Uydurulmuş cinayətin amansız cəzası
XX əsrin 50-ci illərinin ikinci
yarısında sovet hökuməti vaxtilə, Stalin
repressiyası dövründə saxta ittihamlar əsasında
sürgünlərə göndərilmiş, işgəncələrə
məruz qalmış, amansızcasına güllələnmiş
yüzlərlə insana bəraət verdi. Bu addım tarix və
yeni nəsillər qarşısında həmin adamların
günahsızlığını, vicdanının
paklığını, şəxsiyyətlərinin
bütövlüyünü göstərdi. Amma nə
yazıqlar ki, onların özlərini həyata qaytarmaq, həmin
insanların şəxsində xalqın itirdiklərini bərpa
etmək artıq mümkün deyildi. Söhbət ötən
əsrin 30-cu illərində ittifaq rəhbərinin əlaltılarının
(onların arasında mənfur qonşularımızın
nümayəndələri ön sırada idi) cəllad
qılıncı ilə həyatına son qoyulmuş layiqli, ləyaqətli
Azərbaycan oğullarından gedir.
1950-ci illərdə
verilən bəraət sənədlərindəki ifadələrlə
desək, "haqqında qaldırılan iş uydurma", cəzası
"tamamilə əsassız olmuş" görkəmli Azərbaycan
ziyalılarından biri də Məmməd İsmayıl
oğlu Cuvarlinski idi.
M.Cuvarlinski
öz əməyi sayəsində ucalan, həyatın
enişli-yoxuşlu yollarında öz gücü ilə irəliləyən,
xalqına bacardığı qədər fayda verməyi
xoşbəxtlik sayan işıqlı bir şəxsiyyət
idi. Hələ cavan ikən bir sıra məsul vəzifələrə
irəli çəkilmişdi. 35 yaşında
"qırmızı terror"çuların gülləsinin
qurbanı olana qədər raykom katibi, nazir müavini, nazir
kürsülərində oturmuş, auditoriyalarda mühazirələr
oxumuş, sayılmış, seçilmiş, nüfuz və
söhrət qazanmışdı. Bu insan xarakterindəki bir
xüsusiyyətlə daha çox fərqlənirdi: yalana,
riyakarlığa qarşı barışmaz idi.
"Düzü düz, əyrini əyri" dediyi
üçün yaşadığı zamanın bəlalarına
tuş gəlmişdi. Başqa sözlə, Cuvarlinskinin yeganə
"səhv"i bu olmuşdu ki, Mircəfər
Bağırovu tənqid etmişdi.
O dövrdə belə bir hərəkət etmək
üçün böyük cəsarət, risk, sarsılmaz
iradə gərək idi!
Zaman keçib,
illər ötəndən, sular durulandan sonra, yəni 1955-ci il
iyunun 17-də SSRİ Ali Məhkəməsi Hərbi
Kollegiyasına Məmməd İsmayıl oğlu Cuvarlinskinin
işi üzrə verilən hökmün dəyişdirilməsi
barədə qərar təqdim edilmişdir. Qərarda deyilirdi
ki, M.Cuvarlinskinin həbsi tamamilə əsassız olmuş,
onun haqqında qaldırılan iş uydurma materiallardan düzəldilmişdir.
Həmil il
avqustun 3-də kollegiya 1937-ci il oktyabrın 12-də verilmiş
hökmü ləğv etmiş və cinayət tərkibi
olmadığı üçün iş xətm olunmuşdu.
Əslində
Cuvarlinski kim idi və hansı günahına görə təqsirləndirilirdi?
Məmməd
İsmayıl oğlu Cuvarlinski 1902-ci ildə Qaryagin qəzasının
(indiki Füzuli rayonunun) Cuvarlı kəndində kasıb bir
ailədə doğulmuşdu. 1911-ci ildə ikisinifli kənd məktəbinə
getmiş, lakin maddi çətinliklər onun tam təhsil
almasına imkan verməmişdi. Atası kimi fərdi təsərrüfatda
çalışmağa, ailənin
dolanışığına kömək etməyə məcbur
olmuşdu. Bununla belə, oxumağa, savadlı, elmli olmağa
marağı onu bir an belə tərk etmirdi. Odur ki, 1916-cı
ildə Gəncə əmək məktəbinə daxil olur.
Lakin burada da peşə qazanmaq arzusu boşa
çıxır. Bir müddət əvvəlcə şəhər
idarəsində, sonra isə quberniya komissarlığında
gözətçi işləyir. Həyat bu yeniyetməni hər
addımbaşı sınağa çəkir, lakin onun təhsil
almaq həvəsini öldürə bilmirdi.
Gəncədə
yaşadığı illərdə Guvarlinski
sosial-demokratların bolşevik fraksiyasına meyil edir.
