Bayatı yağmuru: dildən-dilə, eldən-elə...

 

Elmi və ədəbi ictimaiyyətin nəzər-diqqətini cəlb edənədək, yəni ağızdan-ağıza yaşadılan dövrlərdən bu günə kimi bayatılar xalqın könül sirdaşı, yol yoldaşı, yurd daşı sayılıb, qorunub və əsasən, nənələrin dilində bitib. Sevinəndə-güləndə bu hissləri bayatıya çeviriblər:

 

Bəy atıdı,

Köhləndi, bəy atıdı.

Gah hicrandı, gah murad,

Bəy atlı - bayatıdı.

 

 Bayatı Azərbaycan  ağız ədəbiyyatının lirik  qolunun geniş vüsət almış çoxçeşidli janrlarından biridir. Bu sözün bir termin olaraq "boyat" kəlməsi ilə sıx bağlılığı mənbələrdə öz təsdiqini tapıb. Mahmud Kaşğariyə görə  (Salman Mümtazın tədqiqatlarına əsasən), bayatı əvvəllər totem  adı kimi mənalandırılıb. Lakin bu söz, Dədə Qorqud boylarından məlum olduğu kimi, Gün xanın ikinci oğlu Boyatın, sonralar isə əski azərbaycanlıların soy kökündə əhəmiyyətli  rol oynamış  qəbilə, tayfa, elin adı ilə də bağlıdır. O da qeyd edilməlidir  ki, Azərbaycan bayatıları xalqımıza məxsus ən bəşəri, ülvi duyumları özündə toplayıb. İnsana məxsus gözəl keyfiyyətlər - onun mənəvi qüdrəti, həyat eşqi, dərin ruhi əzabları, kədəri, nisgili, eləcə də dostluq, sədaqət, humanizm meyilləri canlı, şairanə bir dillə - az sözlə, lakin böyük və dolğun fəlsəfi məna ilə  bayatılarda ifadə olunur:

 

 Dağ daşına,

Söykənib dağ daşına!

Bəlkə yurda qovuşam,-

Sinəmdən dağ daşına.

 

 Bayatılar ağız ədəbiyyatı nümunələri sayıldığından, onların nə zaman, kimlər tərəfindən deyildiyiyaxud yazıldığı son illərə (Xurşudbanu Natəvana, Sarı Aşığa qədər) kimi məlum olmayıb. Lakin məlum məsələdir ki, xalqın malına çevrilən hər bir bənd bayatı, ağı, holavar, bir sözlə, folklor nümunələrinin müəllifi olub. Sadəcə, yazılı ədəbiyyata qədər dildən-dilə, eldən-elə keçdiyi üçün, hər kəs onlara bir naxış vurduğundan, müəllifi "it-bata" düşüb. Bayatı ayrı-ayrı fərdlərin düşüncəsindən yaransa da, uzun illər ədəbi tədqiqat onları kollektiv yaradıcılıq məhsulu sayıb. Ədəbi tədqiqatda özünə daha çox diqqət çəkdirən bayatılar haqqında klassiklərimizin fikirləri  təkcə o dövrlər üçün deyil, bütün zamanlarda aktual olduğunu təsdiqləyir. Xalq yazıçısı Mehdi Hüseyn yazırdı: "...Bayatılar ayrı-ayrı şəxslərin yaradıcılıq məhsulu olmasaydı, bu əsərlərin fikri - fəlsəfi məzmunu və emosional təsiri də səviyyəcə müxtəlif olmazdı. Hətta müxtəlif şəkillərdə təkrar edilə-edilə zəmanəmizə qədər gələn eyni bayatını müqayisə edəcək olsaq, bunların da müxtəlif  bədii zövq sahibləri tərəfindən söyləndiyi aydınlaşar".

