Avropa Parlamentinin
Ramil Səfərovun əfv olunması ilə
bağlı Azərbaycana qarşı qəbul etdiyi qərar ədalətsizdir
və qeyri-obyektiv xarakter daşıyır
Azərbaycanda
fəaliyyət göstərən siyasi partiyaların nümayəndələri
sentyabrın 14-də hakim Yeni Azərbaycan Partiyasının
(YAP) mərkəzi qərargahında toplaşaraq "Avropa Parlamentinin Azərbaycan
haqqında Qətnaməsi: Ramil Səfərov məsələsi"
adlı sənədi müzakirə etmişlər.
AzərTAc
xəbər verir ki,
YAP sədrinin müavini - icra
katibi, Milli Məclisin
deputatı Əli Əhmədov demişdir
ki, Macarıstan Məhkəməsinin Ramil Səfərovu ömürlük
həbsə məhkum etməsi olduqca sərt
və ədalətsiz qərar idi. Onun Azərbaycana
ekstradisiyasından sonra isə Azərbaycan
Prezidentinin əfv sərəncamı xalq tərəfindən böyük
sevinc və razılıqla
qarşılanmışdır. Ramil Səfərovun
Azərbaycana ekstradisiyası beynəlxalq qanunlara
uyğun olaraq həyata
keçirilmişdir. Ona
görə də Avropa Parlamentinin
bununla bağlı Azərbaycana
qarşı qəbul etdiyi qərar qərəzlidir
və obyektivliyi əks etdirmir.
Müzakirələr
zamanı Ana Vətən, Ədalət, Böyük Quruluş, Müsavat, Bütöv Azərbaycan
Xalq Cəbhəsi, Azərbaycan Xalq Cəbhəsi, Azərbaycan Liberal
Partiyası, Vətəndaş və İnkişaf,
Azərbaycan Sosial Rifah,
Xalq partiyalarının nümayəndələri
çıxış edərək Avropa Parlamentinin ədalətsiz
qərarına münasibət bildirmişlər. Qeyd olunmuşdur ki, Ermənistan
rəhbərlərinin minlərlə günahsız insanın
qətlində təqsirli bilinən beynəlxalq miqyaslı
terrorçuları əfv etməsinə göz
yuman Avropa Parlamentinin Ramil Səfərovun
milli qanunvericiliyə uyğun
olaraq bağışlanılmasına
qarşı nümayiş etdirdikləri mövqe ədalətsizlikdən başqa bir şey deyildir.
Müzakirələrin sonunda Azərbaycanın aparıcı siyasi partiyaları adından Avropa
Parlamentinə müraciət qəbul olunmuşdur.
Müraciətdə
deyilir: "Biz, Azərbaycanda
fəaliyyət göstərən siyasi partiyalar Avropa
strukturları ilə Azərbaycan arasındakı ikitərəfli
əlaqələrin inkişaf etdirilməsinə,
Avropa dəyərlərinə sadiq olduğumuzu birmənalı
şəkildə ifadə edirik. Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra
ölkəmizin xarici siyasətində Avratlantik məkana inteqrasiya
mühüm və əhəmiyyətli
yerlərdən birini tutmuşdur.
Bu gün Azərbaycan
BMT, ATƏT, Avropa Şurası və bir sıra nüfuzlu qurumlarda layiqincə təmsil olunmuş,
həmin qurumların qəbul etdiyi konvensiyalara və digər hüquqi
sənədlərə qoşulmuşdur.
Azərbaycan Avropa Qonşuluq
Siyasəti və Şərq Tərəfdaşlığında
fəal iştirak etməklə və Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə Assosiativ
sazişə sadiqliyini bəyan edir.
Avropa Parlamenti Cənubi
Qafqaz və Azərbaycan ilə
bağlı dəfələrlə müxtəlif xarakterli qətnamə və qərarlar qəbul
etmişdir. Qəbul edilən sənədlərdə
Azərbaycanın üzləşdiyi əsas problem
- Ermənistanın təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar,
obyektiv fikirlər də özünə yer tapmışdır. Lakin
bəzi hallarda Avropa
Parlamentində təmsil olunan deputat qrupları bu və ya digər maraqlar naminə,
xüsusilə erməni lobbisinin təsiri
altında reallığı təhrif edən sənədlər
qəbul etmişlər. Təbii, bu cür sənədlərin qəbulu Azərbaycan
ictimai rəyində və siyasi
mühitində birmənalı qarşılanmır.
Azərbaycan
ordusunun zabiti Ramil Səfərovun ölkəmizə
ekstradisiyası və dövlət başçısı tərəfindən
əfv olunması məsələsi ilə bağlı qəbul
edilmiş qətnamə,
bütövlükdə, qeyri-obyektiv olmaqla, Ermənistanın və erməni lobbisinin maraqlarına xidmət edir.
