Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun açılışı ilə «Bilik Günü» təntənəli şəkildə qeyd olunmuşdur

 

Sentyabrın 15-də Naxçıvan Dövlət Universitetinin yeni tədris korpusunun açılışı olmuşdur.

Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Bilik Günü" münasibətilə ali və orta ixtisas təhsili məktəblərinin tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, ümumtəhsil məktəblərinin, peşə təhsili və peşə liseylərinin şagirdlərini, valideynləri və təhsil işçilərini təbrik etmiş, onlara yeni dərs ilində uğurlar arzulamışdır.

Ali Məclisin Sədri demişdir: "Hər bir ölkənin və xalqın həyatında təhsilin xüsusi yeri var. Ölkələrin və cəmiyyətlərin tarixinə nəzər salsaq, görərik ki, hər bir inkişafın kökündə təhsil dayanır.

Azərbaycan təhsilinin əsl inkişaf dövrü ötən əsrin 70-ci illərindən başlanır. Bu dövrdə ölkə rəhbəri seçilmiş ulu öndər Heydər Əliyevin himayəsi ilə təhsil sistemi tamamilə yenidən qurulmuş, sözün geniş mənasında, yeni Azərbaycan məktəbi yaranmışdır. Ötən əsrin 70-80-ci illərində gənc kadrların hazırlanması, məktəb şəbəkəsinin genişləndirilməsi sahəsində görülən işləri Azərbaycan naminə taleyüklü tədbirlər kimi dəyərləndirən ümummilli liderimiz deyirdi: "Bu təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Əgər bunlar olmasaydı, Azərbaycan iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, Azərbaycan elmi inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi müstəqil dövlət kimi Azərbaycanı idarə edə bilməzdik".

"Ölkəmizdə Heydər Əliyev yolunun, ümummilli liderimiz tərəfindən müəyyənləşdirilən təhsil strategiyasının uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan təhsili milli maraqlara və ölkənin gələcək strateji məqsədlərinə yönəldilmiş, təhsilin yeni keyfiyyət mərhələsi təmin olunmuşdur", - deyən Ali Məclisin Sədri bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi potensialın insan kapitalı potensialına çevrilməsi ilə bağlı müəyyənləşdirdiyi vəzifələrin icrası milli təhsildə köklü islahatlara yol açmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət Naxçıvan Muxtar Respublikasında da öz bəhrəsini verməkdədir. Muxtar respublikada təhsilin məzmunca yaxşılaşdırılması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən ardıcıl iş nəticəsində son 16 ildə 177 məktəb binası, elm, ali və orta ixtisas təhsili müəssisələri üçün 30-a yaxın tədris korpusu və obyektləri, 60-dan artıq məktəbəqədər, məktəbdənkənar müəssisə, uşaq bağçası və musiqi məktəbi tikilərək və ya müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib. Təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, ali məktəblərə qəbulun nəticələri də yüksələn xətlə artmışdır. Son 8 ildə tam orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 10 min 539 nəfəri ali məktəblərə qəbul olunmuşdur ki, onların da 1676-sı və ya 16 faizi 500-700 arasında bal toplamışdır. Yüksək bal toplayan abituriyentlərdən 38-i Prezident təqaüdünə layiq görülmüşdür".

Ali Məclisin Sədri yaranmış ənənəyə uyğun olaraq hər il "Bilik Günü"nün muxtar respublikada yeni təhsil ocaqlarının açılışı ilə qeyd edildiyini bildirərək demişdir: "Builki bilik bayramında Naxçıvan Dövlət Universitetinin müasir tələblər səviyyəsində inşa olunmuş və yüksək tədris şəraiti yaradılmış yeni tədris korpusunun açılışı keçirilir. Bu gün həm də ona görə əlamətdardır ki, 45 il bundan əvvəl - 1967-ci ilin sentyabr ayında Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialı fəaliyyətə başlamış, 40 il bundan əvvəl - 1972-ci ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə həmin filial müstəqil instituta çevrilmiş, 20 il bundan əvvəl - 1992-ci ildə isə institut universitetə çevrilmişdir".

Naxçıvan Dövlət Universitetinin əlamətdar günləri və yeni tədris korpusunun istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, universitetin professor-müəllim və tələbə kollektivini təbrik edən Ali Məclisin Sədri demişdir: "Özünün yeni inkişaf mərhələsini yaşayan Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik olan muxtar respublikamızda yüksək ixtisaslı kadrların yetişdirilməsində, elmi mühitin formalaşdırılmasında mühüm rola malikdir. 1967-ci ildə 3 müəllim və 103 tələbə ilə fəaliyyətə başlayan ali təhsil ocağında hazırda 376 müəllim çalışır, 5000-dən yuxarı tələbə təhsil alır. Universitetin maddi-texniki bazası gücləndirilir, tədrisin səviyyəsi yüksəldilir. Bunun nəticəsidir ki, ali məktəblərə qəbul imtahanlarında bu universiteti seçən abituriyentlərin sayı da ilbəil artır. Yeni tədris ilində respublikanın ümumtəhsil məktəblərinin məzunlarından 954-ü, ondan muxtar respublika üzrə 842-si, 500-700 arasında bal toplayan tələbələrdən isə 142-si, ondan muxtar respublika üzrə 116-sı Naxçıvan Dövlət Universitetini seçmişdir".