İnqilabi təbliğat və təşviqatla məşğul
olmağa başlayır. Əhali arasında intibahnamələr
yayır, partiyanın tapşırıqlarını
böyük məsuliyyətlə yerinə yetirir. Getdikcə
bolşeviklərin ideyalarına daha yaxından bələd
olur, bu istiqamətdə dünyagörüşünü
günbəgün genişləndirir.
Rusiyada oktyabr
çevrilişinin baş verməsi, Bakıda cərəyan
edən hadisələr Məmmədin ictimai şüuruna,
onun siyasi cəhətdən formalaşmasına güclü təsir
göstərir. O zaman Gəncənin yerli hökuməti
Cuvarlinskinin bolşeviklərdən olması barədə xəbəri
eşidən kimi onu işdən azad edir. Beləliklə,
doqquz aya yaxın fəhləlik etdikdən sonra öz kəndinə
qayıdır. Qəzanın kəndlərində təbliğat
apararaq insanları sovetlərin qurulmaqda olan hökuməti
uğrunda mübarizəyə səsləyir.
Azərbaycanda
sovet hakimiyyətinin ilk dövrlərindən özünü
fəal komsomol təşkilatçısı kimi göstərdiyinə
görə tezliklə, 1920-ci ilin sentyabrında Cuvarlinskini
bolşevik partiyasının sıralarına qəbul edirlər.
Partiya bileti, bir növ, onun vəzifə pilləsi ilə irəliləməsində
vəsiqə rolunu oynayır. M.Cuvarlinskini Qəza İnqilab
Komitəsinin təlimatçısı təyin edirlər. Cəmi
bir ildən sonra isə o, Azərbaycan Kommunist (bolşeviklər)
Partiyası Mərkəzi Komitəsinin sovet partiya məktəbinə
göndərilir. Oranı da bitirdikdən sonra Cuvarlinskiyə
Azərbaycan K(b)P Qaryagin Qəza İnqilab Komitəsinin təbliğat-təşviqat
şöbəsinə rəhbərlik etmək
tapşırılır.
Bir müddətdən
sonra o, Moskvada ÜİK(b)P MK yanındakı partiya
işçiləri hazırlayan kursa oxumağa göndərilir,
eyni zamanda pedaqoji texnikumu bitirir. Sonra həyat yolları onu
yenidən Gəncəyə gətirir. Beləliklə,
1926-1929-cu illərdə əvvəlcə Gəncədə,
sonra da Qubada dairə komitəsində təşkilat
şöbəsinin müdiri olur. 1930-cu ildə isə Azərbaycan
Maarif İşçiləri Həmkarlar İttifaqı Mərkəzi
Komitəsinin məsul katibi vəzifəsində işləyir.
Bu zaman gənc
partiya işçisinin vəzifələri tez-tez dəyişirdi.
Heç nəyə baxmayaraq, o, hər vəzifədə
etimadı doğrulda və işi irəliyə apara bilirdi.
Ötən əsrin 30-cu illərinin əvvəllərindən
ona tapşırılan vəzifələr yenə də
bir-birinin ardınca yuxarıya doğru dəyişməyə
başladı. Sabirabad Rayon Partiya Komitəsinin katibi, Dövlət
Plan Komitəsinin bölmə rəisi, Azərbaycan K(b)P
MK-nın sovet ticarəti şöbəsi müdirinin
müavini kimi məsul vəzifələrdə
çalışdı.
Həmin
dövrdə Cuvarlinski ali məktəb müəllimi kimi də
fəaliyyətə başlayır. 1932-1934-cü illərdə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Sosialist təsərrüfatı
nəzəriyyəsi kafedrasına rəhbərlik edir,
auditoriyalarda isə sosialist təsərrüfatı və
partiya quruculuğu məsələlərindən dərs
deyir. 1933-cü ildə artıq ona dosent elmi adı verilir.
M.Cuvarlinski Azərbaycanda
maarifin inkişafı naminə çox işlər
görüb. Hələ xalq maarifi komissarının
müavini olanda Gəncədə Kənd Təsərrüfatı
İnstitutunun yaradılmasına böyük dəstək
verib.
1934-1935-ci illərdə
Cuvarlinski Azərbaycan xalq maarifi komissarı vəzifəsində
çalışır. Bu, respublikada təhsilin yeni inkişaf
mərhələsinə qədəm qoyduğu, sahənin bir
çox problemlərinin nisbətən öz həllini
tapdığı illər idi. Cuvarlinski var qüvvəsi ilə
çalışaraq bütün məsələlərə
diqqət yetirməyə, heç nəyi yaddan
çıxarmamağa, işə kompleks halında
yanaşmağa nail olurdu. Ümumtəhsil məktəbləri
şəbəkəsinin yaradılması, yüksək səviyyəli
pedaqoji kadrların hazırlanması xüsusi önəm
daşıyırdı. Xatırladaq ki, bu dövrdə o, həm
də paralel olaraq pedaqoji institutda
çalışırdı, kafedra müdiri idi.
