Azərbaycanlı və türk şəhidlərin bir torpaqda qovuşduğu tarix - 1918-ci il 15 sentyabr

 

 1918-ci ilin mayında Azərbaycan istiqlaliyyətini elan etməsinə baxmayaraq, Bakı da daxil olmaqla, ətraf bölgələr və ölkə ərazisinin bir hissəsi erməni-bolşevik işğalı altında idi. İstiqlalını yenicə qazanmış gənc dövlətin isə nə Milli Ordusu, nə də topu-topxanası var idi. Odur ki, Cümhuriyyət müvəqqəti olaraq Gəncəyə köçməli olur. Rusiya imperiyası süquta uğrasa da, Bakı nefti uğrunda mübarizədən əl çəkmirdi. Xarici müttəfiqlər birləşərək Bakını onun sahiblərindən - Azərbaycan türklərindən birdəfəlik almaq istəyirdilər. 1918-ci ilin martında törədilmiş soyqırımı hadisəsi də bu məqsədlə edilmişdi. İyunun əvvəllərində Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin hərbi dəniz komissarı Korqanov Gəncə üzərinə hücum əmri verir. Sayı 13 minə çatan və döyüşçülərinin böyük əksəriyyəti daşnak partiyasının üzvləri olan qırmızı ordu hissələri iyunun 12-də Hacıqabul istiqamətindən əməliyyatlara başlayır, Göyçay, Ağsu, Kürdəmir, Hacıqabul işğal olunur. Əsas döyüşçü qüvvə silahlı ermənilər və daşnaklar idi.

Həmin vaxt Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında imzalanan dostluq və əməkdaşlıq müqaviləsinin şərtlərinə görə Azərbaycan türklərini bolşevik istilasından və ermənilərin törətdikləri qətliamlardan xilas etmək üçün türk ordusu vəziyyətə müdaxilə edə bilərdi. Qardaş Türkiyə vaxt itirmədən Sultanın yavəri Nuru paşanı Bakıya göndərir. Azərbaycanda Nuru paşa böyük sevinclə qarşılanır. O, 30 nəfər zabit və 25 nəfər təlimatçısı ilə İrana - Təbrizə, oradan da Qarabağa gəlir. Əhali türk mücahidlərini Yevlaxda gül-çiçəklə, duz-çörəklə qarşılayır. Nazirlər Şurasının qərarı ilə iyunun 20-də bütün ölkə ərazisində hərbi vəziyyət elan olunur. Türk hərbi birləşmələrindən, Azərbaycan Milli Korpusundan və çoxsaylı könüllülərdən formalaşan Qafqaz İslam Ordusu Bakının işğaldan azad olunması hərəkatında tarix yazdı.

İyunun 27-dən iyulun 1-nə qədər Göyçay yaxınlığında keçən qanlı döyüşlərdə Qafqaz İslam Ordusu bolşevik-daşnak qüvvələrini tutduqları mövqelərdən vurub çıxardı və geri çəkilməyə məcbur etdi. Cəbhənin sağsol cinahlarında türk əsgərləri, mərkəzdə isə polkovnik Səlimovun komandası altında yeni yaranmış Azərbaycan hərbi birləşmələri döyüşürdü. Bolşeviklərə qarşı mübarizəni gücləndirmək və Bakıya doğru hərəkəti sürətləndirmək üçün Nuru paşa islahatlar aparır, ordunu iki cinahda yenidən qruplaşdırırdı. Canlı qüvvə və texnika sarıdan güclü olsa da, bolşevik ordusu döyüşlərin dördüncü günü geri çəkildi və məğlubiyyətlə barışmalı oldu. İyul ayının ortalarında Göyçay, Ağsu, Salyan və Kürdəmir rayonları bolşeviklərdən təmizlənir. Artıq milli hərbi hissələrimizlə Bakı arasında 80-90 km məsafə vardı. Bakının azadlığı isə Şamaxının qurtuluşundan keçirdi. Hərbi imkanlarını bir yerə toplayan qəhrəman Nuru paşa Bakının azad olunması planlarını düşünürdü. Türk əsgərlərinin şücaəti və Azərbaycan Milli Ordusunun əzmi Bakının qələbəsini yaxınlaşdırırdı. Şaumyan Leninə göndərdiyi teleqramda vəziyyətin son dərəcə ağır olduğunu göstərərək yardım istəyirdi: "Bakını Rusiya üçün qoruyub saxlamaqdan ötrü təcili qoşun göndərilməsi zəruridir. İsrarla xahiş edirəm: nizami qoşun hissələrinin gətirilməsi üçün təxirə salınmadan tədbirlər görün. Bizə qarşı nizami türk ordusu vuruşur. Orada alman təlimatçılar da var".    

 Bakı şəhəri 15 sentyabr saat 9-00-da Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edildi. Minlərlə türk Azərbaycan oğullarının şəhid qanı bu torpaqlarda əbədi hüzura qovuşub. Həmin günü islam aləmi Qurban bayramı günü kimi qeyd edirdi. Türkiyədə qurbanlar həm bayram, həm Bakının işğaldan azad edilməsi münasibətilə kəsilirdi. Nuru paşa sentyabrın 16-da parad qəbul edərək təntənəli şəkildə Bakıya daxil oldu. Şəhərin türk-müsəlman əhalisi qəhrəman türk ordusunu general-leytenant Nuru paşanı sevgiylə, gül-çiçəklə qarşıladı.  

Həmin gün Gəncədə nəşr olunan "Azərbaycan" qəzetinin birinci sayında yazılırdı: "Qafqaz İslam Ordusu komandanı səadətli Nuru paşa həzrətlərinə. Təhti-komandanızda olan cəsur türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati-həmiyyətpərvəranələrinizə dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edərim, əfəndim. Neyəti-Vükəla rəisi Fətəli xan" ("Azərbaycan" qəzeti, Gəncə, 15 sentyabr 1918-ci il).

Paytaxt işğaldan azad edildikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti parlamentin orqanı olan "Azərbaycan" qəzeti sentyabrın 17-də Gəncədən Bakıya köçür. Vəziyyəti nəzarət altında saxlamaq istəyən ingilislər heç bir müqavimət göstərmədən geri çəkilmək məcburiyyətində qalırlar.

Osmanlı qoşunu Bakının azad olunması üçün keçirdiyi əməliyyatlarda 1130 şəhid verir. Azərbaycanın bir çox bölgələrində onun müstəqilliyi ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları var. Onlar hər il qədirbilən xalqımız tərəfindən anılır, gül-çiçək dəstələri ilə yad edilir.

1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında Azərbaycan tarixində ilk dəfə Milli Şura açılır, Azərbaycan təkmil bir hökumət şəklinə gəlir.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.-2012.- 15 sentyabr.- S. 11.