Prezident İlham Əliyev
«Bilik Günü»ndə Bakının Yasamal rayonunda yenidənqurmadan sonra 18 nömrəli
məktəbin açılışında iştirak
etmişdir
Sentyabrın
15-də ölkəmizdə yeni dərs ili
başlamışdır. "Bilik Günü"ndə orta
və ali məktəblər qapılarını şagirdlərin,
tələbələrin üzünə
açmışdır. Bu il bir çox yeni məktəblər
və yenidən qurulmuş, əsaslı təmir olunmuş təhsil
ocaqları istifadəyə verilmişdir. Belə məktəblərdən
biri də Bakının Yasamal rayonunda tamamilə yenidən
qurulmuş Mikayıl Müşfiq adına 18 nömrəli məktəbdir.
"Bilik Günü" bu məktəbin
müəllim-şagird kollektivi üçün ikiqat əlamətdar
olmuşdur.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 15-də məktəbin
açılışında iştirak etmişdir.
Məktəbin pedaqoji kollektivi,
şagirdlər və valideynlər dövlət başçısını
hərarətlə qarşıladılar.
Yeni dərs ili münasibətilə
şagirdləri və müəllimləri təbrik edən
Prezident İlham ƏLİYEV dedi:
- Sabahınız xeyir olsun. Mən sizi
ürəkdən salamlayıram, yeni dərs ili münasibətilə
təbrik edirəm.
Yeni dərs ilində siz təmir edilmiş
məktəbdə oxuyacaqsınız. Məktəbin
böyük tarixi vardır. Ancaq bildiyiniz kimi, məktəbin vəziyyəti
o qədər də yaxşı deyildi, təmirə ehtiyac var
idi. Göstəriş verildi ki, təmir ən yüksək səviyyədə
aparılsın. Bu məktəb artıq həm xarici
görünüşü, həm daxili dizayn baxımından
şəhərimizin ən gözəl məktəblərindən
biridir. Bütün şərait yaradılıb, indi mən
gedib tanış olacağam. Məktəbdə gedən təmir-tikinti
işləri ilə bağlı mənə mütəmadi
qaydada məlumat verilmişdir.
Mən çox şadam ki, Bakıda yeni
gözəl məktəb artıq qapılarını
şagirdlərin üzünə açır. Burada həm
oxumaq, həm də işləmək üçün
yaxşı şərait vardır, valideynlər də
razı olacaqlar. Bir sözlə, biz
çalışırıq ki, şəhərimizin və
ölkəmizin bütün məktəbləri bu səviyyədə
olsun. Son illərdə buna nail ola bilmişik. Çünki təkcə
keçən il Bakı şəhərində 60-dan çox
məktəb əsaslı təmir edilmişdir. Bu il isə 81
məktəb təmir edilir, yeni korpuslar, yeni məktəblər
tikilir və gələn ilin sonuna qədər Bakı şəhərinin
məktəb problemləri yüz faiz həll olunacaqdır. Gələn
il 120 məktəbin əsaslı təmiri nəzərdə
tutulur. Beləliklə, Bakıda bir dənə də olsun
yararsız, təmirsiz, qəzalı vəziyyətdə məktəb
olmayacaqdır.
Bu, doğrudan da böyük nailiyyətdir.
Çünki Bakının məktəblərinin tam əksəriyyəti
uzun illər bundan əvvəl tikilmişdir və təmirə
ehtiyac var idi. Biz bütün məktəbləri gözəl
vəziyyətə gətirib çıxarırıq.
Bununla bərabər, bütün başqa
bölgələrdə məktəb tikintisi gedir. Son illər
ərzində 2200-dən çox məktəb binası
tikilmiş və təmir edilmişdir. Bu proses davam edir və
gələn ilin sonuna qədər
çalışacağıq ki, bütün bölgələrdə
əksər məktəblər təmir edilsin.
Beləliklə, biz məktəb
infrastrukturunun yenidən qurulması proqramını uğurla
başa çatdıracağıq. Qaldı ki məktəblərdə
təhsilin səviyyəsinin yüksək olmasına, bu da
müəllimlərdən asılıdır. Uşaqlar da
yaxşı oxumalıdır. Müəllimlər də öz
vəzifə borcunu şərəflə yerinə yetirməlidir
ki, Azərbaycan cəmiyyəti üçün gözəl,
yeni, peşəkar, bilikli kadrlar yetişsin.
