmuş bir çox məktəblərin
açılış mərasimində iştirakı, hər
yeni dərs ilinin ilk günündə müəllimlərlə,
şagirdlərlə, valideynlərlə görüşü
təhsilə yüksək diqqət və qayğının bariz təcəssümüdür. Cənab İlham Əliyev hesab edir ki, Azərbaycanda informasiya biliklərinin əsası məhz orta
ümumtəhsil məktəblərində qoyulmalı,
şagirdlərin ən müasir biliklərə
yiyələnməsi təmin edilməlidir. Dövlət
başçısının 2004-cü il
21 avqust tarixli sərəncamı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya
texnologiyaları ilə təminatı (2005-2007-ci illər)
Proqramı" ölkədə yeni informasiya texnologiyalarından istifadə olunmaqla, təhsilin keyfiyyətinin yüksəldilməsinə
xidmət edən, dünya təhsil
sisteminə inteqrasiya imkanı verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini
informasiya cəmiyyətinə
hazırlamaq məqsədi daşımışdır. Bu sənəddən irəli gələn vəzifələrin
uğurla həyata keçirilməsi nəticəsində
təhsildə informasiya və kommunikasiya texnologiyalarından istifadə yeni səviyyəyə yüksəlmişdir.
Proqramın həyata keçirilməsi nəticəsində çoxlu sayda yeni iş yeri
açılmış, habelə tədrisdə internet-məktəblərin
yaradılması, məsafədən təhsilin təşkili,
yeni informasiya mühitinin formalaşması və informasiya cəmiyyətinə keçid
məsələləri tədricən
reallaşmışdır.
2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" Azərbaycan Respublikasında müasir
informasiya və kommunikasiya
texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin
yaradılması və əhalinin bütün
təbəqələri üçün
keyfiyyətli təhsil almaq
imkanlarının təmin edilməsi məqsədinə xidmət
etmişdir.
Ötən tədris
ilində elektron təhsil
texnologiyalarının tətbiqinin genişləndirilməsi və
İKT infrastrukturunun inkişaf
etdirilməsi istiqamətində həyata keçirilmiş
tədbirlər çərçivəsində "Elektron məktəb" layihəsinə cəlb
olunan təhsil müəssisələrinin
sayı 40-a çatıb. "Bir şagird - bir kompyuter" layihəsi çərçivəsində
2 min nəfər şagirdə netbuk verilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Distant Təhsil
Mərkəzi yaradılıb və müəllim, şagird və valideynlərin təhsil prosesinə
cəlb olunması üçün məsafədənməktəb.edu.az
təhsil portalı istifadəyə verilib.
Daha 500 təhsil müəssisəsi Azərbaycan
Təhsil Şəbəkəsinə (İntranet
və internet) qoşulub.
Hazırda həmin şəbəkəyə qoşulmuş
məktəblərin sayı 1200-ə
çatdırılıb. 1300 nəfər pedaqoji
işçi İKT-nin
tədrisdə tətbiqi sahəsində təlimlərdən keçib. Bununla da "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" çərçivəsində təlimlərdən
keçən pedaqoji işçilərin
ümumi sayı 76 min
980 nəfərə çatdırılıb.
Prezident İlham Əliyevin
4 sentyabr 2007-ci il tarixli "Ən yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim
mükafatlarının təsis edilməsi haqqında" sərəncamı
da təhsil işçilərini gənclərə
yüksək təhsil verməyə
stimullaşdırmışdır. Belə bir
sərəncamın imzalanması gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla
aşılayan, Azərbaycan dili, ədəbiyyatı
və tarixinin, xarici
dillərin tədrisində nailiyyətlər qazanan,
informasiya texnologiyalarının mənimsədilməsi,
şagirdlərin vətənpərvərlik ruhunda
tərbiyəsi işində yüksək nəticələr əldə
edən ümumtəhsil məktəblərinin və müəllimlərin
fəaliyyətini qiymətləndirmək məqsədi
daşımışdır. Dövlət
başçısının bu əsasda
hər il imzaladığı sərəncamlarla
müasir təlim texnologiyaları və
üsulları üzrə kompleks tədbirlər
(innovativ təhsil proqramlarını) həyata
keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən
50 məktəbə 10 min manat,
100 ən yaxşı müəllimin hər birinə isə 5
min manat məbləğində
birdəfəlik mükafat verilir.
2011-2012-ci tədris
ilində 10 ali, 16 orta
ixtisas, 8 ilk peşə-ixtisas
təhsili müəssisəsi akkreditasiyadan
keçirilib. Həmçinin 26 özəl
məktəbəqədər, 5 özəl ümumtəhsil, 2
özəl ali təhsil müəssisəsinə
(Bakı Ali Neft Məktəbi,
Azərbaycan Kooperasiya Universiteti)
lisenziya verilib.