Məhz 30-cu illərdə
icbari ibtidai təhsilə keçid uğurla sona
çatdı. Ümumi icbari yeddiillik təhsilə keçid
başlandı, savadsızlığın kütləvi ləğvi
sahəsində uğurlar qazanıldı. Lakin bununla belə,
təhsilə siyasi nəzarət, onun məzmununun siyasi
ideologiyaya tabe etdirilməsi hələ də hökm
sürürdü.
Sərt və
ciddi qanunların tətbiqi ilə səciyyəvi olan 30-cu illərdə
məktəblə bağlı qəbul olunmuş qərarlar,
sinfi mübarizənin gücləndirilməsi haqqında Stalin
ideyası yeni, arzuolunmaz istiqamətin formalaşmasına səbəb
olurdu. Bunlar "təkcə siyasi sənəd deyil, pedaqoji prosesə partiyalı rəhbərliyi
təmin edən metodoloji proqram idi" (F.Rüstəmov, "Azərbaycanda
pedaqogika elminin inkişaf yolları (1920-1991)" Bakı,
2003). Bu dövrdə işləmək də çətin
idi. Repressiya dalğası, ifşaedici yığıncaqlar,
pantürkist, panislamist, əksinqilabçı damğaları
hər addımda hər kəsi izləyirdi. Millətinə
bağlı nə qədər ziyalı - pedaqoq,
işıqlı təfəkkür sahibləri ölüm
maşınının qarşısına yuvarlanırdı.
Ruslaşdırma
siyasəti davam edirdi. Proqram və dərsliklər Moskvada tərtib
edilir, sonradan Azərbaycan dilinə tərcümə olunurdu.
Yalnız ana dili və ədəbiyyatı üzrə proqram və
dərsliklərin Azərbaycanda hazırlanmasına icazə
vardı. Respublikada latın qrafikasından Kirillə
keçilməsi də siyasi xarakter daşıyırdı.
1933-cü il
mayın 20-də Azərbaycan KP MK "Proqram və dərs
kitablarının ümumiləşdirilməsi
haqqında" qərar verdi. Bütün fənlər üzrə
(ana dilindən başqa) dərsliklər və proqramlar Rusiya
Xalq Maarif Komissarlığının nəzarəti
altında, onların tərtib etdikləri proqramlarla eyni
olmalı idi. Bununla belə, Azərbaycan alimləri və
pedaqoqları verilən icazələr daxilində əllərindən
gələni edirdilər. Bu işdə Cuvarlinskinin xidmətləri
xüsusi vurğulanmalıdır. Həmin dövrdə ibtidai
məktəblər üçün orijinal dərsliklərin
tərtibinə başlandı. Azərbaycanlı müəlliflər
tərəfindən sabit dərs kitabları yaradıldı.
Yuxarı siniflər
üçün dərsliklər rus dilindən olduğu kimi tərcümə
edilirdi. Yalnız müəyyən fəsillərə Azərbaycan
haqqında qısa məlumatlar əlavə olunurdu. Bu, qənaətedici
deyildi. Həmin dövrdə yazıçı Mirzə
İbrahimov böyük cəsarətlə yazırdı:
"Balalarımız Yunanıstanın, İtaliyanın,
İngiltərənin, Rusiyanın tarixini keçir, lakin
üzərində doğulduğu torpağın və
qucağında pərvəriş tapdığı xalqın
tarixindən xəbərsiz qalaraq məktəbi bitirirlər".
Əlbəttə
ki, belə ağır şəraitdə, qısa bir vaxtda
bütün tələbləri ödəyən dərsliklər
yaratmaq çətin idi. Bu işdə buraxılan səhvlər
az sonra dövlət orqanlarının tənqid obyektinə
çevrildi. SSRİ Xalq Maarif Komissarlığı və
partiyanın Mərkəzi Komitəsi "İbtidai, natamam,
orta məktəblər üçün dərs
kitablarının nəşri və satışı
haqqında" xüsusi qərar qəbul etdi. Azərbaycan
dilində dərsliklərin nəşrinə respublika rəhbərliyi
səviyyəsində nəzarət olunmağa başlandı.
Bir daha
vurğulayaq ki, Cuvarlinskinin Xalq Maarif Komissarlığında rəhbər
vəzifələrdə işlədiyi illər ən vacib qərarların
qəbul edildiyi, mühüm addımların
atıldığı, genişmiqyaslı işlərin
görüldüyü dövr idi. Onlardan yalnız bəzilərini
sadalamaqla bu tədbirlərin əhatə dairəsini aydın
təsəvvür etmək mümkündür. Məsələn,
1931-ci il yanvarın 25-27-də Azərbaycan müəllimlərinin
V (II) qurultayı keçirilir. Elə həmin il iyulun 1-də
Azərbaycan SSR Xalq Komissarlığının əmri ilə
Azərbaycan Elmi-Tədqiqat Pedaqoji İnstitutu yaradılır.