Uşaqlarımız bilikli, savadlı olmalıdır.
Çünki müasir dünyada hər bir insanın və hər
bir ölkənin uğurunu şərtləndirən biliyin səviyyəsidir.
İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr
yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı
ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o
ölkə öz maraqlarını təmin edəcəkdir.
Çünki müasir texnologiyalar elə inkişaf edibdir ki,
bəlkə də on il, iyirmi il bundan əvvəl bunu təsəvvür
etmək mümkün deyildi.
Biz də inkişaf yolunu seçmişik.
Biz bütün sahələrdə inkişafdayıq, o
cümlədən texnologiyalar sahəsində də
inkişafda olmalıyıq. Cəmiyyətin gücünü
müəyyən edən insanlardır. Əlbəttə, hər
bir ölkənin öz təbii resursları, öz coğrafi
üstünlükləri vardır. Ancaq nəticə etibarilə
hər şey insanlardan asılıdır. Sənin neftin də,
qazın da çox ola bilər, əgər peşəkar
insanların, kadrların yoxdursa, bunun heç bir əhəmiyyəti
olmayacaqdır. Ona görə müasir dünyada həm
özünə yer tapmaq, həm ölkəyə fayda gətirmək
üçün mütləq uşaqlar yaxşı
oxumalıdır. Bu sözləri uşaqlar, yəqin ki, tez-tez
eşidirlər. Bu da təbiidir. Amma doğrudan da bu sözlərin
çox böyük mənası vardır. Yaxşı oxumaq
o deməkdir ki, siz həyatda istədiyinizə nail ola bilərsiniz.
İndi Azərbaycanda vəziyyət elədir ki, hər bir
insanın uğuru onun əlindədir. Azərbaycanda
azadlıq, sərbəstlik var, bazar iqtisadiyyatı prinsipləri
hökm sürür və hər bir insanın taleyi onun öz
əlindədir. Ona görə yaxşı bilik almaq, ilk
növbədə, sizin üçün lazımdır, eyni
zamanda, xalq üçün, dövlət üçün
lazımdır. Azərbaycan gəncləri gələcəkdə
ölkəmizi idarə edəcəklər. Gələcəkdə
ölkəmizin inkişafı sizdən asılı
olacaqdır. Ona görə, ilk növbədə, bilik, bununla bərabər,
Vətənə olan bağlılıq, Vətən sevgisi
mütləq yüksək səviyyədə olmalıdır.
Ümid edirəm ki, bizim bütün məktəblərdə
vətənpərvərlik mövzusu daim gündəlikdədir.
Vətənə bağlılıq, sevgi, peşəkarlıq
və yüksək biliyə malik olmaq - bunlar ölkəmizi
qabağa aparacaqdır.
Biz isə çalışacağıq
ki, gənclərimiz üçün daha da gözəl şərait
yaradaq, gəncləri qabağa çəkək. Gənclər
cəmiyyətimizin fəal üzvləridir. Gənclər sərhədlərimizi
qoruyur, gənclər idman arenalarında qələbələrimizi
müəyyən edir və gənclər bizim gələcəyimizdir.
Belə gözəl məktəbdə ancaq və ancaq
yaxşı oxumaq lazımdır. Müəllimlər
üçün də burada yaxşı şərait
yaradılıb. Müəllimlər o insanlardır ki, cəmiyyətimiz
üçün gənc kadrları yetişdirirlər. Müəllimlərin
cəmiyyətimiz üçün çox böyük məsuliyyəti,
çox böyük faydası vardır. Müəllim peşəsi
çox şərəfli peşədir. Hər bir
uşağa, ilk növbədə, məktəbdə
qayğı göstərən, onu düz yola istiqamətləndirən
müəllimdir. Müəllim valideynlə eyni məsuliyyət
daşıyır. Bu fürsətdən istifadə edərək
yeni dərs ili münasibətilə bütün müəllimləri
buradan salamlayıram, onlara yeni uğurlar,
cansağlığı arzulayıram.
Sizi bir daha ürəkdən təbrik edirəm,
sizə xoşbəxtlik arzulayıram.