Son illər dərslik siyasətində,
dərsliklərin hazırlanması və çapı
prosesində müvafiq tələb və
vəzifələrin nəzərə alınması, eyni zamanda bu
sahədə özünü göstərən
problemlərin aradan qaldırılması
istiqamətində də tədbirlər həyata keçirilir. Ümumtəhsil məktəblərinin
dərsliklə təminatı Proqramı (2006-2015-ci illər) bu baxımdan xüsusi əhəmiyyətə
malikdir. 2003-2012-ci illərdə Azərbaycan
və rus dillərində ümumilikdə
40 milyona yaxın dərslik çap edilərək məktəblilərin
istifadəsinə verilmişdir. Ümumtəhsil
məktəblərinin bütün
şagirdləri dərsliklərlə pulsuz
təmin olunurlar və Azərbaycan bu sahədə MDB məkanında yeganə
ölkədir. Dərslik siyasəti reallaşdırılarkən
bu da nəzərə
alınır ki, milli kurikulumla müəyyənləşdirilən
əsas məqsəd "yaddaş məktəbi"ndən
"təfəkkür, düşüncə məktəbi"nə
keçmək, bu əsasda təhsilin müasir modelini
yaratmaqdır.
Konkret olaraq
2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin
I-III və V-XI sinifləri üçün
194 adda, 4018990 nüsxə dərslik və
müəllim üçün metodik vəsaitin nəşri və
çapı nəzərdə tutulmuşdur.
Bunun üçün
hələ 2011-ci ildən müvafiq tədbirlərin
görülməsinə başlanılmışdır.
Ötən illərdə milli kurikulum əsasında hazırlanmış
II-III siniflər və mövcud fənn
proqramları əsasında hazırlanmış VI-XI siniflər
üzrə 114 adda dərslik orta məktəb müəllimlərindən
ibarət işçi qrupları tərəfindən
baxılaraq təkmilləşdirilmişdir. Həmin dərsliklər
tələbata uyğun olaraq
mövcud şagird kontingentinin 30 faizi həcmində
1936250 nüsxə tirajla çap
edilmiş, 2012-ci ilin iyun-iyul aylarında yerlərə
çatdırılmışdır. Bu
ildən V siniflərdə kurikulumların tətbiqinə başlanacaq. Ona görə
də həm təhsilin məzmunu, həm müəllimlərin
hazırlanması, həm də dərsliklərin keyfiyyəti
baxımından il ərzində çoxlu iş görülüb.
Prezident İlham Əliyevin
həyata keçirdiyi məqsədyönlü
siyasət nəticəsində son illər
cəmiyyət həyatının müxtəlif
sferalarında əsaslı irəliləyişlər əldə
edilir. Ölkədə özəl sektor inkişaf edir, milli iqtisadiyyatın
yaxın gələcəkdə qeyri-neft sektoru üzərində qurulması üçün böyük
proqramlar hazırlanır, respublikanın
müxtəlif bölgələrində yeni
profilli istehsal-emal
müəssisələri yaradılır.
Maşınqayırma, metallurgiya, yüngül sənaye, turizm
və sənayenin digər sahələrinin inkişafı
istiqamətində ardıcıl addımlar atılır. Bütün bunlar həm də
böyük kadr
potensialı tələb edir və bu kadr potensialının əsas
hissəsi qeyd edilən profillər üzrə
ixtisaslı gənc mütəxəssislər hazırlayan
texniki-peşə məktəblərində yetişdirilməlidir.
Azərbaycan Prezidenti İlham Əliyev
gənclərin peşə təhsilinə marağının
gücləndirilməsi məqsədi ilə 2007-ci il 3 iyul tarixli
sərəncamı ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı
üzrə (2007-2012-ci illər) Dövlət
Proqramı"nı təsdiq etmişdir.
Burada göstərilir ki,
hər bir dövlətin yüksək səviyyəli,
inkişaf etmiş sənaye
ölkəsinə çevrilməsində gənc mütəxəssislərin
hazırlanması istiqamətində atılan addımlar mühüm rol oynayır.
Bu baxımdan sənayeləşmə, elmi-texniki inkişaf
yüksək səviyyəli kadrların formalaşması prosesi ilə həmahəngdir.
Hazırda Azərbaycanda
107 ilk peşə-ixtisas təhsili müəssisəsi
fəaliyyət göstərir. Həmin müəssisələrdə
28 min 587 şagird oxuyur, 4 min 62 nəfər
rəhbər və mühəndis-pedaqoji işçi,
1453 istehsalat təlimi ustası fəaliyyət
göstərir.
"Texniki peşə təhsilinin inkişafı
üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" və
"Bakı şəhər kənd və qəsəbələrinin
inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində
ümumilikdə 12 ilk peşə-ixtisas təhsili
müəssisəsi əsaslı təmir edilib,
2 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilib.
Son üç ildə
30 nəfər mühəndis-pedaqoji işçi
Türkiyədə təcrübə keçib.
Avropa Komissiyası ilə birlikdə Almaniya hökumətinin əsas tərəfdaş
ölkə kimi seçildiyi
"Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin
inkişafı" layihəsinə başlanılıb. Qeyd edək ki, ikiillik layihənin büdcəsi 1,2 milyon avro təşkil edir.