Dili bayatılı nənələrin ümumiləşmiş obrazı sayılan  xalq yazıçısı Əzizə  Cəfərzadə, şairlərdən Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Məmməd Aslan, xoryatlardan  tutmuş bayatılara qədər yol keçmiş bu nadir incilərin  türk dünyasında necə yayılmasını araşdıran professor Qəzənfər Paşayev, tədqiqatçı-alim İsrafil Abbasov, eləcə də digər elm və sənət xadimlərinin adıçəkilən sahədəki xidmətləri danılmazdır. İsrafil Abbasovun qənaətincə, bayatı irsinin zənginləşməsində adlı-sanlı sənətkarlar mühüm işlər görüblər. Lələ, Sarı Aşıq kimi ustadlar, "Arzu-Qənbər"  səpkili bayatılı dastanların yaradıcıları özlərini məhz bu janrla tanıtmış və şöhrətlənmişlər: "M.Fərzanə qeyd edir ki, Əmani, Əzizi, Saleh, Məcruh, Məsum, Bikəs, Salikbaşqa sənətkarların əlyazmalarında çoxlu bayatılar qorunmaqdadır".

Yeri gəlmişkən, on beşinci yüzilliyin  şairlərindən olan Xəlil ibn-Əhmədin Azərbaycan şivəsində 55 dördlükdən ibarət mani-bayatılar yazması faktı da ortadadır. Yaxud böyük ustad Məhəmməd Füzulinin dilindən çıxan  cinas qafiyəli bayatıya diqqət yetirək:

 

 Gülə naz,

Bülbül eylər gülə naz.

Girdim dost bağçasına,

Ağlayan çox, gülən az.

 

 Bu  kimi bayatılar  kərkük türkmanları arasında daha geniş yayılıb.

Ədəbi janrlardan eləsi var ki, müxtəlif xalqların dilinə keçməklə assimilyasiyaya uğrayaraq aradan çıxıb və bu günümüzədək gəlib çatmayıb. Lakin bayatı elə bir janrdır ki, o, yalnız at belində, qılınc əlində, sazı çiynində olan oğuz ərənlərinə, boyat ellərinin dili nəğməli türk gözəllərinə məxsusdur və onları özgələşdirmək mümkün deyil:

 

 Apardı Boyat məni,

Bir zülfü sayat məni.

Aparırsan sən apar,

Aparmasın yad məni.

 

 

Kərkük ellərindən qopub gələn xoryatlara diqqət yetirsək,  onların oğuz türklərinin  bayatıları ilə tamamilə eynilik təşkil etdiyini görərik. Kərküklü ananın dilində səslənən xoryatlar Azərbaycan qadını üçün şirin, doğma əzizdir:

 

 Layla derəm yatınca,

Qönçə gülə batınca.

Gözümə şiş batırram,

Sən hasilə yetincə.

 

 

Hər bir xalqın tarixində həyatında baş verənlər sonrakı nəsillərə onların yaratdıqları bədii sənət nümunələri vasitəsilə çatır. Ona görə hər bir bənd  kodlaşdırılmış, şifrələnmiş "açar"dır. Burada da görünən odur ki, bayatı-mani-xoryat xəzinəsinə malik xalqlar doğma olmuş, eyni bulaqdan su içmiş, bir qaynaqdan barınmışlar.

Bu gün bayatılar yaradılır. Şair Məmməd Aslan "Bayatı yağmuru" adlı kitabda  yazıb: "Bayatı ən kütləvi janrdır, fərdi yiyəsi oldu-olmadı, bütünlüklə əsl sahibi xalqdır! Bu miniatür biçimli bayatı janrında türk soydaşlarımız çox böyük hünərlə hisslərini, duyğularını, sevinclərini, ən dəruni arzularını xəlqi dillə yaşarı sənət səviyyəsinə qaldırır. "Yaxşı söz mənim,   sənindir; bacarıb yerində işlədənindir..." - bayatının əsl dəyəri Əli Qurban Dastançının bu misralarında çox reallıqla əks etdirilmişdir. Şifahi danışıq dilimizin hələ cinas yaratmağa imkan verən qədər ehtiyatı varmış!

 

 Yay-oxdu,

Əlimdəki yay-oxdu.

Getdim, yurdu tapmadım,

Ya köçübdü, ya yoxdu...

 

 Vətən, yurd nisgilli qələm söz sahibləri şifahi xalq ədəbiyyatının məhz eldən gəldiyini bu gün   təsdiqləyirlər.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2012.- 16 sentyabr.- S.7.