İntellektual yüksəlişə xidmət edən missiya

 

 Heydər Əliyev Fondu ölkədə elm və təhsilin inkişafına xidmət edən layihələri uğurla gerçəkləşdirir

 

 Respublikanın elm və təhsil ictimaiyyəti, bütövlükdə hər bir vətəndaşı rəsmi səviyyədə "Bilik" günü kimi qeyd olunan 15 sentyabr tarixini yüksək əhval-ruhiyyədə qarşılayır. Məhz bu gün respublikada yüz minlərlə şagird, müdavim, tələbə yüksək biliklərə yiyələnmək, xalqı, dövləti üçün layiqli vətəndaş kimi yetişmək arzusu ilə ali, orta ümumtəhsil və ixtisas məktəblərinə ilk dəfə qədəm qoyur. İlk zəngin sevinci çoxlarının həyatında unudulmaz hadisəyə çevrilir. İntibahının yeni mərhələsini yaşayan ölkəmizdə hər yeni tədris ilinin cəmiyyətdə daha yüksək ovqatla, xoş təəssüratla qarşılanmasının bir ümdə səbəbi də var: hər ötən ilə nisbətən Azərbaycan təhsili və elmi sürətlə inkişaf edərək mühüm yeniliklərə imza atır, Avropanın mütərəqqi təhsil sisteminə inteqrasiya edir.

 

 

 Təhsil infrastrukturu müasirləşir  

 

 Müasir dövrdə elmi-intellektual potensial ölkəmizin mütərəqqi inkişafının mühüm amilinə çevrilmişdir. Son 8 illik fəaliyyəti ilə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaratmış dövlət başçısı cənab İlham Əliyev elm və təhsilin problemlərini də xüsusi diqqət mərkəzində saxlamış, ulu öndər Heydər Əliyevin bu sahədə müəyyənləşdirdiyi islahatların davamlılığını təmin etmişdir. Yeni inkişaf mərhələsinin tələblərinə cavab verən, sistemli şəkildə reallaşdırılan bu islahatlar, eyni zamanda, ölkədə müasir biliklərin, "nau-hau" texnologiyalarının tətbiqi əsasında güclü insan kapitalının formalaşdırılması məqsədinə hesablanan siyasətin səmərəliliyini göstərir.

Dövlət başçısının elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində ictimai təsisat kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun da xidmətləri xüsusi vurğulanmalıdır. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən problemlərin tez bir zamanda aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elmə ictimai təsisat səviyyəsində yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər edilməsinə yönəlmişdir. Bu sahəyə yönələn diqqət və qayğının hansı məqsəddən qaynaqlandığını, xalqın, dövlətin gələcəyi baxımından necə böyük əhəmiyyət daşıdığını xüsusi vurğulamağa ehtiyac yoxdur.

Təhsil elə bir spesifik sahədir ki, buradakı problemlərin həllini təkcə dövlətdən gözləmək düzgün deyildir - bu sahədə özünü göstərən bəzi neqativ halların aradan qaldırılmasında sıravi vətəndaşların, ayrı-ayrı ictimai qurumların da fəal iştirakı vacibdir. Bu mənada, fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın istər xeyriyyəçilik, istərsə də ictimai fəaliyyətinin prioritet istiqamətləri sırasında təhsilin mühüm yer tutması millətin gələcəyinin vətəndaşların maariflənməsində görən, Azərbaycanın taleyinin təhsilli insanlardan asılı olduğunu müdrikliklə bəyan edən ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik konsepsiyasına əsaslanır.

Cəmiyyətdə fəal maarifçilik xətti yeritməklə klassiklərin mütərəqqi ənənələrini davam etdirən Heydər Əliyev Fondunun 8 illik fəaliyyəti elmə və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu da təbiidir - müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının vacib şərti kimi çıxış edir. Müasir gerçəkliklər fonunda dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, cəmiyyətdə hamı üçün bərabər təhsil imkanlarının yaradılması, yeni məktəblərin, təhsil ocaqlarının inşası, gənc nəslin kompyuter və informasiya texnologiyalarına dərindən yiyələnməsi, elmi-texniki inkişafın təmini məsələləri fondun daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bu günün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü tədbirlər həyata keçirməsi, ilk növbədə, həqiqi vətənpərvərlikdən irəli gəlir. Azərbaycanın birinci xanımı bununla həm də ulu öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə layiqincə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə sanballı töhfələrini verir.

Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsindəki əzmkar fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş, UNESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - geniş spektri əhatə edir. Təhsillə bağlı qarşıya qoyulmuş strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırılmasıdır. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rezonansa səbəb olmaqla böyük rəğbət və etimadla qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb binalarının tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmiri və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər xüsusilə təqdirəlayiqdir.

Müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlamış, bir sıra uğurlu nəticələr əldə etmişdir. Məsələ burasındadır ki, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan həmin məqsədlərə nail olmaq qeyri-mümkündür. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən, müvafiq hakimiyyət qurumlarının, vətəndaş cəmiyyətinin bəzi strukturlarının, imkanlı iş adamlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132, 2006-cı ildə isə daha 100 yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir. Ötən illərdə fondun xətti ilə inşa edilmiş 300-dən çox məktəb müasir avadanlıq, istilik sistemi, zəngin kitabxana və kompyuterlə təchiz olunmuşdur.

2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ rayonunun Nic qəsəbəsində müasir tipli yeni məktəb binasının açılışı olmuşdur. Eləcə də "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Xaçmaz rayonunun ən ucqar məntəqələrinin birində - Şimali kəndində müasir standartlara uyğun orta məktəb binası tikilib istifadəyə verilmişdir. Fondun prezidenti Mehriban xanım Əliyeva 2012-ci ilin may ayında Xətai rayonundakı 3 nömrəli uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən yay istirahət düşərgəsinin "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında - təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

Hazırda fondun təşəbbüsü ilə Şüvəlan qəsəbəsində 78 nömrəli uşaq bağçasının və Buzovna qəsəbəsindəki 5 nömrəli Texniki Peşə Liseyinin binalarında əsaslı təmir işləri aparılır, Binə qəsəbəsində isə 640 yerlik yeni məktəbin binasında tikinti işləri davam etdirilir.Fondun "Təhsilə dəstək" layihəsi də özünün humanist məqsədləri ilə diqqəti çəkir. Heydər Əliyev Fondu hər il layihə çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanda yaşayan azərbaycanlı birinci sinif şagirdlərinə, Qax, Zaqatala, Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə hər il yeni dərslik və tədris ləvazimatları göndərilir.

"Təhsilə dəstək" layihəsi yalnız Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də uğurla həyata keçirilir. Layihə çərçivəsində Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası mühüm yer tutur. Xatırlatmaq lazımdır ki, 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar məktəbi tam yararsız vəziyyətə düşmüşdü. Fondun xətti ilə qısa müddətdə inşa edilən 650 şagird yerlik təhsil ocağında müasir tələblərə cavab verən 10 xüsusi sinif otağı, laboratoriyalar, fənn kabinetləri, kompyuter otağı, idman meydançası var.

"Təhsilə dəstək" layihəsi çərçivəsində Gürcüstanın Dmanisi rayonunda, Rusiyanın Ulyanovski şəhərində, habelə Misir Ərəb Respublikasında yeni məktəblər tikilərək istifadəyə verilmişdir. Bundan əlavə, bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda 10 mindən çox kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərinə paylanmışdır.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli də bu gün Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən biridir. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" bilavasitə fondun prezidentinin təşəbbüsü ilə hazırlanmış, Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evlərində, internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmüşdür. Proqram çərçivəsində 31 uşaq müəssisəsi əsaslı təmir edilmiş, yeni avadanlıqlarla təchiz olunmuşlar. Təqdirəlayiq haldır ki, Heydər Əliyev Fondu yaşı 18-dən yuxarı olan, uşaq evlərini tərk edən yeniyetmələrin mənzillə təmin olunmasını da diqqət mərkəzində saxlayır.

