Azərbaycan-Belarus əməkdaşlığı daha da möhkəmlənir

 

 Azərbaycan-Belarus əlaqələrində hələ sovet dövründə formalaşmış ənənəvi münasibətlərin böyük rolu var. Ona görə SSRİ-nin dağılmasından sonra həm Azərbaycan, həm də Belarus qarşılıqlı işgüzar əməkdaşlığı qoruyub saxlaya bildilər. Bu səbəbdən Belarus və Azərbaycan arasında dövlətlərarası dialoqun inkişafından söz açarkən tarixi məntiqə əsaslanmaq vacibdir. Bu gün iqtisadi inkişaf tempinə görə Azərbaycan və Belarusun keçmiş postsovet məkanında lider ölkələr olduğunu nəzərə aldıqda isə onlar arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsinə maraq daha da artıb.

Son illərdə məhz dövlət başçılarının gərgin əməyinin nəticəsi olaraq Azərbaycan-Belarus əlaqələri yeni - dinamik inkişaf mərhələsinə qədəm qoymuş, qarşılıqlı münasibətlər bir çox mühüm sferaları əhatə etməyə başlamışdır. 2006-cı ilin fevral ayında Belarusun Azərbaycanda, həmin ilin avqust ayında isə Azərbaycanın Belarusda səfirliklərinin açılması isə Azərbaycan-Belarus əməkdaşlığına yeni keyfiyyət çaları gətirmişdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 2006-cı ildə Belarusa rəsmi səfəri iki ölkə arasındakı qarşılıqlı münasibətlərin inkişafına geniş meydan açdı. Bu səfərlə iki ölkə arasında olan əməkdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoydu, iqtisadi, elmi, mədəni və humanitar əməkdaşlığın, həmçinin siyasi dialoqun qurulmasında əsaslı dönüş yaratdı. Xatırladaq ki, bu, həm də hər iki ölkənin müstəqillik qazanmasından sonra Azərbaycan dövlət başçısının Belarusa ilk rəsmi səfəri idi. Minsk danışıqları qarşılıqlı münasibətlərin müxtəlif spektrləri üzrə əlaqələrin möhkəmləndirilməsi istiqamətində tərəflərin marağını nümayiş etdirdi, eyni zamanda Belarus və Azərbaycan əməkdaşlığına dinamik təkan verərək hər iki dövlətin qarşısında yeni imkanlar açdı. Səfər dolğun işgüzar şəraitdə keçdi. Dövlətlərarası münasibətlərin inkişafı yolunda bir sıra vacib qərarlar qəbul olundu. Həmçinin, işlərin konkret istiqamətləri müəyyən edildi. Səfər müddətində iki ölkə arasında imzalanmış "Kombinə edilmiş yükdaşımalar haqqında saziş", "Nəqliyyat sahəsində əməkdaşlıq haqqında memorandum", "Bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında saziş", "Təhsil sahəsində əməkdaşlıq haqqında saziş", "Kiçik sahibkarlığın inkişafı sahəsində əməkdaşlıq haqqında saziş", "Kənd təsərrüfatı sahəsində iqtisadielmi-texniki əməkdaşlıq haqqında saziş" və digər mühüm sənədlər isə mövcud münasibətlərin gələcək inkişafı baxımından vacib əhəmiyyət daşıyır. İki ölkə Prezidentinin imzaladığı "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2015-ci ilə qədər sosial-iqtisadi əməkdaşlıq haqqında müqavilə" uzunmuddətli planda əməkdaşlığın ciddi əsasına çevrilmişdir. Uzunmüddətli sosial-iqtisadi əməkdaşlıq proqramı bu müqavilənin ayrılmaz hissəsidir. İmzalanmış bütün sənədlər ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Belarus Prezidenti Aleksandr Lukaşenko 2007-ci ildə Azərbaycanda rəsmi səfərdə oldu. Həm bu səfər, həm də Belarus Prezidentinin 2010-cu ilin iyununda ölkəmizə növbəti rəsmi səfəri ikitərəfli münasibətlərə yeni impuls verdi. Bu səfərlər çərçivəsində əməkdaşlığa dair müxtəlif sazişlər, həmçinin dostluq və əməkdaşlıq haqqında müqavilə, "Azərbaycan Respublikası PrezidentininBelarus Respublikası Prezidentinin Birgə Bəyannaməsi" imzalandı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il avqustun sonunda Belarusa etdiyi rəsmi səfər göstərdi ki,  yüksək səviyyədə həyata keçirilən müntəzəm görüşlər xoş ənənəyə çevrilib və xalqlarımız arasında qardaşlıq tellərinə əsaslanan Belarus-Azərbaycan tərəfdaşlığı dövlət başçılarının dostluq münasibətləri ilə daha da möhkəmlənir. Eyni zamanda bu səfər təsdiq etdi ki, dövlət başçılarının ötən görüşlərdən keçən müddətdə ikitərəfli münasibətlər daha da genişlənərək strateji əməkdaşlıq xarakteri almışdır. Hazırda Azərbaycanla Belarus arasında bir çox qarşılıqlı maraq doğuran məsələlər üzrə uğurlu əməkdaşlıq mövcuddur. Eyni zamanda bu əməkdaşlığın daha da dərinləşdirilməsi iki ölkə arasındakı dialoqun əsas mövzusudur.

