Hesabında milyonlarla
günahsız insanın qanı olan erməni terroru yenidən baş
qaldırır
Dünya birliyi bu dəhşətin
qarşısını almasa, yeni faciələr törədiləcəkdir
İki
onillikdən artıqdır ki, erməni silahlı birləşmələri
Azərbaycan torpaqlarının 20 faizini işğal edib, minlərlə
günahsız insanı qətlə yetirib, Xocalıda misli
görünməmiş soyqırımı törədiblər.
Münaqişənin gedişində 30 min Azərbaycan vətəndaşı
dünyasını dəyişib, 200 mindən çoxu
yaralanıb və əlil olub, əsir və girov
götürülüb, itkin düşüb. Bir milyondan
çox azərbaycanlı ev-eşiyindən didərgin
salınıb. Ölkənin hər səkkiz vətəndaşından
birinin yaşayış hüququ pozulub. Beynəlxaq qurumlar rəsmi
olaraq Azərbaycanı terrorizmə məruz qalmış
dövlət kimi qəbul ediblər. Bir neçə gün
öncə Qəbələdə ATƏT-in üzvü olan
ölkələrin səfirlərini qəbul edərkən
Prezident İlham Əliyev öz nitqində bu məsələyə
toxunmuşdu: "...Siz torpaqlarınızı işğal edən
ölkə ilə əməkdaşlığımızı
necə gözləyə bilərsiniz? Siz öz ölkələrinizin
bütün tarixi abidələrini darmadağın etmiş, ərazilərinizi
işğal etmiş və bu işğalı davam etdirmək
niyyətində olan işğalçı bir ölkə ilə
əməkdaşlığı necə təsəvvür edə
bilərsiniz? Bu, mümkün deyil, işğala son
qoyulmalıdır..."
Azərbaycan və Türkiyənin erməni
terrorizminin hədəfinə çevrilməsinin tarixi xeyli dərindir.
Erməni terrorizmini ilk olaraq imperialist dövlətlərin
ideologiyası və türkə olan düşmənçilik
mövqeyi yetişdirib. Onlar başqalarının
torpağına, mədəniyyətinə düşmən
kimi tərbiyə olunublar və fürsət
düşdükdə türk-müsəlmanları xüsusi
qəddarlıqla öldürmək tapşırığı
alıblar. Bunun üçün əvvəlcədən
böyük terror məktəbi keçiblər. Bu xətt erməni
terror təşkilatlarının daim siyasi-ideoloji fəaliyyətlərinin
nüvəsində dayanıb. İki əsrdən çoxdur
ki, tariximiz belə qanlı səhifələrlə doludur. XX əsrin
əvvəllərindən başlayaraq türk-müsəlman
qatilləri olmuş Dro, Andranik, Njde, Mikoyan və Teyleryanın
adları Ermənistanın milli qəhrəmanı səviyyəsinə
qaldırılaraq adları müxtəlif formada əbədiləşdirilir,
heykəlləri ucaldılır.
Ən qanlı cinayətləri ilə məşhur
olan ASALA da bu məqsədlə 1975-ci ildə Livanın
paytaxtı Beyrutda yaradılıb. Təşkilatın təlim
bazaları Suriya ərazisində olub. Məqsəd 1915-ci il
qondarma "erməni soyqırımı"nın
intiqamını almaq, bu "tarixi" dünyaya qəbul
etdirmək, "Böyük Ermənistan" ideyası
uğrunda Türkiyədən təzminat, Azərbaycandan isə
torpaq qoparmaq idi. ASALA-nın siyasi-ideoloji kursunu hazırlayanlar
isə erməni "ziyalıları" olmuşlar. XX əsr
boyu erməni terrorçuları insanları, xüsusən də,
yüzlərlə Azərbaycan
və Türkiyə diplomatını qətlə yetirib və
hər dəfə də xristian dövlətləri tərəfindən
cəzadan yayındırılıblar. Hətta bəraət
alanlar, mükafatlandırılanlar da olub. ASALA-dan öncə
yaradılan "Armenakan", "Qnçaq",
"Daşnaksütyun" partiyaları da Türkiyədə
bir çox terror aktı törətmiş, azərbaycanlı
aydınları Tiflisdə və İstanbulda qətlə
yetirmiş, bundan başqa, Azərbaycanın bir çox
bölgələrində insanları kütləvi şəkildə
amansızlıqla öldürmüşlər. Türk-Azərbaycan
əhalisinə qarşı hər zaman təxribat-pozuculuq və
terrorçuluq planları həyata keçirən Ermənistanın
yaratdığı terror təşkilatlarının
hesabında milyonlarla insanın günahsız qanı var.
1920-ci il iyunun 19-da Azərbaycan Xalq Cümhuriyyətinin Baş
naziri olmuş Fətəli
xan Xoyski Tiflisdə
erməni terrorizminin qurbanı olur. Bu hadisədən bir ay sonra
yenə də Tiflisdə AXC Milli Məclis
sədrinin müavini Həsən bəy Ağayev qətlə yetirilir.