 

 

UNESCO ilə əməkdaşlıq genişlənir

 

Təhsil sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilir. UNESCO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması nəticəsində təşkilatlarla münasibətlər daha da dərinləşmiş, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən, "Təhsil hamı üçün" proqramını, texniki-peşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələri əhatə etmişdir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. İndiyə qədər UNESCO-nun baş direktorunun rəhbərliyi ilə bu qurumun çoxsaylı məsul işçiləri və ekspertləri Azərbaycanda məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr işləyib hazırlamışlar. UNESCO kimi geniş imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın bəzi pilot layihələrinin sınaqdan keçirilmə məkanı kimi məhz Azərbaycanı seçməsi  ölkədə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələr verəcəyinə yüksək inamın təzahürüdür.

2008-ci ilin mayında Bakıda UNESCO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransının keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə ciddi əsaslar verir. Qlobal savadlılığın dəstəklənməsi məqsədilə Bakıda Avropa regionu üzrə təşkil olunmuş sayca beşinci konfrans isə mötəbərliyi, aparılan müzakirələrin yüksək səmərəliliyi, praktik əhəmiyyəti, regional özünəməxsusluğu ilə fərqlənmiş, bir sıra uğurlu nəticələrlə yaddaqalan olmuşdur.

Azərbaycanın birinci xanımı tədbirdə çıxış edərkən demişdir ki, Bakı konfransı qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş regional və subregional UNESCO konfranslarının davamı, milli, regional və beynəlxalq səviyyələrdə savadlılığın təşviqinə yönəlmiş birgə səylərin bir hissəsidir. Hazırda UNESCO hər bir ölkə üçün təhsilə açıq və bərabər çıxışın təmin edilməsindən ötrü resursları səfərbər edir. Yüksək keyfiyyətli təhsilə çıxışın təmin edilməsi və savadsızlığın aradan qaldırılması məsələlərinə xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun prezidenti xüsusi vurğulamışdır ki, hazırda Azərbaycanda savadlılığın dəstəklənməsinə mane olan yeganə qlobal səbəb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyon qaçqın və məcburi köçkün yaranmış, son 20 il ərzində belə vəziyyətdə yaşayan yeni nəsil formalaşmışdır. Buna baxmayaraq, Azərbaycan hökuməti qaçqın və məcburi köçkün uşaqlar üçün təhsilin müvafiq səviyyəsini təmin edə bilmiş, təhsil problemlərini həll etmək məqsədilə regionlarda infrastrukturu dəstəkləyən təhsil modeli yaradılmışdır.

Nüfuzlu "Business-year" jurnalının Azərbaycana həsr olunmuş 2012-ci il tarixli xüsusi buraxılışında birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva həyata keçirilən elm və təhsil layihələrinin gələcəkdə yüksək nəticə verəcəyini əminliklə bildirmişdir: "Fondun layihələri çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilmiş, təmir olunmuş, yüksək standartlar səviyyəsində təchiz olunmuşdur. Belə müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır. Bu isə on minlərlə oğlan və qızı layihəyə cəlb etmək deməkdir. Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılmışdır. Çox mühüm işdir, qoyulan sərmayənin özünü doğruldacağı şübhəsizdir".

Azərbaycanın birinci xanımının UNESCO, o cümlədən İslam Konfransı Təşkilatının mədəniyyət qurumu olan ISESCO ilə əməkdaşlığı həm də mədəni irsin mühafizəsinə xidmət edir. Heydər Əliyev Fondunun gərgin səyləri ilə ötən 8 ildə UNESCO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, məşhur xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. Son illərdə Azərbaycanın aşıq sənətinin və Novruz bayramının UNESCO-nun "Qeyri-maddi mədəni irs" siyahısına daxil edilməsi Heydər Əliyev Fondunun UNESCO ilə əməkdaşlığının ölkəmiz üçün müstəsna strateji əhəmiyyətini bir daha təsdiqləyir.

UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın daxil edilməsi bu baxımdan xüsusi vurğulanmalıdır. 2005-ci ilin martında Parisdə - UNESCO-nun qərargahında "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminin keçirilməsi, qurumun qeyri-maddi irsi şah əsərləri siyahısına muğamın və aşıq sənətinin də daxil edilməsi qarşılıqlı faydalı əməkdaşlığın kifayət qədər geniş spektri əhatə etdiyini göstərir.

2011-ci ilin oktyabrında fondun və UNESCO-nun təşkilatçılığı ilə Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsi də mühüm əhəmiyyətə malik olmuşdur. 39 ölkənin nümayəndələrini bir araya gətirən həmin forum çərçivəsində çoxmədəniyyətlilik, müasir texnologiyalar, elmlərin qovuşması, biotexnologiya və etik problemlər, iqtisadi inkişaf modelinin humanitar aspektləri, sosial media və yüksək texnologiyalar, postmodern cəmiyyətdə ənənəvi dəyərlər sistemi kimi məsələlər müzakirə olunmuşdur. Forum iştirakçıları beynəlxalq təşkilatları, o cümlədən UNESCO-nu "Bəşəriyyətin müsbət inkişafının qorunması və davam etdirilməsi məqsədilə mədəniyyətlərarası, konfessiyalararası və sivilizasiyalararası dialoq üçün real çərçivəni yaratmağa" çağıran Bakı Bəyannaməsini qəbul etmişlər. Tədbirdə çıxış edən Mehriban xanım Əliyeva demişdir ki, həmin bəyannamə sülh mədəniyyətinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir: "Aydındır ki, yeni dünya nizamı artıq formalaşır və bu proses bir çox çətinliklərlə müşayiət olunacaqdır. İnanıram ki, qloballaşmanın humanitar aspektləri olduqca vacibdir. Bu mənada, insan sivilizasiyasının taleyi üçün məsuliyyətimizin dərk edilməsi mühüm məsələdir. Səmimi dialoq, xoş məram, üzləşdiyimiz problemlərin daha yaxşı qavranılması və qarşılıqlı anlaşma özümüz və gələcək nəsillər üçün çətinliklərin uğurla aradan qaldırılmasında lazım olacaq vasitələrdir".

Heydər Əliyev Fondunun və onun Moskva nümayəndəliyinin Bakı Dövlət Universiteti ilə sıx əlaqələri var. Mehriban xanım Əliyeva indiyədək bir neçə dəfə universitetdə olmuş, müxtəlif səviyyəli tədbirlərdə iştirak etmişdir. Azərbaycanın birinci xanımının BDU-nun 90 illik yubileyində iştirakı da universitetin professor-müəllim heyətində, tələbələrində ruh yüksəkliyi doğurmuşdur. Hesab edirik ki, Azərbaycanın birinci xanımının çoxşaxəli vətənpərvər fəaliyyəti BDU-nun tələbə gəncləri üçün layiqli örnək və nümunədir.

 

 

  "Dini tolerantlığın ünvanı - Azərbaycan"

 

 Azərbaycanda əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və harmoniya içində dinc yanaşı yaşamışlar. Qitələrin və sivilizasiyaların qovuşuğunda yerləşən bir ölkədə yaşadığımız üçün biz müxtəlif dinlərlə, müxtəlif mədəni dəyərlərlə, adət və ənənələrlə tanışıq. Ölkədə etnik-milli və dini tolerantlığın inkişafında Heydər Əliyev Fondunun xidmətləri müstəsnadır. Fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın vətənpərvər fəaliyyəti nəticəsində bir-birinin ardınca Azərbaycanın mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır. Ölkəmiz, sözün əsl mənasında, fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoq və ortaq məxrəc axtardığı məkana çevrilmişdir.