1932-ci ilin aprelində Xalq Maarif Muzeyi təşkil
olunur. Avqustda isə ÜİK(b)P MK "İbtidai və orta
məktəblərin rejim və tədris proqramları
haqqında" qərar qəbul edir.
1932-1933-cü illərdə icbari təhsilə
keçidlə bağlı respublikanın ibtidai məktəblərində
təhsil müddəti beş ildən dörd il müddətinə
müəyyənləşdirilir.
1933-cü il fevralın 12-də ibtidai və
orta məktəb dərslikləri və dərs kitabları ilə
bağlı bir gündə iki qərar qəbul edilir.
1934-cü ilin əvvəlində elmi-pedaqoji kadrların
attestasiya sistemi yaradılır. Həmin ilin may ayında isə
SSRİ-də, o cümlədən Azərbaycanda ümumtəhsil
məktəblərinin tipləri müəyyənləşdirilir.
1934-cü ildə Azərbaycan Dövlət Universiteti bərpa
olunur. "Kommunist maarifi" ("Azərbaycan müəllimi")
qəzeti nəşrə başlayır.
1935-ci ildə məktəblərdə tədris
işinin təşkili və məktəbdaxili qaydalar
xüsusi qərarda öz əksini tapır. Ali təhsil
müəssisələrinə və texnikumlara qəbul
zamanı məhdudiyyətlər aradan qaldırılır.
İcbari natamam orta təhsilə keçid başlanır.
Bütün bu qərarlar və
başlanğıclar çərçivəsində
görülən işlərə xalq maarif komissarı
Cuvarlinski rəhbərlik edir, müvafiq qüvvələrin həmin
işlərə səfərbər olunmasında səylə
çalışır.
Bu zaman sədaqətlə xidmət etdiyi
dövlət və partiya ona növbəti vəzifəni
tapşıraraq başqa sahədə iş verir. Nuxa (Şəki)
şəhər Partiya Komitəsinin birinci katibi olur.
Cuvarlinskinin çoxşaxəli fəaliyyətindən
danışarkən onun mətbuatla əlaqələri və əməkdaşlığı
da xüsusi vurğulanmalıdır. O, bir müddət hətta
"Partiya işçisi" jurnalının redaktoru vəzifəsində
çalışır.
Maarif, pedaqoji iş sahəsində
qazandığı təcrübəni, nəzəri və
praktiki bilikləri geniş yaymaq üçün Məmməd
müəllim tez-tez dövri mətbuatda çıxış
edirdi. O, eyni zamanda məktəb və maarif haqqında bir
kitabça və 20-yə qədər məqalənin müəllifi
idi. Mətbuat səhifələrindəki hər
çıxışı məktəb həyatının,
pedaqoji kadrların yetişdirilməsinin və s. ən aktual
problemlərinə toxunurdu. Məsələn, "Bakinski
raboçi" qəzeti 15 yanvar 1931-ci il tarixli nömrəsində
Cuvarlinskinin böyük bir məqaləsini dərc etmişdi.
Məqalə kənddə mədəni-maarif işlərinin təşkilində
və inkişafında müəllimlərin roluna həsr
olunmuşdu. Başqa sözlə, bu məqalə, bir növ,
kənd müəlliminin rolunu müəyyənləşdirən
proqram idi. Müəllif yazırdı ki, kənd müəllimi
təbliğatçıdır, mühazirəçidir,
maliyyə işçisidir, sözün geniş mənasında
kənd ictimaiyyətçisidir. Zaman da dəyişir,
quruluş da. Amma müəllim kənddə aparıcı bir
sima olaraq qalır. O, indi də kənd ziyalılarının
önündə gedərək öz sözü, nüfuzu ilə
fərqlənir. Xalq üçün, vətən
üçün layiqli övladlar, bilikli insanlar yetişdirir.
Cuvarlinskini dövrünün ziyalı,
mütərəqqi şəxsiyyətləri ilə sıx
dostluq telləri bağlayırdı. O, musiqi sənətinin
inkişafı ilə maraqlanar, bu sahənin problemlərinə
yardım edərdi. Bəstəkar Müslüm Maqomayev məktublarının
birində ona bildirirdi ki, yeni opera üzərində işləyir.
Cuvarlinski bunun cavabında sevindiyini və ona uğurlar
arzuladığını yazırdı.
Məmməd Cuvarlinski Azərbaycan Xalq
Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyli
ilə yaxın qohum idi. O, Nəsib bəyin böyük
qardaşı Həmid bəyə arxa olub onu həbsdən
qoruyanda heç bilmirdi ki, bir gün onun özü də yalan
iddialarla günahlandırılıb "xalq düşməni"
elan ediləcək.
