«ASAN - xidmət» layihəsinin tətbiqi
vətəndaşların dövlət qurumlarının xidmətindən daha səmərəli
yararlanmasına imkan yaradacaq
Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ölkə
əhalisinə diqqət və qayğının bariz
nümunəsidir
Son illər
ölkəmizin iqtisadi gücü artdıqca, dövlət
qurumları tərəfindən göstərilən xidmətləri
vətəndaşlara daha yaxın etmək məqsədilə
yeni-yeni idarəetmə və xidmət mərkəzləri
yaradılır. Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli "Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında" fərmanı
buna bariz nümunədir.
Yaradılmış yeni qurum vasitəsi
ilə vətəndaşlara xidmətlər daha keyfiyyətli,
rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq
etməklə təmin ediləcəkdir. Bu xidmətlər
çərçivəsində vətəndaşlıq vəziyyəti
aktlarının, doğumun, ölümün, nikahın,
övladlığa götürmənin, atalığın
müəyyən edilməsinin, adın, ata adının və
soyadın dəyişdirilməsinin qeydə alınması,
şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi,
notariat fəaliyyəti, daşınmaz əmlakla bağlı əməliyyatların
qeydiyyatı, gömrük rəsmiləşdirmələri
üçün sənədlərin qəbulu və s. kimi ən
müxtəlif məsələlər yer alır. İşlərin
nümunəvi təşkili üçün agentliyin
"ASAN - xidmət" mərkəzləri
yaradılacaqdır. Yeni qurum əsasən Azərbaycanda son
dövrlərdə dövlət idarələrində
görülən işləri sistemləşdirməyə və
genişləndirməyə xidmət edəcəkdir.
Dövlət idarəçiliyində
yeni mərhələ olan bu agentliyin yaradılması
mühüm islahat kimi qiymətləndirilir. Xatırladaq ki, Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin zəruri işçi qüvvəsinin, texniki
kommunikasiya və informasiya resurslarının
formalaşmasında Ədliyyə Nazirliyi, Daxili İşlər
Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, Əmlak Məsələləri
Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi,
Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Milli Arxiv
İdarəsi, Xüsusi Dövlət Mühafizə Xidməti birgə fəaliyyət göstərəcək.
"ASAN - xidmət" mərkəzlərində
çalışacaq işçilərin təyinatı
zamanı isə bir çox zəruri keyfiyyətlər- nəzakətlilik,
məsuliyyətlilik, peşəkarlıq, ünsiyyət qurmaq
və izah etmək bacarığı
əsas amillərdən hesab olunacaq.
"ASAN - xidmət" mərkəzlərinin
yaradılması respublikada idarəetmə sistemində yeni mərhələnin
başlanğıcıdır. Bu mərkəzlərdə vətəndaşlara
ən müasir və rahat texnologiyalar əsasında vaxta və
xərclərə qənaət etməklə yüksək keyfiyyətli
xidmət göstəriləcək. Yeni xidmət sisteminin ən
mühüm cəhəti ondan ibarətdir ki, burada əhaliyə
xidmətin texniki tərəfləri ilə yanaşı, mənəvi
cəhətləri, yəni, məmur-vətəndaş
münasibətlərində nəzakətliliyə, iş
prosesinin müsbət əhval-ruhiyyədə icrasına, vətəndaşların
"ASAN - xidmət"dən xoş ovqatla ayrılmasına
xüsusi diqqət yetiriləcəkdir.
Əhali tərəfindən
böyük razılıqla qarşılanan Dövlət
Agentliyinin fəaliyyətə başlaması insanların həyatına
müəyyən dəyişikliklər gətirəcək,
onların müsbət gözləntilərini
cavablandıracaq və cəmiyyətdə vətəndaş
məmnunluğu yaradacaqdır. Əhaliyə dövlət
orqanları tərəfindən göstərilən bir
sıra xidmətlər daha operativ və keyfiyyətli olacaq,
onların ehtiyacları yüksək səviyyədə təmin
ediləcəkdir. Bununla ictimaiyyət arasında dövlət
orqanlarına etimad da artacaqdır.
Agentliyin əsas yükünü öz
üzərinə götürən
"ASAN - xidmət" mərkəzləri dövlət
orqanları tərəfindən göstərilən xidmətlərin
vahid və əlaqələndirilmiş formada həyata
keçirilməsini təmin edəcəklər. Bu, vətəndaşların
belə işlərə sərf etdikləri vaxt itkisini aradan
qaldıracaqdır. Vətəndaş mərkəzə daxil
olarkən məlumat köşkündən əldə etmək
istədiyi sənəd üçün hansı şöbəyə
və hansı sənədlərlə müraciət etməli
olduğunu öyrənəcək. Daha sonra növbəsi
çatdıqda xidmətin həyata keçirilməsi
üçün tələb edilən sənədləri təqdim
edərək əldə etmək istədiyini müəyyən
olunmuş müddətdə götürəcəkdir. Mərkəzlərdə vətəndaşların
məlumat əldə etməsini asanlaşdırmaq məqsədilə
elektron lövhələr və işarələr yerləşdiriləcək
və xidmətlər qeydiyyat yerindən asılı olmayaraq
bütün vətəndaşlar üçün həyata
keçiriləcəkdir. Mərkəzlər həftənin
bütün günlərində açıq olacaq və vətəndaşlara
fasiləsiz xidmət göstəriləcəkdir. Mərkəzlərdə vətəndaşların
gözləməsi və vaxtını səmərəli
keçirməsi üçün uşaq əyləncə mərkəzi,
internet-kafe, bank, poçt şöbələri və s.
