Bakının Keşlə qəsəbəsində
328 nömrəli məktəbin yeni binasının açılışı
olmuşdur
Sentyabrın 14-də Bakının
Nizami rayonunun Keşlə qəsəbəsində 328 nömrəli
orta məktəbin yeni binası istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva
açılış mərasimində iştirak etmişlər.
Mehriban xanım Əliyevaya gül dəstəsi
təqdim olundu.
Dövlət başçısı məktəbin
rəmzi açılışını bildirən lenti kəsdi.
Məktəbin foyesində
xalqımızın ulu öndəri Heydər Əliyevin və
Prezident İlham Əliyevin ölkəmizdə təhsilin
inkişafına göstərdikləri diqqət və
qayğını əks etdirən fotoguşələr
yaradılmışdır.
Bildirildi ki, bu təhsil
ocağının inşasına ötən ilin oktyabrında
başlanılmışdır. Dördmərtəbəli təhsil
ocağının ümumi ərazisi 7,1 min kvadratmetrdir. Məktəbin
binası yüksək keyfiyyətlə və müasir tələblər
səviyyəsində inşa olunmuşdur. 640 şagird yerlik
binada tədris, inzibati heyət və idarəetmə, sinifdən
xaric məşğələlər, idman və şagirdlərin
asudə vaxtlarının səmərəli təşkili
üçün lazımi şərait
yaradılmışdır. Bu il məktəbə 200 yeni
şagird gələcəkdir. Onların təlim-tərbiyəsi
və təhsili ilə 20 pedaqoq məşğul olacaqdır.
Məktəbdə 32 sinif otağı, fənn kabinetləri, zəngin
kitab fonduna malik kitabxana yaradılmışdır. Şagirdlərin
informasiya-kommunikasiya texnologiyaları ilə bağlı biliklərə
yiyələnmələri üçün kompyuter sinfi
yaradılmışdır. Müxtəlif tədbirlərin
keçiriləcəyi akt zalı və 200 nəfərlik yeməkxana
da şagirdlərin istifadəsinə tam hazır vəziyyətə
gətirilmişdir. Bundan əlavə, şagirdlər
üçün müzakirə zallarının, yeni innovasiya
metodları ilə işləyən kabinetlərin olduğu məktəbdə
dərs prosesinin interaktiv metodlarla idarə edilməsinə
xüsusi diqqət yetiriləcəkdir. Təhsil
ocağında məktəblilərin fiziki
hazırlığı da diqqət mərkəzində saxlanılacaqdır.
Vurğulandı ki, müasir
qurğularla təmin edilən idman zalında mini futbol,
basketbol və idmanın digər növləri ilə məşğul
olmaq üçün hər cür şərait
yaradılmışdır. Məktəbdə ibtidai hərbi
hazırlıq kabineti də vardır. Təhsil ocağında
biologiya, fizika, kimya fənninin əyani vəsaitlərlə
öyrənilməsi məqsədilə laboratoriyalar,
şagirdlərin asudə vaxtlarının səmərəli
təşkili üçün isə əmək otaqları
yaradılmışdır.
Məktəblə tanışlıqdan
sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
yeni dərs ilində kollektivə uğurlar arzuladılar.
AzərTAc
Azərbaycan.-2012.-
15 sentyabr.- S.3.