Həmid bəy Azərbaycan və rus ədəbiyyatının
mahir bilicisi olub. Ötən əsrin 30-cu illərinin əvvəllərində
o, "Türkan" adlı bir pyes yazır və əsər
Gəncə Dram Teatrının səhnəsində
tamaşaya qoyulur. Həmid bəy antisovet təbliğatı
aparmaq bəhanəsi ilə həbs edilir. Lakin o, izahatında
yazır ki, aparın məni edam edin, mənə qarşı
irəli sürülən iddianı qəbul etmirəm. O, bir
il DTK-da saxlandıqdan sonra heç bir dəlil-sübut
tapılmadığı üçün azadlığa
buraxılır.
Həmid bəyin bacısı nəvəsi
Rafat Cuvarlinski yazır ki, "otuzuncu illərdə Kommunist
Partiyasının sıralarında yüksək vəzifələrdə
işləyən qohumu Məmməd Cuvarlinski o zaman Həmid bəyin
dadına çatır. M.Cuvarlinskiyə görə bir
müddət ona dəymirlər. 1932-ci ilin sentyabrında
Kirovabad (Gəncə) İndustrial (Sənaye) Politexnikumuna
işə düzəlir və bununla bərabər Gəncədə
15 nömrəli məktəbdə dərs deyir. Həmid bəyin
dayısı oğlu Eyyub Xanbudaqov 1937-ci il oktyabr ayının
12-dən 13-nə keçən gecə dahi şairimiz Əhməd
Cavadla bir gündə güllələnir. Həmin gün
onlarla birlikdə atamın əmisi, keçmiş xalq maarif
komissarı Məmməd Cuvarlinski şəxsən Mircəfər
Bağırovun əli ilə qətlə yetirilir".
Başqalarını dövrün bəlalarından
qoruyan Cuvarlinski özü bu fəlakətlə üz-üzə
qalırE
1937-ci il aprelin 14-də Azərbaycan SSR
XDİK DTİ-nin 4-cü şöbəsi Azərbaycan K(b)P
Nuxa şəhər Komitəsinin təzəcə işdən
çıxarılmış katibi Məmməd İsmayıl
oğlu Cuvarlinski haqqında arayış tərtib edir. Məzmunu
"xalq düşməni" elan olunanların hamısı
haqqında yazılanlara bənzəyir: "12493 nömrəli
istintaq işi üzrə ittiham olunan əksinqilabi-millətçi
təşkilatın üzvü Tixomirov öz ifadəsində
göstərmişdir ki, Məmməd Cuvarlinski Azərbaycan əksinqilabi-millətçi
mərkəzlə əlaqə saxlamışdır. Bu təşkilatın
üzvlərindən Əli Kərimov və Eminbəyli Məmməd
Cuvarlinski ilə sıx əlaqədə olduqlarını
boyunlarına almış, Azərbaycan SSR maarif komissarı və
Azərbaycan K(b)P MK aparatında işləyərkən onun əksinqilabi
fəaliyyətini etiraf etmişlər.
Yuxarıda göstərilən faktlara əsasən
Məmməd Cuvarlinskinin həbs olunub Azərbaycan SSR CM-in 72,
73-cü maddələri üzrə cinayət məsuliyyətinə
alınmasını zəruri hesab edirik".
M.Cuvarlinskinin həbsi haqqında akt
Dövlət Təhlükəsizlik İdarəsinin 4-cü
şöbəsinin rəisi Sinman tərəfindən təsdiq
olunur. Aprelin 14-də isə Azərbaycan XDİK rəisi
Sumbatov təqdim olunan ittiham haqqında qərarı
imzalayır. Bu qərar müttəhimə yalnız iyulun 18-də
çatdırılır. Çünki qərar verilən
vaxt o, artıq Moskvaya şikayətə getmişdi.
Ziya Bünyadovun "Qırmızı
terror" kitabında SSRİ XDİK DTİ-nin
dördüncü şöbəsinin rəisi Volkovun SSRİ
daxili işlər komissarının müavini M.P.Frinovskiyə
(bu şəxs xidmət etdiyi rejimin qəzəbinə tuş
gəlmiş və 1940-cı ildə güllələnmişdir)
göndərdiyi məktubun məzmunu göstərilir. Məktubda
deyilir: "Bu il iyunun 24-də Azərbaycan K(b)P MK-nın katibi
yoldaş Bağırov SSRİ XDİK-ə xəbər
vermişdir ki, Bakıda antisovet-trotskiçi təşkilatın
fəal üzvü kimi ifşa olunmuş Cuvarlinski istintaq
orqanları tərəfindən axtarılır. Əldə
olunan məlumata görə, hazırda Cuvarlinski Moskvada bu
ünvanda: Stoleşnikov döngəsi, ev 9, mənzil 20-də
yaşayır. Cuvarlinskinin həbsinə icazə verilməsini
xahiş edirik".
