Hərbi əməkdaşlıq
haqqında ikitərəfli saziş
imzalanmışdır
Sentyabrın 17-də rəsmi
səfər çərçivəsində Azərbaycanın
müdafiə naziri general-polkovnik
Səfər Əbiyev və Litvanın milli
müdafiə naziri xanım Rasa Yuknyaviçene hərbi
əməkdaşlıq haqqında ikitərəfli saziş imzalamış, habelə regional təhlükəsizlik məsələlərini,
Əfqanıstanda aparılan əməliyyatları,
perspektivləri və s. müzakirə
etmişlər. 2002-ci ildən imzalanmış və yenidən
nəzərdən keçirilmiş
müqavilə hərbi hazırlıq sahəsində əməkdaşlığın
həyata keçirilməsini, iki ölkənin
ekspertləri arasında məsələlərin
standartlaşdırılmasına dair
məsləhətləşmə aparılmasını və
s. nəzərdə tutur.
Azərbaycanın
müdafiə naziri S.Əbiyev demişdir ki, Azərbaycan
Litva ilə münasibətlərə çox ciddi
yanaşır və hər iki ölkə
öz müstəqilliyini qoruyub
saxlamağa cəhd göstərir.
Görüşdə
Litvanın müdafiə naziri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması üzrə ölkəsinin
mövqeyini bildirmişdir.
Rasa Yuknyaviçene demişdir ki, status-kvo qəbuledilməzdir və
aydındır ki, münaqişənin dinc həllindən savayı başqa
bir alternativ yoxdur.
Görüşlərdə
enerji təhlükəsizliyi məsələlərinə
mühüm diqqət yetirilmişdir.
R.Yuknyaviçene qeyd etmişdir ki, hökumət
enerji müstəqilliyinə nail olmağa xüsusi səy göstərir.
Azərbaycanın
müdafiə naziri Litvaya
səfəri çərçivəsində general
Yonas Jemaytis adına Litva Hərbi Akademiyasına gedəcək, orada təhsil alan azərbaycanlı
zabitlərlə görüşəcək, həmçinin
Vilnüsdəki Enerji Təhlükəsizliyi
Mərkəzinə baş çəkəcəkdir.
Nigar HÜSEYNOVA,
AzərTAc-ın xüsusi
müxbiri
Vilnüs
Azərbaycan.-2012.-
18 sentyabr.- S.3.