Bir il sonra
isə AXC-nin daxili
işlər naziri işləmiş Behbud xan Cavanşir
İstanbulda yaşadığı hotelin qarşısında erməni terrorçusu tərəfindən
amansızlıqla qətlə yetirilir. Qanlı salnamə bütün gücü ilə davam edib. 1921-ci il martın 15-də
Türkiyənin daxili işlər naziri Tələt paşa,
dekabrın 5-də Romada böyük
vəzir Səid Həlim paşa öldürülür. 1922-ci il
iyulun 25-də Türkiyənin hərbi-dəniz
qüvvələrinin naziri Camal paşa Tiflisdə qətlə
yetirilir. Terroristlərin aqibəti ilə maraqlansaq görərik ki,
hər biri cəzasını çəkmədən
azadlığa buraxılıb. Onların müalicəsi və
istirahəti üçün hər cür şərait yaradılmış,
gözdən pərdə asmaq üçün çəkdikləri cəza
müddətində maddi və mənəvi
yardımlarla təmin olunmuşlar.
Tələt
paşanın qatili Soqomon
Teyleryana Berlin məhkəməsi
bəraət verib. Behbud
xan Cavanşirin qatili Toplakyan təqsirli
bilinsə də, Britaniya hərbi
tribunalı onu məhkəmə
zalından azadlığa buraxıb. Guya terroru törədərkən anlaqsız vəziyyətdə
olub. Türkiyənin siyasi xadimlərindən olan
Əhməd bəy Ağaoğlunun
qızı, Türkiyənin ilk hüquqşünas qadını Sürəyya
Ağaoğlu qatilin cəzalandırılması
ilə bağlı müvafiq qurumlara müraciət etsə də, ədalət
uğrunda savaşa
çıxsa da, heç
bir nəticəsi olmayıb. Qatil Toplakyan azad və sərbəst
yaşayıb. 1973-cü il yanvarın 27-də
ABŞ-ın Santa-Barbara şəhərində
erməni yazıçısı Qurgen Yanikyan iki türk
diplomatını - 49 yaşlı baş konsul Mehmet Bayduru
və 31 yaşlı Bahadur Dəmiri "Baltimor" mehmanxanasına dəvət edərək
onları orada qətlə yetirir.
Bu qatil nəinki cəza
alır, əksinə, öldürdüyü
diplomatları "şər qüvvə"
adlandırır. Siyahını uzatmaq da olar. Bunlar
Ermənistanın təşkil etdiyi terror hadisələrinin az
bir qismidir.
ASALA-nın ilk qətl sifarişi
də məhz türk diplomatları, iş adamları, sıravi insanlar
idi. Onlara
dünyanın hər yerindən yardımlar axırdı ki, bu da
dünyanın terroru dirçəltmək,
törətdikləri cinayətlərə haqq
qazandırmaq mənzərəsi idi.
Keçmiş Sovet
İttifaqı bu sırada həmişə
"bayraqdar" olub.
Kommunist
rəhbərliyi hər zaman ermənilərdən
yetərincə yararlanıb, ideoloji və
maliyyə yardımını əsirgəməyib, qondarma "erməni soyqırımı"
iddiasının yayılmasına kömək edib.
1987-ci ildə ASALA ilə PKK arasında bağlanan
müttəfiqlik sazişindən sonra meydan PKK-ya verildi.
Həmin vaxtdan da bu terror təşkilatının
Türkiyə əleyhinə qanlı fəaliyyəti durmadan genişlənir. 10 minlərlə türk vətəndaşı PKK terrorunun qurbanı olub və
bu qurbanların sayı indi
də durmadan artır. Vaxtaşırı
Türkiyənin müxtəlif bölgələrində əsgərlər
şəhid olur. Uzun müddət İtaliyada qanlı terror
aktları törətmiş "Qırmızı Briqada" terrorçu təşkilatının
üzvü Marina Petrella 15 il ərzində Fransada sərbəst yaşadıqdan sonra İtaliyanın xahişi
ilə 2007-ci ildə Paris ətrafında
həbs olunmuşdu. İtaliya
məhkəməsinin 1992-ci il qərarı
ilə 1981-ci ildə törədilmiş polis
zabitinin qətlinə, eləcə də,
adam və silah oğurluğu daxil olmaqla digər cinayətlərə görə
Petrellaya ömürlük
azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Lakin Fransa məhkəməsi
onun ekstradisiyası haqqında qərar qəbul
edir. Məhkəmə qərarını
dəyişmək və ya ləğv etmək
səlahiyyətinə malik olmayan Fransa Prezidenti (Nikola Sarkozi) İtaliyanın Baş
nazirinə (Silvio Berluskoni)
"Böyük səkkizliyin" 2008-ci
ildə keçirilən zirvə görüşündə
ölkəsinin Petrellanı əfv olunmaq
şərtilə İtaliyaya verəcəyini
bildirmişdi. Yəni, Fransa Prezidenti İtaliyada terror əməli
törətmiş Petrellanı qeyd-şərtsiz ekstradisiya etməli olduğu
halda, onun İtaliyada əfvi ilə əlaqədar İtaliya Baş nazirindən
təminat almışdır.
