Dünyanın aparıcı hərrac
evi – «Christie`s»
Bakıda ilk sərgisini
açmışdır
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva açılış mərasimində
iştirak etmişdir
Dünyanın məşhur
"Christie's" hərrac evi sentyabrın 15-də Heydər Əliyev
Fondu və "YARAT!" Müasir İncəsənət Məkanı
ilə birlikdə Bakıda yenicə istifadəyə
verilmiş "The Four Seasons Hotel"in möhtəşəm
salonunda özünün Azərbaycanda ilk sərgisini təşkil
etmişdir.
Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva açılış mərasimində
iştirak etmişlər.
AzərTAc xəbər
verir ki, sərgidə
"Christie's"in London, Nyu-York və Dubayda keçirdiyi
payız satışlarında iştirak üçün seçilmiş
müxtəlif sənət əsərləri, əşyalar və
eksponatlar nümayiş
olunur. Həmin eksponatlara impressionist, İkinci Dünya
müharibəsindən sonrakı dövrün
və müasir incəsənət əsərləri,
Şərq xalçaları, eləcə də Birləşmiş
Ərəb Əmirlikləri, İran və
Türkiyənin çağdaş sənət
nümunələri daxildir. Bu sərgidə dünyanın
tanınmış fırça ustalarının əsərləri
yer almışdır. Bu
sırada Pablo Pikasso kimi dünya şöhrətli
rəssamın yaratdığı ölməz sənət incisi də vardır. Rəssamın həyat
yoldaşı və itini təsvir etdiyi əsər "Qadın itlə"
adlanır. Pablo Pikasso
bu əsəri 1962-ci ildə çəkmişdir.
Əsər 5-7 milyon dollar
arasında qiymətləndirilir. Həmin əsərlə
yanaşı, "Christie's"in kolleksiyasına daxil olan, XVIII əsrə aid Qarabağ xalçası da
nümayiş edilir.
Sərgi ilə
yaxından tanış olan Mehriban xanım Əliyevaya buradakı bənzərsiz
sənət nümunələri haqqında ətraflı məlumat
verilmişdir.
Azərbaycanın
birinci xanımı sərginin qonaqlar kitabına ürək sözlərini
yazmışdır.
Açılış mərasimində
bildirilmişdir ki, bu sərgi həm ölkə daxilində, həm
də xaricdə mədəniyyət, təhsil, elm, sosial sahələrdə
çoxlu sayda inkişaf proqramları və layihələri uğurla
həyata keçirmiş, Azərbaycanın ən
böyük qeyri-hökumət və qeyri-kommersiya təşkilatı
olan Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə açılmışdır. Fond milli və mənəvi
dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin
geniş coğrafiyada təbliği və ölkəmizin beynəlxalq
imicinin formalaşmasına xüsusi önəm verir.
Vurğulanmışdır
ki, 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmiş "YARAT!" qeyri-kommersiya
təşkilatı müasir Azərbaycan
incəsənətini ölkə və dünya
səviyyəsində təmsil etmək məqsədilə
yaradılmışdır. Təşkilat həm
Azərbaycanda, həm də xaricdə qeyri-kommersiya
xarakterli incəsənət fondları ilə
faydalı dialoq və mübadilə
aparır, həmçinin təhsil təşəbbüsləri,
eləcə də beynəlxalq incəsənət
mükafatları təsis etmək məqsədi naminə də
fəaliyyət göstərir.
Tədbirdə
çıxış edən "YARAT!" qeyri-kommersiya
təşkilatının təsisçisi Aida
Mahmudova Azərbaycan mədəniyyəti
və incəsənətinin təbliği istiqamətində
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən
danışmışdır. Aida Mahmudova buna görə Fondun prezidenti Mehriban xanım Əliyevaya və onun komandasına minnətdarlığını
bildirərək demişdir: "Biz bu tədbiri "Christie's" ilə birlikdə təşkil
etdiyimizə görə qürur duyuruq. Mənim fikrimcə, bu
tədbir Azərbaycanın beynəlxalq incəsənət məkanında
təmsil olunması baxımından mühüm
səhifə açacaqdır. Azərbaycan xalqı zəngin
mədəni irsə, həmçinin incəsənət əsərlərinə
malikdir və biz bu reallığı təbliğ etmək niyyətindəyik.
Buna görə də bu
gün Bakıda belə bir
möhtəşəm sərginin təşkilində səy və
köməyini əsirgəməyən "Christie's"
hərrac evinə dərin təşəkkürümüzü
bildiririk. "YARAT!" təşkilatı
olaraq biz Azərbaycanın
müasir incəsənət xadimləri
ilə dünya incəsənət xadimləri
arasında dialoqa töhfə verəcək
mümkün qədər çox
mədəniyyətlərarası əlaqələr qurmaq niyyətindəyik".
Mərasimdə
çıxış edən "Christie's"
hərrac evinin sədri Devid
Linley paytaxt Bakıda
belə bir tədbirdə iştirak
etməsindən məmnunluğunu bildirmiş
və bu gözəl hadisənin zəngin
mədəniyyət ənənələri olan
bir ölkədə reallaşmasına verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür etmişdir. Devid Linley demişdir ki, gələn il "Christie's"in Londonda keçirəcəyi beynəlxalq sərgidə
müasir Azərbaycan incəsənət əsərlərini
nümayiş etdirəcəkdir. Sədr bunun onda böyük
məmnunluq hissi doğurduğunu
söyləmişdir.
Sonra "Christie's"in fəaliyyəti barədə videoçarx nümayiş etdirilmişdir.
Dünyanın aparıcı incəsənət-biznes
təşkilatı olan
"Christie's"in 250 illik
tarixi vardır. Bu qurumun hazırda
dünyanın 32 ölkəsində
53 ofisi və 10 satış salonu fəaliyyət göstərir.
Mərasim bir-birindən maraqlı
musiqi proqramı ilə davam etmişdir.
Azərbaycanın dövlət və
hökumət nümayəndələrinin, tanınmış
sənət adamlarının, həmçinin dünyanın
müxtəlif ölkələrindən 50-dək
kolleksiyaçının, muzey işçisinin iştirak etdiyi
Bakı sərgisi böyük maraq doğurmuşdur.
Azərbaycan.-2012.-
16 sentyabr.- S. 2.