Erməni terrorizmi qlobal xarakter daşıyır

 

 Bu vandalizm yalnız Azərbaycana və Türkiyəyə deyil, həm də bu məsələyə laqeyd qalan dövlətlərə qarşı yönəlmişdir

 

 XIX əsrdən başlayaraq kök atan erməni separatizminin Qafqazda və Türkiyə ərazisində işğalçılıq niyyətlərini həyata keçirmək, Azərbaycanın tarixi torpaqları hesabına "böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün yararlandığı əsas vasitələrdən biri də terrorizm olmuşdur. "Hnçak" və "Daşnaksütyun" partiyaları mənfur niyyətlərini həyata keçirmək üçün terror aksiyalarından geniş istifadə edilməsini öz proqramlarına salaraq insanlığa sığmayan ən qanlı cinayət əməllərinə imza atıblar.

Beynəlxalq ictimaiyyətin təzyiqini və təpkisini görməyən erməni terrorizmi nəticə etibarilə XX əsr boyu daha da genişlənərək bütün dünya üçün qlobal təhlükəyə çevrilmişdir. Başda ASALA olmaqla, erməni terror təşkilatları Azərbaycan və Türkiyə ilə yanaşı, Avropa, Amerika, Rusiya, İran və Livanda müxtəlif terror aksiyaları həyata keçiriblər.

Təkcə 1979-1984-cü illərdə ermənilər dünyanın ayrı-ayrı ölkələrində 42 türk diplomatını qətlə yetiriblər. Azərbaycanda isə 1984-cü ildə Bakı şəhərində 106 saylı marşrut avtobusu erməni terrorçusu Vartanov tərəfindən partladılmış, nəticədə 1 qadın həlak olmuş və 3 nəfər yaralanmışdır. 16 sentyabr 1989-cu ildə Tbilisi-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 13 fevral 1990-cı ildə Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində Şuşa-Bakı marşrutu ilə hərəkət edən avtobus partladılmış, 13 nəfər azərbaycanlı yaralanmışdır. 10 avqust 1990-cı ildə Xanlar rayonunun (indiki Göygöl rayonu) Nadel kəndi yaxınlığında "LAZ" markalı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır. Ermənilərin hələ sovet hakimiyyəti dövründə sərnişin avtobuslarında azərbaycanlılara qarşı, o cümlədən ayrı-ayrı mülki şəxslərə və dövlət obyektlərinə qarşı həyata keçirdikləri terror aktları onlarladır.

Lakin erməni terrorizmi təkcə azərbaycanlılara və türklərə qarşı olmamışdır.  1977-ci il yanvarın 8-də Moskva metrosunun "İzmayılov" və "1 May" stansiyaları arasında partlayış olmuşdur. Rəsmi məlumatlarda 7 nəfərin öldüyü, 40-dan artıq isə yaralının olduğu bildirilirdi. Elə həmin gün bir qədər sonra Moskva metrosunda daha 2 partlayış baş verir. Sentyabrın 3-də partlayışda təqsirli bilinən Stepan Zatikyan, Akop Stepanyan və Zaven Baqdasaryan Yerevanda saxlanılmışlar. 1979-cu il dekabrın 23-də İtaliyada Fransa aviakampaniyasının qarşısında partlayış törədilmişdir. Məsuliyyəti üzərinə götürən ASALA bununla Fransada yaşayan ermənilərə guya repressiv munasibətə son qoyulmasına çağırış etdiyini bildirmişdir. 1980-ci il fevralın 18-də İtaliyada daha bir partlayış olur. ASALA "Suis Eyr" və "Lüfthanza"  kampaniyalarının qarşısında törədilən partlayışla İsveç və Almaniya hökumətinə erməniləri həbsə aldığına görə xəbərdarlıq etdiyini açıqlamışdır.

Amma bu hadisələrə lazımi qiymət verilməməsi ucbatından erməni terrorizmi getdikcə daha geniş miqyas almışdır. SSRİ dağıldıqdan sonra isə Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyərək onu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Ötən əsrin 90-cı illərində Azərbaycanda sərnişin və yük qatarlarında, hava nəqliyyatında, Bakı Metropolitenində və sərnişin daşıyan dəniz bərəsində törədilmiş terror aktlarına dair çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.

