«Ziya Bünyadov - qəhrəman kimi
döyüşdü, qəhrəman kimi yaşadı» miniatür
kitabının təqdimatı keçirilmişdir
Sentyabrın 14-də Miniatür
Kitab Muzeyində "Ziya
Bünyadov - qəhrəman kimi döyüşdü,
qəhrəman kimi yaşadı" miniatür kitabının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər
verir ki, miniatür kitab görkəmli
tarixçi və şərqşünas,
tanınmış ictimai xadim,
akademik Ziya Bünyadovun 90 illiyinə həsr olunmuşdur.
Akademik Ziya Bünyadovun
böyük şəxsiyyəti, hələ
sovet dövründə atdığı cəsarətli
addımlar haqqında geniş məlumat
verən Miniatür Kitab
Muzeyinin yaradıcısı və rəhbəri
Zərifə Salahova bildirmişdir
ki, kitabın ilk səhifələrində
akademikin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 24 noyabr tarixli sərəncamı
verilmişdir. Daha sonra burada ümummilli
lider Heydər Əliyevin akademik
Ziya Bünyadov
haqqında dəyərli fikirləri də öz
əksini tapmışdır.
Nəşrdə
əməkdar jurnalist İradə Əliyevanın
elm xadiminin ömür yoluna və
yaradıcılıq fəaliyyətinə həsr edilmiş məqaləsi yer
almışdır. Burada böyük
şəxsiyyətin həyatının ən əlamətdar,
yaddaqalan anları, hadisələri,
qızıl ulduzlu qəhrəmanın keçdiyi döyüş
yolu öz əksini
tapmışdır.
Kitabda xüsusi
vurğulanmışdır ki, akademik Ziya Bünyadovun
qələmindən çıxan 300-dən çox
elmi əsərin hər biri
onun geniş
erudisiyasını, hədsiz
işgüzarlığını və böyük
tədqiqatçılıq qabiliyyətini nümayiş
etdirir.
Nəşrdə
güclü zəkası, gözlənilməz
proqnozları, heyrətamiz fəhmi, qeyri-adi
duyumu, həssaslığı ilə
seçilən akademikin elm
təşkilatçısı, AMEA-nın vitse-prezidenti,
Milli Məclisin deputatı kimi
fəaliyyətindən də, tarix elminə
gətirdiyi yeniliklərdən də söhbət
açılmış, AMEA-nın Şərqşünaslıq
İnstitutuna rəhbərlik etdiyi dövr geniş
işıqlandırılmış, bu elm məbədinin inkişafında, mütəxəssislərin
yetişməsində müstəsna xidmətləri xüsusi vurğulanmışdır.
Kitabda respublikada milli azadlıq hərəkatının
inkişafında, Yeni Azərbaycan
Partiyasının yaradılmasında Ziya Bünyadovun apardığı işlər barədə
də ətraflı məlumat verilmişdir.
Miniatür kitabda daha sonra akademik
Ziya Bünyadovun
avtoqrafı və imzası ilə "Nə üçün
Sumqayıt? Vəziyyətin təhlili" məqaləsi (rus dilində) verilmişdir.
Yüz nüsxə tirajla
çap olunmuş kitabda 53 ağ-qara
fotoşəkil yerləşdirilmişdir. "Kitab"
Cəmiyyətinin xətti ilə "Elm
xadimləri" seriyasından "İndiqo"
mətbəəsində yüksək poliqrafik
səviyyədə nəşr olunan 270 səhifəlik
miniatür kitab 40x45 mm formatdadır.
Təqdimat mərasimində Azərbaycan
Milli Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor
Gövhər Baxşəliyeva, əməkdar jurnalist İradə
Əliyeva və başqaları akademik Ziya Bünyadovun ictimai
və elmi fəaliyyətindən geniş
danışmışlar.
Azərbaycan.-2012.-
16 sentyabr.- S.6.