Avropa Parlamenti Ramil
Səfərov məsələsində
Azərbaycana qarşı qərəzli mövqe nümayiş
etdirmişdir
Macarıstanın
Budapeşt Məhkəməsi tərəfindən məhkum
edilmiş Ramil Səfərovun Azərbaycana verilməsi məsələsi
ilə əlaqədar "Avropa Parlamentinin Azərbaycan ilə
bağlı 2012-ci il 13 sentyabr tarixli qətnaməsi: Ramil Səfərovun
işi" adlı sənəd dərin təəssüf
hissi doğurur. Bu qərəzli sənəd mahiyyətinə
görə hüquq məkanının çərçivəsindən
kənara çıxmışdır və
bütünlüklə siyasi mülahizələrə əsaslanır.
Qətnamənin tam bir sıra müddəaları bunu əyani
şəkildə sübut edir. Məsələn, iddia olunur
ki, Azərbaycan zabitinin əfv edilməsi regionda sülh və
barışıq prosesləri üçün təhlükə
törədir, dinc təmasların gələcəkdə
mümkün ola biləcək inkişafının
qarşısını ala bilər və sair.
Lakin hamıya məlumdur ki, regionda
sülh və təhlükəsizlik üçün
başlıca təhdid mənbəyi, sabitliyin əsaslarını
sarsıdan amil Azərbaycan ərazilərinin Ermənistan
silahlı qüvvələri tərəfindən davam etməkdə
olan işğalıdır. Bu işğalın nəticəsidir
ki, əldə edilmiş atəşkəsə baxmayaraq, bu
gün də nəinki Azərbaycanın hərbi
qulluqçuları, həm də dinc əhali arasında
çoxsaylı itkilər baş verir. Regionda sülh
yaradılması üçün başlıca addım məhz
işğalın aradan qaldırılmasıdır. Gözləmək
olardı ki, Avropa İttifaqının müxtəlif strukturları
ATƏT-in Minsk qrupu ilə birlikdə məhz bu istiqamətdə
ardıcıl olaraq işləyəcəklər. Bunun əvəzinə,
Avropa Parlamenti problemin mahiyyətini təhrif edən birtərəfli,
qərəzli mövqe tutmuşdur. Bunu məsələnin
hüquqi tərəfinə aşkar etinasızlıq göstərilməsi
də sübut edir. Qəbul edilmiş qətnamədə iddia
olunur ki, R.Səfərovun əfv edilməsi "Məhkum
olunmuş şəxslərin verilməsi haqqında" Avropa
Şurasının 1983-cü il tarixli Konvensiyasının
ruhuna ziddir. Qətnamə müəlliflərinin fikrincə, həmin
Konvensiya ona görə imzalanmışdır ki, bir dövlətin
ərazisində məhkum edilmiş şəxsin cəzasının
qalan hissəsini vətəndaşı olduğu dövlətin
ərazisində çəkməsi üçün verilməsinə
imkan yaradılsın. Eyni zamanda, qətnamə müəllifləri
hər halda etiraf etməli olmuşlar ki, R.Səfərovun əfv
edilməsi adıçəkilən Konvensiyanın müddəalarına
uyğundur. Bir daha diqqəti buna yönəldirik ki, həm məhkumun
verilməsi, həm də Azərbaycan tərəfinin
bütün sonrakı hərəkətləri cinayət-hüquq
məsələlərində qarşılıqlı əməkdaşlığa
dair beynəlxalq hüquq normalarına tam müvafiq surətdə
həyata keçirilmişdir.
Bununla əlaqədar Avropa Parlamentinin
üzvlərinə təkidlə müraciət etmək istərdik
ki, R.Səfərovun Azərbaycana verilməsi məsələsində
ölçülüb-biçilmiş və obyektiv mövqe
tutsunlar, siyasi mülahizələrə əsaslanan birtərəfli
yanaşmadan əl çəksinlər. Bu, həm Azərbaycan
ilə Avropa İttifaqı arasında əməkdaşlığın
yüksək səviyyəsinə, həm də Cənubi
Qafqaz regionunda sülh və təhlükəsizlik
yaradılması mənafelərinə daha çox uyğun gələrdi.
Nizami SƏFƏROV,
hüquq elmləri
doktoru
Azərbaycan.-2012.-
18 sentyabr.- S.5.