Avropa dövlətlərinin qoşulduğu və beynəlxalq miqyasda hamının qəbul etdiyi
konvensiyalar və digər hüquqi
sənədlər məhbusların ekstradisiyası və əfv
olunması məsələlərini tənzimləyir. Azərbaycan ordusunun zabiti Ramil Səfərovun da ekstradisiyası və əfv edilməsi
"Məhkum olunmuş şəxslərin
köçürülməsi haqqında Konvensiya"nın
12-ci maddəsinə, Azərbaycan Respublikasının
Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə istinad
olunaraq həyata keçirilmişdir.
Təəssüf ki, Avropa
strukturlarının bir sıra
qurumlarında bu məsələ ilə əlaqədar
obyektivlikdən uzaq bəyanatlar və sənədlər
yayılmışdır.
Xatırlatmaq
istərdik ki, Ramil Səfərov
erməni silahlı birləşmələri tərəfindən
işğala məruz qalan
Azərbaycanın Cəbrayıl bölgəsində doğulmuş və Ermənistanın Azərbaycana
qarşı təcavüzkar müharibəsi gedişində onun bir çox
yaxınları, qohumları öldürülmüş, ailəsi isə məcburi köçkün olmuşdur.
Ramil Səfərov
2004-cü ildə Budapeştdə ingilis dili kurslarında iştirak
edərkən onunla birlikdə bu kursda olan
erməni zabiti Qurgen Markaryan tərəfindən təhqirlərə
məruz qalmış və buna cavab olaraq affekt
vəziyyətdə ona qarşı ən
son vasitəyə əl
atmışıdır. Ramil Səfərovla bağlı Budapeştdə
aparılan məhkəmə prosesi
zamanı Ermənistanın və erməni lobbi
təşkilatlarının təzyiqləri nəticəsində
bu hadisə ilə əlaqədar çox sərt və humanizm
prinsipləri ilə uzlaşmayan hökm verilmişdir.
Halbuki Avropa ölkələrinin
məhkəmələrində belə sərtlik özünü büruzə vermir.
Son misal kimi, Norveçdə Breyvik
ilə bağlı məhkəmə və onun
çıxardığı qərarı göstərə
bilərik. Qeyd etmək istərdik ki, Ramil Səfərov onun üçün
müəyyən olunmuş cəzanın
9 ilini həbsxanada keçirmişdir.
Hazırda
erməni lobbi təşkilatları və
Ermənistanı himayə edən dairələr tərəfindən
Ramil Səfərov məsələsi ətrafında
qaldırılan hay-küy kampaniyası, əslində
Azərbaycanın 20 faiz torpaqlarını
işğal edərək bir
milyona yaxın insanı qaçqın və
məcburi köçkünə çevirən təcavüzkar
Ermənistanın törətdiyi hərbi cinayətləri, işğal faktını və dalana dirənən sülh
danışıqları prosesində tutduğu
qeyri-konstruktiv mövqeyi
ört-basdır etmək cəhdindən başqa
bir şey deyildir. Öz yaxın tarixi ərzində dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş
caniləri (ASALA terror təşkilatının
üzvləri: Monte Melkonyan, Vazgen
Sislyan, Varujan Karapetyan və s.) Ermənistana gətirərək onlara
vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək Avropanın heç bir beynəlxalq qurumu tərəfindən qınağa məruz
qalmaması faktı Azərbaycan ictimai rəyində
hiddət və təəssüf doğurmuşdu.
Halbuki bu terrorçular Ermənistana
ekstradisiya edildikdən sonra
bu ölkənin hərbi birləşmələri
tərkibində Azərbaycanın işğal
olunmuş Dağlıq Qarabağ
bölgəsində dinc əhaliyə
qarşı bir sıra ağır hərbi
cinayətlər, o cümlədən
Xocalı soyqırımını törətmişlər.
Hesab edirik ki, Avropa
Parlamenti kimi nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın
təcavüzkarlığına rəvac verən qərarlar qəbul
etmək əvəzinə, iki ölkə
arasında olan münaqişənin sülh yolu ilə həlli
istiqamətində ardıcıl addımlar atsaydılar, daha məqsədəuyğun olardı.
Biz, siyasi yönümündən
asılı olmayaraq müraciəti imzalayan partiyalar Azərbaycan
cəmiyyətinin bu mövzudakı həssaslığını
və narahatlığını ifadə edərək, bir daha Avropa
Parlamentinin qəbul etdiyi
məlum qətnaməyə öz qəti
və birmənalı etirazımızı bildirir,
bu sənəddə əks olunan müddəaları
qeyri-obyektiv və ikili
standartların növbəti təzahürü hesab edirik".
Sonda toplantıda iştirak edən siyasi
partiyaların nümayəndələri müraciəti
imzalamışlar.
Azərbaycan.-2012.-
15 sentyabr.- S. 7.