İyunun 25-də Frinovski məktuba "Həbs
edilsin" dərkənarını qoyur.
M.Cuvarlinskini Moskvada iyunun 25-də həbs
edirlər. Onun həbsinə 2569 nömrəli order isə iki
gün sonra verilir. Axtarış zamanı ondan Baş Dövlət
Təhlükəsizlik İdarəsinə verilmək
üçün Q.M.Malenkovun (ÜİK(b)P MK-nın Siyasi
Bürosunun üzvü və MK-nın rəhbər partiya
orqanları ilə iş şöbəsinin müdiri)
adına göndərilmiş məktubun, A.A.Andreyevə
(ÜİK(b)P MK-nın katibi, MK-nın Siyasi Bürosunun
üzvü), Bağırova və "Pravda" qəzeti
redaksiyasına göndərilən ərizələrin - 28 səhifəlik
beş ərizənin qəbzi
götürülmüşdür. Ertəsi gün SSRİ
XDİK Baş DTİ-nin 4-cü şöbəsinin bölmə
rəisi İ.Norko tərəfindən M.Cuvarlinski dindirilir. O,
ifadələrində açıq şəkildə bildirir
ki, Azərbaycan K(b)P MK-nın rəhbərliyindən və
birinci katib M.C.Bağırovdan şikayətə gəlib. Əsas
səbəb isə respublikanın rəhbər orqanlarında
azərbaycanlıların qatı düşmənlərinin (yəqin
ermənilər nəzərdə tutulurdu) kök salması ilə
əlaqədar idi. Bundan sonra güclü təqiblər
başlandı.
İyulun 8-də Cuvarlinski xüsusi
mühafizə ilə Bakıya gətirilir və təkadamlıq
ayrıca kamerada yerləşdirilir. Məhbusun Bakıya gətirilməsi
çoxlarını sevindirir. Çünki ilk növbədə
M.C.Bağırovun əmri yerinə yetirilmiş olur. Sumbatov dərhal
Bağırovun adından Baş İstintaq Qərargahına əmr
verir ki, Cuvarlinski ilə hər cür rəftar etmək olar.
Bütün müstəntiqlər "qatı cinayətkar"a
qarşı cəzalara başlayırlar.
Və bir daha: Cuvarlinskinin
"günah"ı nə idi? Məsələnin
bütün mahiyyəti onun həbsxanadan Stalinə
yazdığı məktubda açılıb göstərilir.
Maraqlıdır ki, 1945-ci ildə arxiv sənədləri
saxlanılan yerdə yanğın baş verir, bir çox sənədlər
məhv olur. Cuvarlinskinin göy mürəkkəblə qələmə
aldığı, qəlbinin fəryadını ifadə etdiyi
və əsl həqiqəti gələcək nəsillərə
çatdıracaq məktubunu təsadüf, yaxud hansısa bir
gözəgörünməz qüvvə qoruyub saxlayır. Həmin
məktubda oxuyuruq: "1936-cı ilin dekabrında Azərbaycan
K(b)P MK-nın plenumunda respublika rəhbərliyinin yarıtmaz
işini, nöqsanlarını tənqid etmişdim. Bu
çıxışım Bağırovun qəti
narazılığına və etirazına səbəb olmuşdu.
Elə həmin vaxtdan mən açıqca təqibə məruz
qaldım.
1937-ci il martın 14-də mən Sovetlər
qurultayının partiya qrupunda çıxış edərək
Azərbaycan SSR Konstitusiyası layihəsinə bəzi düzəlişlər
etdim. O zaman Bağırov əleyhimə qalxaraq məni
qatı millətçilikdə günahlandırdı. 1937-ci
il martın 19-da Azərbaycan K(b)P MK-nın plenumu
Bağırovun təklifi ilə məni MK-nın
bürosundan, martın 20-də partiya işindən xaric etdi.
Bütün bu çirkinliyə dözməyib
Moskvaya gəldim və Malenkovun qəbuluna düşəcəyim
günü gözlədim. Onun qəbulunda 1937-ci il iyunun 27-si
və ya 28-i olmalı idim. Lakin iyunun 25-də gecə SSRİ
XDİK-in nümayəndələri mənzilimə gəlib məni
həbs etdilər. Artıq altıncı gündür ki,
Butırski həbsxanasındayam.
Budur, təmiz və namuslu bir bolşevik
olduğum halda həbsxanaya düşmüşəm. Bu, təsadüfi
deyil, Az.K(b)P MK rəhbərliyində yuva salmış
çirkin əməllərin nəticəsidir və Bağırov isə bu
yuvanın hörümçək toruna
düşmüşdür. Mən Az.K(b)P MK rəhbərliyindəki
çirkinliklərin qurbanıyam.
