Əli ƏHMƏDOV: Erməniləri
azərbaycanlılara qarşı terror hərəkətlərinə səsləyən
Jirinovski bununla əslində erməni terrorizmini etiraf
etmişdir
Jirinovski həmin
mitinqdə özünü siyasətçi kimi deyil, xalis təhrikçi
kimi aparmışdır. Rusiya tarixində ibrətamiz təhrikçilik
nümunəsi vardır. Lakin Liberal Demokrat Partiyasının sədrinin
ənənə halını almış belə hərəkətləri,
görünür onun beynindəki ziddiyyətlə əlaqədardır.
AzərTAc xəbər verir ki, bu fikirləri
Yeni Azərbaycan Partiyasının sədr müavini - icra
katibi, Milli Məclisin deputatı Əli Əhmədov Moskvada
Ramil Səfərovun əfv edilməsinə etiraz olaraq erməni
diasporunun təşkil etdiyi mitinqdə çıxış
edən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir
Jirinovskinin erməniləri azərbaycanlılara qarşı
terror aksiyaları həyata keçirmək barədə
çağırışına münasibət bildirərkən
demişdir.
"Erməniləri azərbaycanlılara
qarşı terror hərəkətlərinə səsləyən
V.Jirinovski bununla əslində erməni terrorizmini etiraf
etmişdir" - deyən Əli Əhmədov bildirmişdir
ki, bir vaxtlar V.Jirinovski Səddam Hüseynin sarayından
çıxmırdı.
Ə.Əhmədov demişdir:
"Düşünmürəm ki, bu, Səddam Hüseynə
sevgidən irəli gəlirdi. Xeyr, sadəcə olaraq Səddamın
sarayında olanlar oradan yaxşı hədiyyələrlə
geri dönürdülər. Səddamın axırına
çıxdılar, Müəmmar Qəddafinin sarayına ayaq
açdı. Motiv eyni idi. Səddamı da, Qəddafini də
provokasiyalara çəkib məhvə apardı. V.Jirinovski
onları da silahlanmağa, terrora əl atmağa
çağırırdı. İndi erməniləri
silahlanmağa, terror əməliyyatlarına səsləyir.
Üzdə liberal-demokrat, batində provokator və
terrorçu ideoloqun - Jirinovskinin mahiyyəti budur. Ancaq mən
ermənilərə ehtiyatlı olmağı məsləhət
görərdim. Jirinovskinin dostları Səddam Hüseyn və
Mühəmmar Qəddafinin taleyini unutmasınlar. Bu provokator
siyasətçi kiminlə dostluq edib, məsləhətlər
veribsə, onun axırı yaxşı qurtarmayıb".
YAP-ın sədr müavini daha sonra qeyd
etmişdir ki, V.Jirinovski heç də ermənilərə
olan xoş münasibətindən onları
terrorçuluğa səsləmir. "Qoy bir sual versinlər,
zəngin iş adamı Ara Abramyanın mitinqdə iştirak
etməməsi nədən V.Jirinovskinin kefinə soğan
doğramışdır? Görünür, Jirinovski daha
böyük qonorar alacağına ümid edirmiş, lakin zəngin
iş adamının mitinqə qatılmaması onun istəyini
gözündə qoymuşdur. Yəqin Ara Abramyan Vladimir
Volfoviçin xasiyyətinə yaxşı bələddir.
Jirinovski ilk dəfə deyildir ki, Azərbaycana və azərbaycanlılara
qarşı hədyanalar danışır. Əlbəttə,
bunun nə Azərbaycana, nə də azərbaycanlılara
isti-soyuğu yoxdur. Lakin
bütöv bir xalqın qəzəbini və nifrətini
artıq qazanmışdır. Bu faktdır" - deyə Əli
Əhmədov bildirmişdir.
Azərbaycan.-2012.-
18 sentyabr.- S.2.