Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva
Bakının Buzovna qəsəbəsindəki texniki
peşə məktəbinin açılışında
iştirak etmişdir
Sentyabrın 14-də Bakının Xəzər
rayonunun Buzovna qəsəbəsində Prezident İlham Əliyev
və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü və dəstəyi ilə yenidən
inşa edilmiş 5 nömrəli texniki peşə məktəbinin
açılış mərasimi olmuşdur.
Mərasimdə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
Xəzər rayonundan deputatı Mehriban Əliyeva iştirak
etmişdir.
Azərbaycanın birinci xanımı məktəbin
rəmzi açılışını bildirən lenti kəsdi.
Mehriban xanım Əliyeva təhsil
ocağının əvvəlki görüntüsünün
əks olunduğu fotostendə baxdı.
Foyedə ulu öndər Heydər Əliyevin
xatirəsinə yaradılmış guşədə
ümummilli liderin abidəsi qoyulmuşdur. Abidə xalq rəssamı,
Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü
professor Natiq Əliyev tərəfindən
hazırlanmışdır.
Azərbaycanın birinci xanımına məlumat
verildi ki, hazırda MDB məkanında bənzəri olmayan bu
texniki peşə məktəbi 1,2 hektarlıq ərazidə
yerləşir. 1969-cu ildən fəaliyyət göstərən
məktəb yenidənqurmaya qədər tornaçı, bərbər,
maliyyə-uçot ixtisasları üzrə təhsil
vermişdir.
Bildirilmişdir ki, məktəb xarici
görünüşü və maddi-texniki bazası ilə bərabər
profilini də dəyişmiş, kino, teatr, həmçinin mədəniyyət
və incəsənətin digər müvafiq işçi
bazasını peşəkar texniklərlə təmin etməyi
qarşısına məqsəd qoymuşdur. 5 nömrəli
texniki peşə məktəbində kino, videoçəkiliş
üzrə operatorlar, səhnə işıq və qrim
ustaları, kinotelemontajçılar, səs operatorları,
teatr, kino və telestudio dekoratorları, dərzilər,
kompyuterlərin təmiri və xidməti üzrə texniklər
hazırlanacaqdır.
Burada təhsil ikiillikdir. Bu il məktəbə
ilk qəbul aparılmışdır və təhsil alacaq
şagirdlərin sayı 160 nəfərdir. Lakin gələcək
illərdə onların sayı 320-ə çatacaqdır.
Hazırda 19, gələcəkdə isə 38 nəfər
müəllim heyəti şagirdlərə incəsənətin
texniki tərəfləri ilə bağlı peşələrin
sirlərini öyrədəcəklər.
Məktəbin yeməkxanası ilə
tanış olan Mehriban xanım Əliyeva burada
yaradılmış şərait və səliqə-sahmandan
razılığını bildirdi.
Daha sonra Azərbaycanın birinci
xanımı məktəbdəki çəkiliş və səsyazma
studiyalarına, rejissor otağına baxdı. Məlumat verildi
ki, ən müasir səsyazma və səyyar telestudiya çəkiliş
avadanlığının qurulduğu studiyalar birbaşa
yayım imkanlarına malikdir.
Mehriban xanım Əliyeva məktəbin
akt zalı, dərs, qrim, dekorasiya otaqları, dərzi sexi, tibb
məntəqəsi, kitabxana və
digər emalatxanaları ilə də tanış oldu.
Kitabxana ilə tanışlıq
zamanı bildirildi ki, burada mədəniyyət və incəsənətə
dair kitablarla yanaşı, müxtəlif dərs vəsaitləri
də vardır.
Məktəbin həyətində
ayrıca idman kompleksi inşa edilmişdir. Burada futzal,
basketbol, voleybol, yüngül atletika qurğuları və
trenajorlar yerləşdirilmişdir. İdman zalının
divarlarını ulu öndər Heydər Əliyev və
Prezident İlham Əliyevin idmana göstərdiyi qayğı
və diqqəti əks etdirən fotoşəkillər bəzəyir.
Azərbaycanın birinci xanımı məktəbdə
yaradılan şəraitdən razılığını
bildirdi, burada tədrisin yüksək səviyyədə
aparılmasının vacibliyini qeyd etdi.
AzərTAc
Azərbaycan.-2012.-
15 sentyabr.- S.6.