Təhsil Nazirliyinin tabeliyində olan
idman məktəblərinin yetirmələri
2011-2012-ci dərs ilində respublika
çempionatlarında 315 qızıl, 235 gümüş,
1121 bürünc olmaqla
ümumilikdə 1671 medal qazanıb. İdman məktəblərinin yetirmələri
milli yığma komandalarının tərkibində
Avropa, dünya
birinciliklərində və beynəlxalq turnirlərdə 62
qızıl, 47 gümüş, 92 bürünc medal əldə
ediblər. Onu da qeyd edək ki, ölkə
üzrə fəaliyyət göstərən 375 məktəbdənkənar
təhsil müəssisəsində maraq və
qabiliyyətlərinə uyğun olaraq 226 min 537 şagird müxtəlif dərnəklərə
cəlb olunub.
2012-ci ilin yanvarından hər şəhər və
rayonda bir ümumtəhsil
məktəbində şahmat fənninin tədrisinə
başlanılıb. 2012-2013-cü dərs ilində 379 məktəbin
ikinci sinfində, 75 məktəbin üçüncü sinfində şahmat fənni tədris ediləcək. Bununla əlaqədar müvafiq
proqram, dərs vəsaiti, o
cümlədən elektron tədris
resursları hazırlanıb məktəblərə
çatdırılıb.
Ümumilikdə
respublikada insan
kapitalının inkişafı həm də ümumi
daxili məhsul istehsalının
artımına məhz informasiya
texnologiyaları, elmtutumlu istehsal
sahələri, nanotexnologiyalar hesabına nail olmaqla ölkəmizi inkişaf etmiş dövlətlər
səviyyəsinə çatdırmağa xidmət edir. Ölkə başçısının
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının
hazırlanması barədə" 29 noyabr
2011-ci il tarixli Sərəncamında
da bu məqsəd dolğun ifadəsini tapmışdır. Sərəncamdan
göründüyü kimi,
Azərbaycanın gələcək inkişafının məhz
innovasiyayönümlü iqtisadiyyat
hesabına təmini nəzərdə tutulur.
Bu baxımdan təhsil, elm
və texnologiyalar sferasında modernləşmə
prosesinin genişləndirilməsi də
qarşıda ciddi vəzifə kimi dayanır. Təhsilin inkişafı, onun yeniləşməsi və daha
aydın hədəflərinin müəyyənləşməsi,
bu hədəflərə çatmaq
istiqamətində səylərin gücləndirilməsi
bütövlükdə Azərbaycanın
inkişafının fundamental əsaslarını
təşkil edir. 2020-ci ilədək orta ümumtəhsil məktəblərinin hər
bir sinfində 1 noutbuk
və 1 proyektorun
quraşdırılması, hər şagirdə 1 netbuk və ya planşet verilməsi, "Elektron
məktəb" layihəsinə qoşulan
təhsil ocaqlarının sayının 1000-ə
çatdırılması nəzərdə tutulmuşdur.
Bundan başqa, ölkə
rəhbərliyi 12 illik təhsil sisteminə
keçidlə bağlı "Təhsil haqqında" qanuna təklif olunan dəyişiklikləri nəzərdən keçirir.
Hazırda dünya ölkələrinin əksəriyyətində
məhz 12 illik təhsil tətbiq olunur. Bu sistemdə təhsilin
ilk 10 ili icbari xarakter
daşıyacaq. Qalan 2 illik
təhsildə isə şagirdlər, əsasən, ali məktəblərə gedərkən verəcəkləri
qəbul imtahanları üzrə hazırlaşacaqlar. Bununla da hazırda Azərbaycan
cəmiyyətində çox ciddi problem olan
repetitorluğun qarşısına müəyyən
bir sədd çəkiləcəkdir. Bundan başqa, perspektivdə
ali məktəbə qəbul olunmayanlar üçün
də xüsusi proqramın həyata
keçirilməsi nəzərdə tutulur.
Bu, İnkişaf
Konsepsiyasının da önə çəkdiyi
əsas hədəflərdən biri
olacaqdır.
Məktəb bilik, müasirlik, savad, gələcəyə
açılmış qapılar deməkdir. Sosial-iqtisadi
inkişafın keyfiyyətcə yeni mərhələsində
Azərbaycan xalqının intellektual gələcəyini
təmin etməyin yeganə yolu məhz məktəblərin
ən müasir tələblər səviyyəsinə
çatdırılmasıdır. Bir tərəfdən
respublikamızın iqtisadi inkişaf tempi, digər tərəfdən
isə yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi
fikrinin ictimai şüurda daha möhkəm
əsasda intişar tapması milli təhsil sisteminin gələcəyi
ilə bağlı kifayət qədər ürəkaçan
mənzərə yaradır. Bütün bunlar deməyə əsas verir
ki, yaxın illərdə Azərbaycanda təhsil
sahəsində özünü göstərən
qlobal problemlər əsaslı surətdə
aradan qalxacaq, milli təhsilin keyfiyyəti daha
da yüksələcəkdir.
İradə ƏLİYEVA
Azərbaycan.-2012.-
14 sentyabr.- S.6.