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüş zamanı Prezident İlham Əliyev bu barədə deyib: "Münasibətlərimiz çox yüksək səviyyəli dinamikliyi, konkretliyi, aydınlığı ilə fərqlənir. Ən başlıcası odur ki, qəbul edilən qərarların həyata keçirilməsi mexanizmi yüksək keyfiyyətə çatdırılıb. Razılaşdırdığımız bütün məsələlərin nəticəsini konkret işlərdə görürük. Yenimövcud istehsal sahələri inkişaf etdirilir, yeni təşəbbüslər, ideyalar irəli sürülür və qarşılıqlı əməkdaşlıq sahələri tədricən genişlənir".

Səfər zamanı Azərbaycan və Belarus arasında imzalanan lizinq fəaliyyətinin genişləndirilməsi, əlverişli hüquqi-iqtisadi şəraitin yaradılması haqqında, odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə əməkdaşlığa dair, mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında, məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında, dərman vasitələrinin keyfiyyətinə nəzarət və qeydiyyatdan keçirilməsi sahəsində əməkdaşlıq haqqında, o cümlədən Naxçıvan Şəhər İcra Hakimiyyəti və Brest Şəhər İcra Komitəsi arasında iqtisadi-ticarət və humanitar-mədəni sahələrdə əməkdaşlıq haqqında sazişlər iki ölkənin qarşılıqlı münasibətlərinin hüquqi bazasını daha da gücləndirməklə əlaqələrin növbəti mərhələdə inkişafı üçün böyük töhfə oldu.

Səfər zamanı Prezident İlham Əliyevin dostluq münasibətlərinin və strateji əməkdaşlığın qurulması və inkişafındakı mühüm şəxsi töhfələrinə görə Belarus Respublikasının yüksək dövlət ordeni - "Xalqlar dostluğu" ordeni ilə təltif edilməsi isə Azərbaycanla Belarus arasındakı münasibətlərin dostluğa, səmimiyyətə söykənməsinin əyani təcəssümü idi. İki xalq arasında dostluq və qardaşlıq tellərinə əsaslanan Belarus-Azərbaycan tərəfdaşlığı dövlət başçılarının dostluq münasibətləri ilə daha da möhkəmlənir.

Belarus-Azərbaycan əməkdaşlığının genişləndirilməsi üçün böyük imkanlar var. Həm ikitərəfli əməkdaşlıq, həm də çoxtərəfli əlaqələr çərçivəsində dövlətlərimizin potensialı çox böyükdür. Bu sırada ticari-iqtisadi əlaqələr xüsusilə diqqəti cəlb edir. Hazırda iki ölkənin qarşılıqlı ticarətində 250-yə yaxın müəssisə iştirak edir. Bu müəssisələr ticari-iqtisadi prosesə və ən başlıcası, investisiyaelmi-texniki əməkdaşlıq prosesinə cəlb edilmişdir.  Azərbaycanda "Belarus" markalı traktorlar, yük avtomobilləri, avtokranlar, MAZ markalı maşınlar, liftlər, işıq-diod texnologiyaları əsasında işləyən optik cihazlarlampalar yığılması üzrə istehsalatlar yaradılmışdır.

Azərbaycan-Belarus əməkdaşlığının uğurla inkişafının əsas səbəbi iki ölkə arasında siyasi dialoq çərçivəsində fikir ayrılığının olmamasıdır. Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri də iki ölkə arasında əlaqələrin dinamik inkişafda olduğunu təsdiq etdi. Bu səfər zamanı müzakirə olunan məsələlərin reallaşması, nəzərdə tutulan layihələrin işə düşməsi isə yaxın perspektivdə iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsinə böyük töhfələr verəcək.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2012.- 18 sentyabr.- S.2.