Universitetin biologiya müəllimliyi ixtisası üzrə birinci kurs tələbəsi, yüksək balla ali məktəbə qəbul olunan Qızıllı Süleymanova tələbələr adından çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında gənclərə göstərilən qayğı təhsil sahəsində daha aydın görünür. Müasir avadanlıqlarla təchiz edilmiş, yüksək şəraiti olan binanın istifadəyə verilməsi tələbələrə göstərilən dövlət qayğısının daha bir nümunəsidir.

Ali Məclisin Sədri ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayaraq Naxçıvan Dövlət Universitetinə daxil olmuş 15 tələbəyə və 10 müəllimə kompyuter hədiyyə etmişdir.

Universitetin rektoru, akademik İsa Həbibbəyli demişdir ki, son 16 ildə muxtar respublikada ali təhsilin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü işlər öz bəhrəsini vermiş, hər cür şəraitə və infrastruktura malik olan universitet şəhərciyi yaradılmışdır. Bu gün istifadəyə verilən yeni tədris korpusu da universitetdə aparılan quruculuq işlərinin davamıdır. Rektor yaradılan şəraitə və göstərilən qayğıya görə universitet kollektivi adından minnətdarlıq etmiş, bundan sonra da yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində səylərini əsirgəməyəcəklərini bildirmişdir.

Sonra Ali Məclisin Sədri yeni tədris korpusunun rəmzi açılışını bildirən lenti kəsmişdir.

Nadir memarlıq həlli ilə diqqəti cəlb edən yeni bina yüksək tədris şəraiti və müasir quruluşu ilə fərqlənir. Klassik və müasir dizayn elementləri ilə seçilən binada qədim və müasir Azərbaycan memarlıq ənənələri naxçıvanlı memarlar tərəfindən peşəkarlıqla uzlaşdırılmışdır. Yeni tədris korpusu klassik görkəmi ilə yanaşı, müasir dəbin ahəngini də özündə təcəssüm etdirir.

Məlumat verilmişdir ki, binanın yenidən qurulmasına ötən il başlanılmışdır. Yenidənqurma işləri zamanı binaya bitişik əlavə 2 korpus tikilmiş və bir mərtəbə artırılmışdır. Hazırda 5 mərtəbəli yeni tədris korpusunda 64 tədris auditoriyası və mühazirə zalı, o cümlədən 12 tədris-metodiki laboratoriya, 2 kompyuter sinfi, 2 dekanlıq, 8 kafedra və 100 yerlik konfrans salonu vardır. Bina iki hissədən ibarətdir. Bir hissədə təbiətşünaslıq və kənd təsərrüfatı, digər hissədə isə pedaqoji fakültə yerləşir.

Müasir interyeri ilə diqqəti cəlb edən geniş auditoriyalarda, açıq dərs və mühazirə zallarında yüksək tədris şəraiti yaradılmış, proyektorlar və 7 elektron lövhə quraşdırılmışdır. Bildirilmişdir ki, bu gün tədrisin müxtəlif sahələrində elektron lövhələrdən geniş istifadə edilir. Hazırda universitetdə 45 müasir elektron lövhədən istifadə olunur. Bu lövhələr tədris prosesini rahatlaşdırır və məlumatların ətraflı, aydın şəkildə ötürülməsini təmin edir.

Qeyd olunmuşdur ki, universitetdə informasiya-kommunikasiya texnologiyalarından istifadəyə xüsusi fikir verilir. Ona görə də binada tədris prosesinin səmərəli təşkili məqsədilə müasir tipli kompyuter sinifləri yaradılmış, ümumilikdə 25 kompyuter dəsti quraşdırılmışdır. Kompyuterlərin hər biri internet şəbəkəsinə qoşulmuş, lokal informasiya mübadilə şəbəkəsi yaradılmış, hər bir kompyuter müasir əməliyyat sistemi və proqram təminatı ilə təchiz edilmişdir. Bu siniflərdə müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr kompyuterlərin texniki və proqram təminatını öyrənə biləcəklər.

Ali Məclisin Sədri akademik Yusif Məmmədəliyev adına elmi tədqiqat kimya laboratoriyasında və digər tədris-metodiki laboratoriyalarda yaradılan şəraitlə tanış olmuşdur.

Yeni tədris korpusunda botanika, zoologiya, coğrafiya, anatomiya və məktəb tarixi kabinələri yaradılmışdır.

Binada bədən tərbiyəsi ixtisası üzrə təhsil alacaq tələbələr üçün müasir tədris şəraiti yaradılmış, yeni idman zalı, ağırlıqqaldırma, tennis və şahmat otaqları istifadəyə verilmişdir. Bildirilmişdir ki, müasir qurğularla təmin edilmiş idman zalında basketbol, voleybol, mini futbol və digər idman növləri ilə məşğul olmaq üçün lazımi şərait vardır.

Tədris korpusunda yeni qazanxana yaradılmış, istilik sistemləri quraşdırılmış, binanın həyətində abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

Mükəmməl arxitektura quruluşu ilə seçilən bu korpusun istifadəyə verilməsi ilə universitet şəhərciyinin müasir görkəminə daha bir möhtəşəm memarlıq elementi əlavə olunmuşdur.

Binaya baxışdan sonra Ali Məclisin Sədrinə universitet şəhərciyində növbəti mərhələdə həyata keçirilməsi nəzərdə tutulan quruculuq işləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, qarşıdakı illərdə universitetin tibb fakültəsi üçün müasir xəstəxana və baytarlıq ixtisası üçün tədris binası istifadəyə veriləcəkdir.

Ali Məclisin Sədri obyektlərin layihəsinə baxmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2012.- 16 sentyabr.- S. 4.