Bakının Nizami
rayonundakı 70 nömrəli məktəb-lisey yüksək standartlar səviyyəsində
yenidən qurulmuşdur
Sentyabrın
14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Bakının Nizami rayonunda əsaslı surətdə yenidən
qurulmuş 70 nömrəli məktəb-liseylə
tanış olmuşdur.
Tədbirdə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
da iştirak etmişdir.
Dövlət başçısına və
xanımına məlumat verildi ki, 70 nömrəli məktəb-liseyin
binası 1967-ci ildən fəaliyyət göstərir. O
vaxtdan indiyədək bu təhsil ocağının binası
təmir olunmamışdır. Bu məktəb-liseydə də
əsaslı təmir və yenidənqurma işləri
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına
uyğun olaraq həyata keçirilmişdir.
Bildirildi ki, məktəb-liseyin
bütün sinif otaqları və fənn kabinetləri ən
yüksək standartlar səviyyəsində təmir
olunmuşdur. Təhsil ocağı müasir avadanlıq və
əyani dərs vəsaitləri ilə təchiz edilmişdir.
Şagird sıxlığının və çoxnövbəli
tədrisin aradan qaldırılması məqsədi ilə 42 sinif
otağından ibarət 840 şagird yerlik əlavə korpus
inşa edilmişdir. Yeni tədris ilindən məktəb-liseydə
dərslər bir növbədə keçiriləcəkdir.
Prezident İlham Əliyev və
xanımı Mehriban Əliyeva məktəb-liseydə
yaradılan şəraitlə yaxından tanış oldular.
Diqqətə çatdırıldı
ki, bu təhsil ocağında istilik və
işıqlandırma sistemləri tamamilə yenidən
qurulmuşdur. Məktəb-lisey daimi isti və soyuq su ilə təchiz
edilmişdir. Təhsil ocağının ərazisində
abadlıq və quruculuq işləri həyata
keçirilmiş, 1300 kvadratmetrlik sahəyə asfalt
salınmışdır.
Əsaslı təmir və yenidənqurma
işlərindən razılığını bildirən
dövlət başçısı tapşırıq və
tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2012.-
15 sentyabr.- S.3.