Müasir dünyada ölkənin inkişafı üçün təhsilin rolu əvəzsizdir

 

  "Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar. Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir.

Müasir texnikanı, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq lazımdır. Şübhəsiz ki, bütün bunlar ali təhsil səviyyəsində olacaqdır. Ancaq bunların əsası orta təhsil illərində qoyulmalıdır. Yəni, gənclərin bu istiqamətdə təhsilin artırılmasının təməli qoyulmalıdır. Bunu iqtisadiyyatımızın bu günü və gələcəyi tələb edir".

Bu sözlər bəşəriyyətin ən nüfuzludahi şəxsiyyətlərindən biri, müdrik, uzaqgörən rəhbər Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevə məxsusdur. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə təhsil sahəsinin böyük himayədarı olan ulu öndər Azərbaycanın milli-mənəvi dəyərlərini qorumaqla daim elm və təhsilin inkişaf və tərəqqisinə nail olmaq üçün düşünülmüş siyasət yürütmüşdür. İstər Azərbaycana sovetlər birliyi dövründə, istərsə də müstəqillik illərində rəhbərliyində ümummilli lider təhsilə həmişə diqqət yetirmiş, təhsilin milli tərəqqimizin güclü amilinə çevrilməsi üçün əlindən gələn hər şeyi etmişdir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsil sahəsində böyük islahatlar aparmış, dövlət proqramları təsdiqlənərək icra edilmişdir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 2003-cü ildən bu günə kimi təhsil sistemini daim diqqət mərkəzində saxlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli quruculuq sahəsində dahi lider Heydər Əliyevin işləyib hazırladığı strateji xətti uğurla davam etdirir, Azərbaycanın davamlı və sabit inkişafına yönəlmiş proqram və layihələrin həyata keçirilməsini təmin edir. Azərbaycanda təhsil dövlət başçısının daim himayəsi altındadır. Müstəqil Azərbaycanın çiçəklənməsinin, inkişaf etməsinin təhsillə birbaşa bağlı olduğunu vurğulayan Prezident İlham Əliyev bu inamını artıq aforizmə çevrilmiş aşağıdakı sözlərlə ifadə etmişdir: "Biz çalışmalıyıq ki, Azərbaycanın iqtisadi kapitalı insan kapitalına çevrilsin". Bu gün bu sözlər respublikamızda təhsil işçilərinin fəaliyyətlərində rəhbər müddəaya, prinsipə çevrilmişdir. Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşımaqdadır. Təhsil sistemində islahatların aparılması, istedadlı gənclərimizin dünyada ən məşhur ali təhsil müəssisələrinə göndərilməsi, tədrisdə ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əməkhaqlarının müntəzəm olaraq artırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi birbaşa olaraq Prezident İlham Əliyevin qayğısının nəticəsidir.

Təhsil sahəsində həyata keçirilən layihə və proqramılar xüsusi uğurları ilə seçilir. Böyük sevgi və səylə gerçəkləşdirilən bu layihə və proqramlar Azərbaycan cəmiyyətində böyük rəğbət və ehtiramla qarşılanmışdır. Orta təhsilin problemlərini nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb binalarının tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmir və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər xüsusilə təqdirəlayiqdir. Ulu öndərin adını daşıyan fondun ümummilli mənafelərə hesablanmış bu tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırır.

Həyata keçirilən proqram və layihələrin təhlili göstərir ki, Heydər  Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırılmasıdır. Təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Həmin reallıqlardan çıxış edən fond, ilk növbədə, yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl aparır.

Fondun başlatdığı "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində xeyli iş görülmüşdür. Aparılan monitorinqlərin nəticəsi olaraq ölkənin bütün regionlarında yerləşən uşaq tərbiyə müəssisələrində problemlərin  həllinə yönələn dörd əsas istiqamət - texniki dəstək, təhsil, səhiyyə və ictimai fəallıq prioritet təşkil etmişdir. Bu müəssisələrin böyük əksəriyyətinin məhz təmirə, yenidənqurmaya və texniki təchizata daha çox ehtiyacı olduğu müəyyənləşdirilmişdir. Respublikada xeyli uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, əlavə yardımçı binalar inşa olunmuş, yaşayış üçün rahat kommunal şərait yaradılmış və təzə avadanlıqla komplektləşdirilmişdir. Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı əsasən təhsilin səviyyəsinə birbaşa təsir edən problemlərin həllinə - maddi bazanın  yaxşılaşdırılmasına, tədrisin səviyyəsinin yüksəldilməsinə imkan verən məktəb binalarının inşasına istiqamətlənmişdir.

"Təhsilə  dəstək" layihəsi məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulmasını əhatə etməkdədir. Layihə çərçivəsində paytaxtda və regionlarda uşaq bağçaları əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilmişdir. Daimi yaşayış yerlərini tərk etmiş, aztəminatlı ailələrdən minlərlə uşağa məktəb ləvazimatları  hədiyyə verilmişdir. Gürcüstanda və Moskvada azərbaycanlıların təhsil aldığı məktəblərə kompyuter dəstləri, məktəb ləvazimatları və digər avadanlıqlar hədiyyə edilmişdir. Məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə əyani vəsaitlər hazırlanmış, laboratoriya-təcrübə ləvazimatları alınaraq tədris müəssisələrinə verilmişdir. Pakistan İslam Respublikasının zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində fondun maliyyə dəstəyi hesabına müasir tələblərə cavab verən ümumtəhsil məktəbinin tikintisi həyata keçirilmişdir .

Ümummilli liderin ölməz ideyalarının layiqli daşıyıcısına çevrilmiş fond vətəndaşların istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir. İnsanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin əxlaqi-mənəvi dəyərlərin möhkəmlənməsinə çalışır. Bu xeyirxah missiya köməksizə əl tutmaq, çarəsizdə ümid yaratmaq, bir sözlə, insanlara səmimi diqqət və qayğı istəyindən qaynaqlanır. Şəxsiyyətə hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını özünün həyat kredosuna çevirmiş Heydər Əliyev Fondunun prezidenti xalqımızın milli varlığını özündə yaşadan zəngin mənəvi, elmi-intellektual və mədəni mülkiyyəti qloballaşma dövrünün mənfi təzahürlərindən hifz etmək üçün genişmiqyaslı işlər görmüşdür. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elm və təhsilin səviyyəsinin yüksəldilməsi yönümündə həyata keçirdiyi qlobal layihələr onun fəal vətəndaşlıq  mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür.

Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük missiya Prezident  İlham Əliyevin yürütdüyü siyasi xətti uğurla tamamlayır. Azərbaycanın birinci xanımı öz həyat prinsipləri, fəaliyyəti ilə ümumxalq sevgisinə layiq olduğunu sübut etmişdir.

 

 

Leyla ABDULLAYEVA,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2012.- 16 sentyabr.- S. 5.