olacaqdır. Mərkəzlərdə şəffaflığın
təmin edilməsi üçün və əməkdaşların
fəaliyyəti üzrə qiymətləndirmənin
aparılması məqsədilə bütün zəruri tədbirlər
nəzərdə tutulmuşdur.
Fərmana əsasən, "ASAN - xidmət"
mərkəzlərində vətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti,
şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş
pasportlarının verilməsi və dəyişdirilməsi,
sürücülük vəsiqələrinin dəyişdirilməsi,
məhkumluq barədə arayışların verilməsi, mənzillərin
dövlət qeydiyyatı ilə bağlı təkrar
çıxarışların və əhali arasında daha
çox "forma 1" kimi tanınan əmlakın
yüklülüyü barədə arayışların, o
cümlədən torpaq kadastrı məlumatları barədə
arayışların verilməsi, əmək
pensiyalarının təyin edilməsi, kommersiya hüquqi
şəxslərin və vergiödəyicilərinin
qeydiyyatı, hüquqi və fiziki şəxslərə arxiv
arayışlarının verilməsi kimi xidmətlər
daxildir. Buraya həmçinin gömrük bəyannamələrinin,
gömrük rəsmiləşdirilmələri
üçün sənədlərin qəbulu, Azərbaycan
Respublikasında müvəqqəti və daimi yaşamaq
üçün icazə sənədlərinin verilməsi
aiddir. Mərkəzlər həmçinin dövlət orqanlarının
göstərdikləri bütün xidmətlər üzrə
informasiya təminatını həyata keçirəcəkdir.
Xidmətlər vətəndaşın
birbaşa müraciəti əsasında, özünəxidmət
və çağırış xidməti formasında
göstəriləcəkdir. Gələcəkdə isə səyyar
xidmətlərin həyata keçirilməsi nəzərdə
tutulur. Səyyar xidmətlər vasitəsilə vətəndaşların
qanunla müəyyən edilmiş məbləğdə əlavə
haqq ödəməklə öz iş və ya
yaşayış yerini tərk etmədən xidmətlərdən
yararlanması mümkün olacaqdır. Əlillər və
sağlamlıq imkanları məhdud olan uşaqlar
üçün səyyar xidmətlər pulsuz nəzərdə
tutulubdur.
Bizim ölkə üçün yeni
olan belə bir sosial innovasiyanın respublikamızda tətbiqi
məqsədilə ən yaxşı beynəlxalq təcrübələr
öyrənilmişdir. Qaydalar isə elə tərtib
edilmişdir ki, vətəndaşlara göstərilən xidmətlər
bütün cəhətlərdən asan olsun. Bu prosesdə
Böyük Britaniya, Almaniya, Kanada, Rusiya, Avstraliya və sair
ölkələrin təcrübəsi nəzərdən
keçirilmişdir. Ölkəmizdə həyata keçirilməsinə
hazırlaşdığımız "ASAN - xidmət"
layihəsi xarici ölkələrdəkindən daha
miqyaslı və əhatəlidir və daha çox dövlət
qurumunun xidmətlərini özündə birləşdirəcəkdir.
Yeni xidmət sistemi vətəndaşların
səmərələşdirmə və qeydiyyat işlərini
sürətlə həyata keçirməsinə imkan verəcək.
Prezident Administrasiyasının Hüquq-mühafizə
orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov
KİV-ə müsahibəsində bildirib: "ASAN - xidmət",
ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində
əhaliyə münasibətdə vətəndaş məmnunluğunun
təmin edilməsinə xidmət edən yeni yanaşmanın
formalaşdırılması deməkdir: "Bu, dövlət
idarəçiliyinə özəl sektorda geniş
yayılmış "müştəri məmnunluğu"
ideyasının inkorporasiya edilməsidir və ölkədə
dövlət qulluqçusu-vətəndaş münasibətlərinin
keyfiyyətcə yeni müstəviyə keçməsinə
təkan verəcəkdir".
Təbii ki, yaradılacaq yeni sistem
dövlət orqanlarının fəaliyyətində, vətəndaşlara
göstərilən xidmətdə qanunçuluq və şəffaflığı
ən yüksək səviyyədə təmin etmək
gücündədir. Bu isə dövlətin vətəndaşlarına
göstərdiyi diqqət və qayğının daha bir bariz
nümunəsidir.
Rəhman SALMANLI
Azərbaycan.-2012.-
18 sentyabr.- S.4.