Məktəbin direktoru Vaqif HÜSEYNLİ
bu təhsil ocağının binasının tamamilə yenidən
qurulmasına görə dövlətimizin başçısına
minnətdarlığını bildirərək dedi:
- Cənab Prezident, icazə verin, mən
kollektivimiz adından - Mikayıl Müşfiq adına 18
nömrəli məktəbin şagird və müəllimlərinin
adından Sizə "Xoş gəlmisiniz!" deyim.
Sizin sərəncamınızla məktəbimiz
yenidən qurulub. Bizim əsas binamızda altıncı mərtəbə,
üzbəüzdə çox möhtəşəm,
çox gözəl idman zalı tikilib. Məktəbimizin
maddi-texniki bazası möhkəmlənib, siniflərin sayı
artıb, müasir texnologiya ilə təchiz olunmuş yeni
kabinet və laboratoriyalar yaradılıb. Ən əsası
odur ki, bizim uzun illər gözlədiyimiz akt zalımız
vardır. Bizim yeni yeməkxanamız vardır. Bizim
böyük oxu zalı olan kitabxanamız vardır.
Bütün bunlara görə biz Sizə çox minnətdarıq.
Cənab Prezident, biz Sizin təhsilə olan
qayğınızı həmişə hiss edirik. Siz
çıxışınızda regionlarda, Bakıda tikilən
yeni məktəblərin sayını qeyd etdiniz. Bu, Sizin
titanik zəhmətinizin bəhrəsidir.
Biz Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya da təşəkkürümüzü
bildiririk. Biz Sizə bir daha təşəkkür edirik.
Mən bir məqamı qeyd etmək istəyirəm.
1997-ci il sentyabrın 1-i bizim məktəbimizin tarixində
çox əlamətdar bir gündür. Ulu öndərimiz
Heydər Əliyev həmin gün bizim məktəbimizə gəlmişdi.
Ulu öndər çox geniş çıxış etdi və
atributlarla əlaqədar bizim respublika müəllimlərinin
hamısına böyük tövsiyələr verdi. Biz ötən
illər ərzində ulu öndərimizin tövsiyələrini
nəzərə almışdıq. Sizin bugünkü
tövsiyələrinizi də nəzərə
alacağıq. Biz çalışacağıq ki,
etimadınızı işimizlə doğruldaq.
Cənab Prezident, kollektivimiz işgüzar,
istedadlı kollektivdir. Mən onu demək istəyirəm ki, məktəbimizin
texniki təchizatı çox yüksək səviyyədədir.
İndi məktəbimizdə 110 kompyuter, 8 noutbuk, 15
"ağıllı lövhə", 15 kompyuter lövhəsi
vardır. Biz tədris prosesində bu texniki vasitələrdən
geniş istifadə edəcəyik.
Biz Sizə çox minnətdarıq. Biz
Sizin xarici və daxili siyasətinizi ürəkdən bəyənirik.
Biz Sizə bir daha minnətdarlığımızı
bildiririk. Biz Sizinləyik. Sağ olun!
Sonra xatirə şəkli çəkdirildi.
Məktəbdə yaradılmış
şəraitlə tanışlıq zamanı dövlətimizin
başçısına məlumat verildi ki, bu bina 1966-cı
ildə inşa olunmuşdur. O vaxtdan bəri burada bu cür
genişmiqyaslı yenidənqurma işləri
aparılmamışdır. Prezident İlham Əliyevin sərəncamına
əsasən məktəbdə 2012-ci ildə həyata
keçirilən yenidənqurma işləri zamanı əlavə
üçmərtəbəli yeni korpus inşa olunmuşdur.
Burada müasir qurğularla təchiz edilmiş idman zalı
yaradılmışdır. Bundan başqa, beşmərtəbəli
əsas korpusa daha bir mərtəbə əlavə
olunmuşdur. Binanın 6-cı mərtəbəsində 168
yerlik akt zalı, yeməkxana, kitabxana, müasir oxu zalı
istifadəyə verilmişdir.
Məktəbdəki Heydər Əliyev
muzeyində ulu öndərin həyatı və siyasi fəaliyyəti
ilə bağlı müxtəlif kitab, sənəd və
fotolar toplanmışdır. Muzeydə ümummilli liderin
1997-ci ildə məktəbdə keçirilən "Bilik
Günü"nə həsr olunan tədbirdə
iştirakı zamanı çəkilən fotolar da
böyük maraq doğurur.
