Kiyevdə Azərbaycanın sədrliyi
ilə GUAM Milli Əlaqələndiriciləri
Şurasının növbəti iclası keçirilmişdir
Sentyabrın
12-13-də GUAM-ın Kiyevdəki iqamətgahında qurumun Milli Əlaqələndiricilər
Şurasının (MƏŞ) 25-ci iclası olmuşdur.
GUAM-ın
Katibliyindən AzərTAc-a bildirmişlər ki,
iclasda təşkilatın baş
katibi Valeri Çeçelaşvili, Azərbaycan Xarici İşlər Nazirliyinin
xarici siyasətin
planlaşdırılması və strateji
araşdırmalar idarəsinin rəisi Elman
Ağayev, Gürcüstanın
GUAM-dakı nümayəndəsi M.Antadze,
Moldovanın Kiyevdəki diplomatik nümayəndəliyinin
başçısı İ.Stevile, Ukrayna xarici siyasət idarəsinin
iqtisadi əməkdaşlıq departamentinin direktoru İ.Nikolayko iştirak
etmişlər.
Elman Ağayevin sədrliyi
ilə keçən iclasda
qarşılıqlı siyasi fəaliyyət,
sahəvi tərəfdaşlıq və təşkilati fəaliyyət
məsələləri, habelə beynəlxalq qurumlarda
əməkdaşlığın perspektivləri müzakirə
edilmişdir.
İclasda quruma üzv dövlətlərin BMT Baş
Məclisinin "GUAM məkanında həlli uzadılan
münaqişələr və beynəlxalq sülh,
təhlükəsizlik və inkişaf üçün onların nəticələri"
mövzusunda 66-cı sessiyasının
gündəliyi çərçivəsində
qarşılıqlı fəaliyyətinin gedişatı barədə fikir
mübadiləsi aparılmışdır.
Tərəflər
GUAM-ın Parlament Assambleyasının
oktyabrın 1-də Gürcüstanda,
oktyabrın 28-də isə Ukraynada
keçiriləcək parlament seçkilərinə
müşahidəçilər göndərmək niyyətini,
habelə GUAM PA sədrinin assambleyanın növbəti
iclasının bu il
dekabrın 19-20-də Bakıda keçirilməsi qərarını dəstəkləmişlər.
İclasda, həmçinin sahəvi işçi qrupların nəqliyyat, turizm, iqtisadiyyat, ticarət,
mədəniyyət, elm və təhsil
sahələrində əməkdaşlığı, habelə
mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına
qarşı mübarizədə fəaliyyəti ilə
bağlı məsələlər müzakirə edilmişdir.
İclasda GUAM Katibliyinin
və üzv ölkələrin beynəlxalq
tədbirlərdə, o cümlədən
BMT (Təhlükəsizlik Şurasının Antiterror
Komitəsi), ATƏT (Təhlükəsizlik sahəsindəki
problemlərin icmalı üzrə illik konfrans - ASRC), Avropa
Şurası (Terrorçuluq üzrə
Ekspertlər Komitəsi - CODEXTER, kibercinayətkarlığa
qarşı mübarizə sahəsində "Ostobus"
konfransı) çərçivəsində keçirilən
tədbirlərdə iştirakı müsbət qiymətləndirilmişdir.
Tərəflər Xarici İşlər
Nazirləri Şurasının BMT Baş Məclisi çərçivəsində
XVIII iclasından irəli gələn məsələləri
də müzakirə etmiş və müvafiq sənədlərin
layihələrini razılaşdırmış, habelə Şuranın GUAM-ın 15 illiyinə
həsr olunmuş növbədənkənar XIX
iclasının oktyabrın 10-da Kiyevdə keçirilməsi təşəbbüsünü
müzakirə etmişlər.
Zeynal AĞAZADƏ,
AzərTAc
-ın xüsusi müxbiri
Kiyev
Azərbaycan.-2012.-
16 sentyabr.- S. 2.