Heydər Əliyev Fondunun qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə töhfəsi

 

 Heydər Əliyev Fondu tərəfindən "Təhsilə dəstək" layihəsi çərçivəsində 2004-cü ildən başlayaraq yeni dərs ilinin əvvəlində qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və dərs ləvazimatının paylanması artıq ənənəyə çevrilmişdir.

2012/2013-cü dərs ili ərəfəsində Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiya qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərini çanta və dərs ləvazimatı ilə təmin edəcəkdir. Bu məqsədlə hazırlanmış 15 min çanta artıq məktəblərə paylanmışdır. Məktəb həyatına fondun töhfəsi ilə başlayan birinci sinif şagirdlərinə təqdim olunan çantaya 15 adda dərs ləvazimatı - fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulmuşdur.   

Ötən illərdə fond qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri ilə yanaşı, xaricdə yaşayan soydaşlarımıza da öz töhfəsini göndərmişdir. 2008/2009-cu dərs ilində həyata keçirilən aksiya isə bütün ölkə üzrə nəzərdə tutulduğundan birincilərə paylanan çantaların sayı 130 minə bərabər olmuşdur.   

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 15 sentyabr.- S.6.