Sinif otaqları ilə tanışlıq
zamanı Prezident İlham Əliyevin diqqətinə
çatdırıldı ki, məktəbdə 59 otaq, o
cümlədən 41 sinif otağı vardır. Burada, həmçinin
müasir tələblərə cavab verən linqafon,
informatika, fizika, kimya, biologiya, təsviri incəsənət,
Azərbaycan, rus, alman dilləri kabinetləri fəaliyyət
göstərir. Elektron və smart lövhələrin
quraşdırıldığı sinif otaqlarının
hamısı tədrisin yüksək şəraitdə
keçirilməsinə geniş imkanlar verir.
Məktəbin müəllimlər
otağı ilə tanışlıq zamanı bildirildi ki,
buradan Bakının istənilən başqa məktəbi ilə
videokonfrans keçirmək mümkündür.
Dövlət başçısının
iştirakı ilə müəllimlər otağından
paytaxtın 6 nömrəli məktəbi ilə videokonfrans
oldu.
Təhsilin inkişafına göstərdiyi
diqqət və qayğıya görə dövlət
başçısına minnətdarlığını bildirən
6 nömrəli məktəbin direktoru Gülşən ORUCOVA
dedi:
- Salam, cənab Prezident, Sizi doğma məktəbiniz
adından salamlayırıq. Sizin bu gün göstərdiyiniz
bu diqqətə və qayğıya görə minnətdarlığımızı
bildirmək istəyirik. Ötən tədris ilində bu
etimadınızı doğruldaraq biz də fərqlənməyə
çalışmışıq. Hesab edirəm ki, yeni ildə
də ən yüksək göstəricilərlə bir daha
Sizi sevindirəcəyik. Sizə böyük uğurlar
arzulayırıq.
Prezident İlham ƏLİYEV: Sağ olun.
Sizi salamlayıram. Bütün şagirdlərə mənim
salamlarımı çatdırın. Keçən il sizinlə
görüşmüşdük, 6 nömrəli məktəbin
yenidənqurmadan, əslində, yenidən tikilməsindən
sonra açılışını bir yerdə qeyd
etmişik. Bu gün buradayam. Hər il yeni məktəblər
tikilir, təmir edilir. Ancaq 2013-cü ildən sonra artıq bu
proqram başa çatır. Çünki ondan sonra Bakı
şəhərində bir dənə də olsun təmirsiz məktəb
qalmayacaqdır.
Gülşən ORUCOVA: Bütün təhsil
işçiləri adından Sizə təşəkkürümüzü
bildiririk. Çox sağ olun, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Sağ olun.
Məktəbdə yeni yaradılan yeməkxana
da müasir tələblərə cavab verir. Burada şagirdlərin
normal qidalanmaları üçün hərtərəfli
şərait vardır. Bu il məktəbin birinci sinfində
230 şagird təhsil alacaqdır. Bu tədris ocağında
1700 şagirdin təlim-tərbiyəsi ilə 157 müəllim
məşğul olur.
Məktəbdə yaradılan biologiya
kabinetində Azərbaycanda ilk dəfə 3D stereo
görüntü texnologiyaları əsasında lövhə
quraşdırılmışdır. Bu da tədrisi müasir
səviyyədə aparmağa imkan verir.
Prezident İlham Əliyev yeni inşa olunan
korpusda yaradılan idman zalı ilə də tanış oldu.
Burada şagirdlər idmanın mini-futbol, voleybol, basketbol
növləri ilə məşğul ola biləcəklər.
Məktəbdə yaradılan şəraitlə
tanış olan dövlət başçısı
görülən işlərdən razılığını
bildirdi.
Sonra Prezident İlham Əliyev məktəbin
yaxınlığında yerləşən və bu il istifadəyə
verilən "Cüdo-2012" idman kompleksi ilə
tanış oldu. Burada 30 yaşından yuxarı
idmançılar məşq edirlər. Kompleksdə hər
cür şərait yaradılmışdır. Üç mərtəbədən
ibarət binada üç məşq zalı fəaliyyət
göstərir. Hazırda burada 500-ə yaxın
idmançı cüdo ilə məşğul olur.
AzərTAc
Azərbaycan.-2012.-
16 sentyabr.- S. 1.