Moskvada dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş təntənəli tədbir
keçirilmişdir
Rusiya paytaxtının mərkəzində,
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin
yanındakı bağda dahi Azərbaycan şairi Nizaminin abidəsi
önündə böyük şair, mütəfəkkir və
filosof Nizami Gəncəvinin 870 illiyinə həsr edilmiş təntənəli
tədbir olmuşdur. Rəsmi mərasim başlanmazdan əvvəl
qonaqlar 1991-ci ildə qoyulmuş bu abidənin önünə
tər çiçəklər düzmüşlər.
Təntənəli mərasimi Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu
açmışdır. O, orta əsr Şərqinin dünya ədəbiyyatı
şedevrləri sırasına daxil olmuş ən
böyük şairlərindən birinin yaradıcılıq
irsindən danışmışdır. P.Bülbüloğlu
qeyd etmişdir ki, Nizaminin yubileyinin dünyanın mədəni
mərkəzlərindən birində keçirilməsi
mühüm hadisədir. Səfir bildirmişdir ki, yubiley tədbiri
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə
ölkənin hər yerində keçirilir. Səfir, həmçinin
qeyd etmişdir ki, dahi Azərbaycan şairinə təkcə
Moskvada deyil, həm də Sankt-Peterburqda, Rusiyanın şimal
paytaxtının mərkəzindəki eyniadlı bağda
gözəl abidə qoyulmuşdur.
Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anar
çıxışına ümummilli lider Heydər Əliyevdən
belə bir sitatla başlamışdır: "Nizami elə
şairdir ki, onun yubileyini hər il qeyd etmək
lazımdır". Anar dahi şairin
yaradıcılığından bəhs edərkən
demişdir ki, Nizami öz əsərləri ilə
dünyanın qlobal mənzərəsini yaratmış və
əbədi dünya vətəndaşı olmuşdur.
Moskva Yazıçılar İttifaqının sədri Yevgeni Sidorov öz çıxışında demişdir ki, böyük mütəfəkkir və şair Nizaminin adı dünya mədəniyyəti ənginliyində
sönməz parlaq ulduzlar
kimi şölələnən sənətkarlar
sırasındadır.
O demişdir: "Şərqin dahi şairi, Azərbaycan
torpağının böyük oğlu Nizami bütün dövrlərin sənətkarı
olmuş, sonrakı dövrlərin
lirikasına və eposuna çox
böyük təsir göstərmişdir.
Onun əsərlərinin qəhrəmanları
dünya ədəbiyyatında ümumi əbədi obrazlara
çevrilmişdir".
"Ocaq" Azərbaycan Mədəniyyəti Cəmiyyətinin
sədri Tofiq Məlikli və şair, həmçinin Nizami
əsərlərinin tərcüməçisi Alla Axundova şairin
təkcə Azərbaycan mədəniyyətinə deyil, həm də bütün
dünya mədəniyyətinə və ədəbiyyatına
məxsus olan ölməz əsərlərinin əhəmiyyətindən
danışmışlar.
Sonra Rusiya və Azərbaycan artistlərinin
ifasında hər iki dildə yubilyarın
şeirləri əsasında hazırlanmış poetik kompozisiyalar səslənmiş,
Bakıdan dəvət olunmuş xalq artistləri Mələkxanım Əyyubovanın,
Fəxrəddin Dadaşovun, Möhlət Müslümovun iştirakı ilə konsert proqramı nümayiş
etdirilmişdir.
Yubiley şənliyində Rusiya ictimaiyyətinin
və yaradıcı ziyalıların nümayəndələri,
bir sıra ölkələrin səfirləri,
Rusiya Federasiyası Dövlət
Dumasının deputatları, Xarici
İşlər Nazirliyinin əməkdaşları,
Azərbaycandan xüsusi olaraq
dəvət olunmuş qonaqlar,
habelə Azərbaycan diasporunun
tanınmış nümayəndələri iştirak etmişlər.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2012.-
14 sentyabr.- S.7.