Hər
zaman Ermənistan dövləti tərəfindən
siyasi, ideoloji, maliyyə
və təşkilati dəstək alan terrorçular, xüsusən də, ASALA Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsində
daha da fəallaşdı.
Sumqayıt hadisələrində, Bakı metrosunda
törədilən terror aktlarında, Moskva-Rostov sərnişin qatarında baş verən
partlayışda Ermənistan dövlətinin və onun maliyyələşdirdiyi terror
təşkilatlarının əli olduğu
sübuta yetirildi. Qəddar
Monte Melkonyanın adı bizlərə daha çox
tanışdır. ASALA-nın yetirməsi olan
bu qatil 1990-cı ildə
Qarabağda yüzlərlə azərbaycanlı
gənci qətlə yetirmişdi. Azərbaycan ordusunun hərbi əməliyyatlarının
birində həmin terrorçu məhv edilmişdi. 1992-ci il 11 sentyabr tarixində Kəlbəcər rayonunda saxlanılmış, Ermənistanda dislokasiya olunmuş Rusiya Silahlı Qüvvələrinin 7-ci ordusunun (39826 saylı hərbi hissə) hərbi
qulluqçuları olan şəxslər,
sıravilər - Yaroslav Yevstiqneyev,
Vladislav Kudinov, Konstantin Tukiş, Andrey Filippov, Mixail Lisovoy və baş leytenant Vladimir Seminov Azərbaycan Ali Məhkəməsinin Hərbi
Kollegiyasının qərarı ilə azadlıqdan məhrumetmə
və ölüm cəzasına məhkum
edilmişlər. Adları çəkilən hərbi
cinayətkarlar 1993-cü ildə Rusiyaya
aparıldıqdan sonra azadlığa
buraxılmışdılar. 1991-ci il
yanvarın 9-da jurnalist Salatın Əsgərova
və rus hərbçilərinin ölümü ilə nəticələnən
terror aktında əli olduğuna
görə həbs olunmuş Artaşes Mkrtçyan, Manvel Sarkisyan, Artur Zaxaryan,
Yenok Osipyan, Arvid Manqasaryan, Qaqik Arutunyan və Qarnik Arustamyan cəzalarının
qalan müddətini Ermənistan ərazisində
çəkilməsi şərti ilə Xocalı
soyqırımı zamanı girov götürülmüş Xocalı sakinləri
və digər azərbaycanlı vətəndaşlarla dəyişdirilmişdilər.
Lakin həmin terrorçuların da taleyi özlərindən
əvvəlki kimi oldu,
tez bir zamanda
azadlığa buraxıldılar. Müxtəlif
ölkələrdə çoxsaylı qətllərdə ittiham edilərək məhkəmə hökmü ilə ittiham olunmuş erməni cinayətkarlarının
ekstradisiyası və sonra əfv edilərək
qəhrəman səviyyəsinə yüksəldilməsi
nümunələri yüzlərlədir.
Araşdırma aparsaq, görərik ki, onların qətlə yetirdikləri
insanların əksəriyyəti türk
və Azərbaycan mənşəli insanlardır. Samvel Babayan 1991-ci il avqustun 13-də dinc azərbaycanlı əhaliyə
qarşı terror həyata keçirməkdə
ittiham olunmuşdu. Elə
həmin il Azərbaycana qarşı hərbi
əməliyyatlarda iştirak etməmək
şərti ilə girov götürülmüş
azərbaycanlı hərbi əsirə dəyişdirilmişdi.
Lakin çox
keçmədən cinayətkar Şuşa
əməliyyatının təşkilatçılarından
biri olmuş, hətta
sonralar qondarma
"Dağlıq Qarabağ
Respublikası"nın müdafiə naziri
olmuşdur.
Ermənistan dövlətinin simasında
ASALA Ramil Səfərovu, Azərbaycan və türk diplomatlarını
qətlə yetirəcəyini bəyan edir. Görünən
odur ki, bəşəriyyətə meydan oxuyan terrorizm
müasir qloballaşma şəraitində yenidən baş
qaldırır. Müasir dünya özünün
bütün müxtəlifliyi və ziddiyyətləri ilə
yanaşı, bir sıra ümumi problem və məsələlərlə
rastlaşır ki, onların da həlli yalnız dövlətlərin
əməkdaşlığı sayəsində
mümkündür. Azərbaycan da bu əməkdaşlıqdan
və beynəlxalq hüquq əsasında dövlət
suverenliyinə əsaslanan müstəqil hüququndan istifadə
edərək vətəndaşını əfv edib. Nədənsə,
bunu nə Ermənistan, nə də dünya birliyi həzm edə
bilir. Dünyanın heç bir dövləti ASALA-nın bəyanatına
münasibət bildirməyib. Azərbaycan bu gün elə bir
güclü dövlətdir ki, ASALA qaniçənlərinin
qarşısını almaq iqtidarındadır. Ölkə
Prezidenti çıxışlarında da
açıq-aşkar bəyan edir ki, Azərbaycan
özünü qorumaq iqtidarındadır, hər bir terrora
layiqli cavab verməyə hazırdır.
Rəsmiyyə RZALI
Azərbaycan.-2012.-
16 sentyabr.- S. 3.