Azərbaycanın tarixi ənənələrini, Böyük İpək yolunun regiondakı rolunu nəzərə alan Latın Mədəniyyəti Akademiyasının hələ 2006-cı il aprelin 19-da Bakıda keçirilmiş sayca XIII konfransı respublikamızın sivilizasiyalararası dialoq mərkəzinə çevrildiyini nümayiş etdirmişdir. 30-dan artıq latın mənşəli görkəmli mədəniyyət və ədəbiyyat xadiminin iştirakı ilə Heydər Əliyev Fondunda keçirilən konfransda çıxış edən Mehriban xanım Əliyeva demişdir: "Bu gün biz sivilizasiyalararası dialoqun keçmişindən söhbət açaraq xüsusi vurğulamalıyıq ki, qədim və çox zəngin yunan-Roma sivilizasiyasının ilk varisi məhz Şərq olubdur. 2006-cı ildə konfransın məhz Bakı şəhərində keçirilməsini ölkəmizin mənədiyyətlərarası dialoq səviyyəsində çox müsbət təcrübə toplaması ilə əlaqələndiririk. Həqiqətən də əsrlər boyu Böyük İpək yolu üstündə yerləşən ölkəmiz çox yüksək tolerantlığa malik və müxtəlif mədəniyyətləri birləşdirən bir məkan kimi tanınır. Bu, bizim qürur duyduğumuz uğurumuz, keçmişimizdir və inanıram ki, gələcəkdə də bu sahədə Azərbaycan öz müsbət rolunu oynayacaqdır".

Fond nəinki ölkəmizdə, hətta xarici ölkələrdə mədəni-dini abidələrin bərpasını da əsas fəaliyyət prioritetlərindən biri hesab edir. Bu baxımdan, 2009-cu ildə Fransanın Strasburq şəhərində Kafedral kilsəsinin tarixi şüşələrinin bərpası ilə əlaqədar həyata keçirilmiş 1,5 milyon avroluq layihəni xüsusi qeyd etmək olar. Fondun maliyyə yardımını Azərbaycanın Avropa mədəni irsinə verdiyi töhfə kimi qiymətləndirən Strasburq şəhərinin meri R.Ris vurğulayıb ki, orta əsrlərin möhtəşəm abidəsi olan Kafedral kilsə Avropa mədəni irsinin bir parçasıdır: "Biz Heydər Əliyev Fondunun ayırdığı maliyyə yardımını gözəl jest kimi dəyərləndirir, XI əsrə aid qədim tarixi abidənin təmiri məqsədilə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiririk".

Bu aksiya Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, mədəniyyətlər və dinlərarası dialoqa, dünya mədəni irsinə layiqli töhfə olmuşdur. Bununla kifayətlənməyən fond hazırda İtaliyanın paytaxtı Romadakı tarixi abidəni də bərpa etmək niyyətindədir. Bununla bağlı 2012-ci il iyunun 16-da Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında Anlaşma Memorandumu imzalanmışdır. İtaliyanın nüfuzlu "Abitare a Roma" internet qəzeti yazır ki, memoranduma əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Romadakı tarixi abidə - Müqəddəs Pyotr və Marsellina sərdabasının (III-IV əsrlər) bərpası üçün maliyyə vəsaiti ayrılmışdır. Bu məsələ Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın 2011-ci ilin dekabrında İtaliyaya səfəri zamanı müzakirə olunmuşdur və bərpa işlərinin 2013-cü ildə yekunlaşması nəzərdə tutulmuşdur.

Fondun "Dini tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Bakıdakı Pravoslav kilsəsinin, məscidlərin yenidən qurulması da tamamlanmışdır. Dünya yəhudilərinin nüfuzlu təşkilatlarından olan "Or-Avner" Beynəlxalq Fondla əməkdaşlıq sazişi çərçivəsində Mehriban xanım Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunun Əbilov yaşayış sahəsində Azərbaycanda yaşayan yəhudi uşaqları üçün orta məktəb, uşaq bağçası, yəhudi tarixi və mədəniyyəti muzeyindən ibarət kompleks tikilmişdir.