Avropa ölkələri və ABŞ vətəndaşlarına qarşı qətliamlar törədən erməni terrorçuların Ermənistanda qəhrəman səviyyəsinə yüksəldilməsi də bu dövlətin terror mahiyyətini açıq göstərir. Məsələn, 1983-cü ilin iyul ayında Parisin "Orli" aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə həbs cəzasına məhkum edilmiş terrorçu V.Karapetyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmişdir. Maraqlıdır ki, 4 fransızın, 1 isveçlinin, 1 amerikalının qətlinə səbəb olan bu terrorçunu Fransa hökuməti 2001-ci ildə azadlığa buraxır və o, Ermənistanda rəsmi sığınacaq tapır. 2001-ci ilin mayında Karapetyanla görüşən Ermənistanın ozamankı baş naziri Andranik Markaryan terrorçunun azad olunması ilə əlagədar öz sevincini qizlətmir və Markaryanı bu münasibətlə təbrik edir. Beləliklə, terrorçu Ermənistanda qəhrəman səviyyəsinə yüksəldilir. Xatırladaq ki, Parisdəki partlayışın daha bir icraçısı, "Qara sentyabr" terror qrupunun rəhbəri Akop Akopyan isə 1972-ci ildə Münhendə Olimpiya oyunları zamanı İsraildən olan idmançılara qarşı terror həyata keçirmişdi.

Məşhur terrorçu, ASALA-nın fəallarından biri olmuş və 1985-ci ildə 6 il müddətinə həbs edilmiş Monte Melkonyan 1990-cı ildə Fransa həbsxanasından buraxılaraq Ermənistana gəlmişdir. O, Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı erməni terror dəstəsinin komandiri olmuşdur. 1993-cü ildə Dağlıq Qarabağda öldürülən terrorçunun Yerevanda dəfn mərasimində rəsmi şəxslər, o cümlədən Ermənistan prezidenti iştirak etmiş, ona Ermənistanın milli qəhrəmanı adı verilmişdir.

1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı Vazqen Sislyan 1992-ci ildə Yerevandan Xankəndiyə göndərilmişdir. O, azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştiraklarına görə prezident Robert Koçaryan tərəfindən "Qarabağ müharibəsinin qəhrəmanı" adına layiq görülmüşdür.

Ermənistanda terrorçulara bu cür münasibət göstərilsə də, beynəlxalq ictimaiyyət bunu heç vaxt pisləməmişdir. İndi təəccüblüdür ki, Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətənə ekstradisiyasına və əfvinə görə pərt vəziyyətə düşən və özünü itirən Ermənistan rəhbərliyi sərsəm bəyanatlarla çıxış edir. Bundan ruhlanan erməni terror təşkilatları isə Azərbaycanı hədələməyə başlayıblar. Məlum olduğu kimi, hələ bir müddət əvvəl ASALA terror təşkilatının Azərbaycanın Macarıstandakı və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə hədə dolu məktubu daxil olmuşdu. Təəssüf ki, beynəlxalq ictimaiyyət ermənilərin terror hədələrinə biganə qaldı.

Beynəlxalq qınağın olmamasının nəticəsidir ki, ermənilər növbəti dəfə Azərbaycana qarşı terror təhdidi ilə çıxış ediblər. İndi də ermənilərin Nor-ASALA (Yeni Asala) terror təşkilatı  Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə terror hədələri ilə dolu məktub göndərib. Məktubda Azərbaycanın diplomatik missiyasına, səfirlik əməkdaşlarına qarşı birbaşa təhdidlər yer alıb. Bundan başqa, Nor-ASALA beynəlxalq kütləvi informasiya vasitələrinə, o cümlədən "Guardian"a da məktub göndərərək onları terrorla hədələyib. Bu faktın özü erməni terrorizminin dünya üçün təhlükəli olmasından xəbər verir.

Bütün bunlar ermənilərin çıxış yolu kimi terroru seçdiklərini təsdiqləyir. İstər erməni siyasətçilərin sərsəmləmələri, istərsə də ASALA terror təşkilatının Azərbaycanı terrorla təhdid etməsi ermənilərin iç üzünü növbəti dəfə ortaya qoydu. Bir daha təsdiq olundu ki, ermənilərin əsas metodlarından olan terrorçuluq Ermənistanda dövlət siyasətinin tərkib hissəsidir.

 

Azərbaycan Respublikasının milli təhlükəsizliyinə, onun maraqlarına, mənafelərinə mümkün təhdidlərin qarşısının alınması üçün ölkəmizdə bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur. Ermənistanın istənilən alçaq məqsədinin qarşısını almaq üçün Azərbaycan kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir. Dövlətimizin gücü istənilən növ təhdidin qarşısının alınmasına ən yüksək səviyyədə imkan verir. Son illərin təcrübəsində bununla bağlı kifayət qədər fakt var. Bu mənada, Azərbaycanla hədə-qorxu dilində danışmağın əhəmiyyəti yoxdur.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2012.- 15 sentyabr.- S. 11.