Yoldaş Stalin! Xahiş edirəm mənə
kömək edəsiniz, əks-təqdirdə Bağırov məni
məhv edəcək".
Bu məktubda həyəcanlı bir xəbərdarlıq
harayı hiss olunurdu. M.Cuvarlinski artıq başı
üstündə qatılaşan buludu, həyatı və
taleyi üzərində zorakılıq aktı ilə nəticələnən
irticanı görür və yenə də həqiqətə,
ədalətə güvənib "birinci adam"dan
yardım istəyirdi.
1937-ci il iyulun 15-də Cuvarlinski dindirilir. Təbii
ki, əksinqilabi-millətçi təşkilatda
iştirakını qəti surətdə rədd edir. O,
sonradan DTİ-nin 4-cü şöbəsinin rəisi Sinman və
bölmə rəisinin köməkçisi leytenant Şerin
(azərbaycanlıların qatı düşməni) tərtib
etdikləri akta qol çəkmir. Orada oxuyuruq:
"Hazırkı akt tərtib olunur ondan ötrü ki,
müttəhim Məmməd Cuvarlinski 1937-ci il iyulun 16-da
keçirilən istintaqda hökumət rəhbərlərinin
ünvanına böhtan ataraq bildirmişdir ki, Azərbaycan
K(b)P MK-nın katibi M.C.Bağırov Cuvarlinskinin əleyhinə
uydurulmuş materiallar hazırlamışdır. Azərbaycan
XDİK-in rəisi Sumbatov və DTİ-nin 4-cü şöbəsinin
rəisi Sinman bu işdə onun yaxın köməkçiləri
olmuşlar.
Müttəhim Cuvarlinski hazırkı
aktı imzalamaqdan imtina etmişdir".
Heç bir günahı olmayan Məmməd
Cuvarlinski ona qarşı əvvəlcədən
hazırlanmış uydurma faktlara inadla etirazını bildirir
və "yoldaş Stalinə" yazdığı məktubdan
xəbər gələcəyinə ümid edir. Cavabdan isə
səs-soraq yox idiE
"Günah"ını boynuna
alması üçün Məmməd Cuvarlinskiyə
olmazın işgəncələr verilir. Bunları sözlə
ifadə etmək, dilə gətirmək çox çətindir.
Amma arxiv sənədləri dindirilmələrin hansı şərtlər
altında keçdiyinə şahidlik edir.
DTİ-nin keçmiş əməkdaşı
İ.M.Krotkov (1954-cü il noyabrın 30-da alınmış
ifadə) bunu belə xatırlayırdı: "Bir dəfə
Şerin göstərişi ilə Cuvarlinskini 5-6 müstəntiq
əhatəyə alıb rezin dəyənək və
burulmuş nəm döşəkağı ilə
döyüb işgəncə verirdilər. Cuvarlinski küt
ağrılara dözməyib yıxılır, yenidən təpik
və yumruqla ayağa qaldırıb vururdular. Bütün
bunlar təhqir xarakteri daşıyırdı. Sonra isə bunu
əyləncə məqsədi ilə edirdilər. Verilən
işgəncələrin nəticəsində Cuvarlinski tam taqətdən
düşürdü, yarışüurlu vəziyyətdə
özünə heç bir hesabat vermədən istənilən
sənədə, ifadəyə qol çəkirdi. Şer,
Kolya, Musatov, Mədət Həsənov, Mustafa Mustafayev və mən
Cuvarlinskiyə olmazın işgəncələr vermişik.
1937-1938-ci illərdə kütləvi həbslər
zamanı partiya sovet orqanlarının bütün rəhbər
işçiləri, xalq komissarları və onların
müavinləri tutulurdular. Məsələn, Maarif
Komissarlığında beş xalq komissarı - Pənah
Qasımov, Məmməd Cuvarlinski, Müseyib Şahbazov, Məmmədsadıq
Əfəndiyev, Maqsud Məmmədov, habelə maarif
komissarının iki müavini repressiyaya məruz
qalmışdı".
Azərbaycan XDİK idarəsinin
keçmiş əməkdaşı S.S.Zıkovun dedikləri
də bunu təsdiqləyir: "Xoren Qriqoryanın köməkçisi
Şerin keçmiş maarif komissarı Cuvarlinskini necə
döydüyünün mən özüm şahidi
olmuşam. Bu barədə Qriqoryana danışdım, lakin
Cuvarlinskinin döyülməsi haqqında verdiyim xəbəri
Qriqoryan gülümsəməklə qarşıladıE"
Bir qayda olaraq əvvəlcə müttəhimlərdən
etiraf ifadəsi almaq üçün onları döyür,
sonra isə əksinqilabi təşkilatın digər
iştirakçılarının adlarını çəkmək
məqsədi ilə əziyyət verirdilər. Ən
axırda isə müttəhim həqiqətən düşmən
olduğu və bunu etiraf etdiyi üçün işgəncələrə
düçar olurdu. Cuvarlinskiyə qarşı da məhz bu
sınanmış üsul tətbiq edilmiş, insanlıq
anlayışına sığmayan münasibət göstərilmişdi.