Ümumiyyətlə, tolerantlıq nümunəsi sayılan Azərbaycan fondun xətti ilə Parisdə Versal Sarayının parkında abidələri bərpa edir, Pakistanda zəlzələdən zərərçəkən qızlar məktəbini yenidən inşa edir, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarını müasirləşdirir, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verir, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarca qlobal və mükəmməl layihəyə imza atır. Bu il sayca dördüncü olan Qəbələ Beynəlxalq Musiqi festivalı Azərbaycanın yüksək mədəniyyətə, tolerantlıq hissinə malik ölkə kimi tanıdılması baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Heydər Əliyev Fondunun prezidentinin rəhbərliyi altında bu ilin may ayında  Bakıda keçirilmiş "Evrovizion-2012" musiqi yarışması da Azərbaycanın yüksək mədəniyyətə, tolerant dəyərlərə malik ölkə kimi tanıdılması, musiqimizin, incəsənətimizin təbliği baxımından müstəsna əhəmiyyətli tədbir olmuşdur. Azərbaycanın birinci xanımının rəhbərliyi altında musiqi festivalına hazırlıq işləri yüksək səviyyədə aparılmış, bu məqsədlə bütün lazımi tədbirlər görülmüşdür. Bu tədbir fonunda Azərbaycan bir daha öz mədəniyyəti ilə sivil dəyərlərə yaxın olduğunu göstərmək imkanı qazanmışdır. "Evrovizion-2012"nin Azərbaycanda keçirilməsi milli-mənəvi dəyərlərimizin bəşəri dəyərlər müstəvisində özünəməxsus yer tutmasında mühüm hadisə olmuşdur.

Azərbaycanın birinci xanımı sivilizasiyalararası dialoqa verdiyi şəxsi töhfəsinə görə İslam Konfransı Təşkilatı Gənclər Forumunun mükafatına layiq görülmüşdür.

 

 

Ümummilli problemə həssas münasibət

 

 Ərazi bütövlüyünə qəsd edilən və bir milyon qaçqın-köçkünü olan ölkə barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına ilk dəfə ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində nail olunmuşdur. Ulu öndərin bu vətənpərvər və şərəfli işini hazırda Heydər Əliyev Fondu inamla davam etdirir. Fondun ən uğurlu layihələrindən hesab edilən "Qarabağ həqiqətləri" silsiləsi buna bariz nümunədir. Beynəlxalq ictimaiyyətə ünvanlanan və ingilis dilində nəşr edilən, xaricdəki diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız və digər kanallarla bütün dünyaya yayılmış "Qarabağ həqiqətləri" toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Bu silsilənin fransız, alman, ərəb və rus dillərində nəşri də nəzərdə tutulur.

Azərbaycan, o cümlədən Qarabağ həqiqətlərinin yayılması sahəsində növbəti addım Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun mütəxəssisləri ilə birgə "Pirlər və müharibə" kitabının hazırlanmasıdır. Kitabda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda düşmən tapdağı altında qalan ziyarətgahlar, dağıdılmış tarixi memarlıq abidələri, məscidlər və pirlər haqqında ətraflı məlumatlar verilmişdir.

Ermənilərin güclü təbliğat maşınının yaydığı yalanları ifşa etmək, əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün "Azərbaycan" portalında yaradılan bölmədə Qarabağın tarixi, Dağlıq Qarabağ problemi və erməni məsələsi, Azərbaycana qarşı erməni təcavüzü, Xocalı soyqırımı, humanitar fəlakət, erməni terrorizmi, Azərbaycan ərazilərinin işğalının ağır nəticələri haqqında məlumat toplanmış, tarixi sənədlər verilmişdir. "Xəbərlər" bölməsinin təqvim arxivi yaradılmışdır ki, onun da köməyi ilə günün istənilən məlumatı ilə tanış olmaq mümkündür. Təqdimat mərasimi 2005-ci ildə keçirilən "Azərbaycan" internet portalı "Azərbaycan Elektron kontent-2005 mükafatı" milli müsabiqəsində "e-cəlbetmə" nominasiyası üzrə qalib gəlmişdir.

Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu missiyanı uğurla həyata keçirən Leyla xanım Əliyeva fondun Rusiya filialına yüksək səviyyədə rəhbərlik edir, Azərbaycanın dünya miqyasında tanınmasına, üzləşdiyi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına çalışır. O, Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində də bütün zəruri tədbirləri həyata keçirir.

İslam Konfransı Təşkilatının gənclər forumu ilə "Xocalıya ədalət" Beynəlxalq kampaniyasına start verilməsi də Leyla xanım Əliyevanın fəaliyyəti ilə bağlıdır. Bu kampaniya İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü təşəbbüs əsasında həyata kecirilir. Tunisdə ISESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsi və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Leyla Əliyeva demişdir ki, bu aksiyanın əsas məqsədi - beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. Leyla xanım Əliyevanın rəhbərlik etdiyi fondun Rusiya nümayəndəliyinin xətti ilə BDU-ya 48 adda 600-dən çox dəyərli dərsliyin hədiyyə olunmasını da mühüm faktlardan biri kimi diqqətə çatdırmaq istərdik. Bundan əlavə, fondun Rusiya nümayəndəliyinin təşəbbüsü ilə 2010-cu və 2011-ci illərdə iyul ayında Rusiya Federasiyası Tələbə-Gəncləri BDU-da olmuş, səmərəli müzakirələr aparmışlar. Nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Gənclər İctimai Palatasının sədri Vadim Yurko iki ölkənin gənclər təşkilatlarının səmərəli əməkdaşlığının genişlənməsində Heydər Əliyev Fondunun Rusiya filialının fəaliyyətini yüksək dəyərləndirmişdir.

Bu il sentyabrın 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" mükafatı təqdim edilmişdir. Həştərxanda Azərbaycan və Rusiya dostluq körpüsünün açılış mərasimində vilayətin qubernatoru Aleksandr Jilkin demişdir ki, Azərbaycan ilə Rusiyanın, Azərbaycan Respublikası ilə Həştərxan vilayətinin strateji maraqları sözdə deyil, işdə həyata keçirilir. Qubernator Həştərxanda Xəzər sahillərində tarixən yaşayan çoxsaylı xalqlar arasında dostluğun təməlinin qoyulmasına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi minnətdarlığını bildirmişdir. O, Həştərxanda həyata keçirilmiş layihələrə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirmişdir.

Göründüyü kimi, Heydər Əliyev Fondu hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən tutmuş, ölkənin təhsil və səhiyyə sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, insan hüquqlarının qorunması, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşmasına qədər müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. Xüsusi vurğulamaq istərdik ki, fondun ölkənin elminə, təhsilinə qayğı siyasətini Bakı Dövlət Universitetinin çoxsaylı professor-müəllim, tələbə kontingenti də hiss edir, Azərbaycanın intellektual yüksəlişinə xidmət kimi bu xeyirxah missiyanı ürəkdən dəstəkləyir. Əsl insan üçün ən dəyərli xəzinə məhz çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da dəyərli vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir. Çünki insan amilinin yüksəlişinə hesablanmış bu layihələr, ilk növbədə, Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin təzahürüdür. Universitet kollektivi əmindir ki, fond millətin gələcəyinə və firavan sabahına hesablanmış bu xoşməramlı missiyanı bundan sonra da inamla davam etdirəcək, milli intibah prosesinə yeni və dəyərli töhfələrini verəcəkdir.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda analoqu olmayan ictimai qurum kimi fəaliyyət göstərən Heydər Əliyev Fondu nəinki respublikamızda, ümumilikdə dünya səviyyəsində bütün nəcib və xeyirxah təşəbbüslərdə fəal şəkildə iştirak edir, UNESCO-nun bəşəriyyətin nicatına xidmət edən proqramlarını birmənalı dəstəkləyir. Bu sahədəki çoxşaxəli fəaliyyət eyni zamanda Azərbaycan mədəniyyətinin, incəsənətinin, bir sözlə, milli-mənəvi irs və mədəniyyətinin təbliğinə xidmət edir.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru,

akademik, Milli Məclisin deputatı

 

Azərbaycan.-2012.- 15 sentyabr.- S. 7.