Prezident İlham Əliyev paytaxtın Bülbülə
qəsəbəsində yeni
inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışında
iştirak etmişdir
Sentyabrın 14-də Prezident
İlham Əliyev paytaxtın Suraxanı rayonunun Bülbülə
qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli
tam orta məktəbin açılışında iştirak
etmişdir.
Prezident İlham Əliyev 2011-ci ilin
aprelində Bakı şəhərinin qəsəbələrinin
sosial-iqtisadi inkişafı istiqamətində görülən
işlərlə tanışlıq məqsədilə
Bülbülədə olarkən keçirdiyi
görüş zamanı qəsəbə sakinləri burada
yeni məktəbə ehtiyac olduğunu bildirmişdilər.
Dövlət başçısı elə
həmin gün Bülbülə qəsəbəsində 640
şagird yerlik ümumtəhsil məktəbinin
binasının tikintisinə başlamaq haqqında sərəncam
imzalamışdı. Sərəncama uyğun olaraq dövlət
büdcəsində Prezidentin Ehtiyat Fondundan ayrılmış
vəsait hesabına yeni məktəb binasının
inşasına başlanıldı. Prezidentin
tapşırığına uyğun olaraq 327 nömrəli
tam orta məktəbin yeni binası qısa vaxt ərzində
yüksək standartlara uyğun tikildi.
Dövlət başçısı məktəbin
rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, üç korpusdan
ibarət binanın ümumi sahəsi 7 min 455 kvadratmetrdir. Məktəbin
birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin
büstü qoyulmuşdur. İkinci mərtəbədə
ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin
fəaliyyətini əks etdirən fotostendlər
qurulmuşdur.
Diqqətə çatdırıldı
ki, məktəbdə 32 sinif otağı, informatika, kimya,
biologiya, fizika, ədəbiyyat, əmək və gənclərin
çağırışa qədər hazırlıq fənn
kabinetləri yaradılmışdır. Məktəb daxili
simsiz internet xidməti ilə təmin olunmuşdur. MDB məkanında
ilk dəfə olaraq bu məktəbdə "smart sinif"
açılmışdır. Bu layihə çərçivəsində
ilk dəfə olaraq elektron tədris üçün nəzərdə
tutulmuş "smart sinif" otağı layihəsi tətbiq
edilmişdir. "Smart sinif" otağında quraşdırılmış
simsiz şəbəkə, rəqəmsal podium, interaktiv smart
LCD, planşet kompyuter və digər avadanlıqlar kompleks
şəkildə interaktiv tədrisə imkan yaradır və
bu prosesi gücləndirir. "Smart sinif" otağı layihəsinin
tətbiq olunmasında əsas məqsəd Azərbaycanın
təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə
töhfə vermək, məktəb idarəetmə prosesində,
həmçinin orta tədris sistemində informasiya
texnologiyalarından istifadəni tətbiq etmək və
gücləndirməkdir. Məktəbdə valideyn-müəllim
assosiasiyası, psixoloq kabineti, kitabxana, kütləvi tədbirlərin
keçirilməsi üçün 250 nəfərlik akt
zalı yaradılmışdır.
Bildirildi ki, burada 2 min 640 kvadratmetr sahəsi
olan yaşıl örtüklü idman meydançası və
idman avadanlığının qurulduğu gənclərin hərbi
hazırlığı üçün meydança vardır.
Daha sonra Prezident İlham Əliyevə məktəbin
yerləşdiyi ərazidə aparılan abadlıq işləri
barədə məlumat verildi.
AzərTAc
Azərbaycan.-2012.-
15 sentyabr.- S.4.