Nəhayət, Cuvarlinski Bağırov və
Sumbatova "təslim məktubu" yazır. Ağrılardan
və gücsüzlükdən az qala əli qələm
tutmayan məhbus 1937-ci il iyulun 21-də müstəntiqlərin
diktəsi ilə qələmə aldığı məktubda
"etiraf edir" ki, burjua millətçiləri Ə.Qarayev,
Y.Qasımov, D.Bünyadzadə, Ə.Əmiraslanov və
başqalarının təsiri altına düşərək
əksinqilabi təşkilata daxil olub.
Daha sonra Cuvarlinski əksinqilabi təşkilata
1936-cı ilin sentyabrında Mərkəzi Komitənin mədəniyyət
şöbəsinin keçmiş müdiri Mikayıl
Hüseynov tərəfindən cəlb edildiyini yazır. Hətta
Nuxada əksinqilabi təşkilatın rəhbəri
olduğunu qeyd edir.
Demə, Məmməd Cuvarlinskinin rəhbərliyi
altında bu təşkilat rayonun kənd təsərrüfatı
sahəsində və sənayesində ziyankarlıq işi
aparmış, üsyançı kadrlar
hazırlamışdır. Cuvarlinski şəxsən
özü əksinqilabi təşkilata neçə-neçə
şəxs cəlb etmişdir.
Lakin məlumatlar müstəntiqlərə
azlıq etdiyi üçün Cuvarlinski əksinqilabi "təcrübə"sini
bir az da əvvəldən - 1935-ci ildən
topladığını, təşkilata həmin ilin
sentyabrında Ruhulla Axundov tərəfindən cəlb
olunduğunu deyir.
1937-ci il sentyabrın 7-də Şer
M.Cuvarlinskinin işi üzrə istintaqın başa
çatması haqqında protokol tərtib edir. Sentyabrın
13-də isə Sinman M.Cuvarlinskinin təqsirləndirilməsi
ilə əlaqədar ittiham qərarını yazır. O,
üç əsas cinayət üzrə
günahlandırılırdı: əvvəla, guya Cuvarlinski
silahlı üsyan yolu ilə Azərbaycanın SSRİ-dən
ayrılmasını qarşısına məqsəd qoyan,
ziyankarlıq, casusluq işi aparan, partiya və hökumət rəhbərlərinə
qarşı terror tətbiq edən əksinqilabi-millətçi
təşkilatın üzvü idi.
İkincisi, praktik inqilabi işdə fəallıq
göstərərək rayondakı əksinqilabi
üsyançı təşkilatın rəhbəri
olmuşdur.
Nəhayət, kənd təsərrüfatında
və sənayedə ziyankarlıq işi təşkil
etmiş, üsyançı kadrlar hazırlamışdır.
Beləliklə, Cuvarlinski Azərbaycan SSR
CM-in 64, 69, 70 və 73-cü maddələrində nəzərdə
tutulan cinayətlərdə təqsirləndirilirdi. "Xalq
düşməni" adı ilə damğalanan Azərbaycanın
bir çox layiqli övladları kimi, onun da taleyi 15 dəqiqədə
həll olundu. 1937-ci il oktyabrın 12-də SSRİ Ali Məhkəməsi
Hərbi Kollegiyasının səyyar sessiyası bağlı
məhkəmə iclası keçirdi və Məmməd
Cuvarlinski ən ağır cəzaya - güllələnməyə
məhkum olundu. Saat 21.30 dəqiqədə başlanan iclas
21.45-də sona çatdı.
Cuvarlinskini heç bir günahı olmadan,
heç bir cinayət işlətmədən, yalnız haqq
söz dediyinə görə məhv etdilər. 1937-ci il
oktyabrın 13-də ölüm hökmü yerinə yetirildi.
O, tək deyildi, 12493 nömrəli istintaq
işi üzrə güllələnmiş yüzlərlə
Azərbaycan ziyalısı içərisində 33-cü idi.
Özü yana-yana ətrafına
işıq saçan bir şam ömrü yaşadı
Cuvarlinski. 35 yaşında qətlə yetirildi.
Yaşasaydı, nələr etməzdi?! Bir ziyalı, müəllim,
bacarıqlı təşkilatçı, rəhbər
işçi kimi Azərbaycana çox fayda verə bilərdi.
Onun işıqlı xatirəsi xalqın
yaddaşındadır. İndi hamı belə oğullara
"xalq düşməni" adı verənlərin özlərinin
xalqın düşməni olduqlarını yaxşı bilir.
İradə ƏLİYEVA
Azərbaycan.-2012.-
16 sentyabr.- S. 6.